• Bakı 25° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Rüstəm Behrudi: "Şairlər bir az tanınan kimi dəbdəbəli həyat istəyirlər" - MÜSAHİBƏ

MÜSAHİBƏ

01 May 2024 | 09:15

Rüstəm Behrudi: Şairlər bir az tanınan kimi dəbdəbəli həyat istəyirlər - MÜSAHİBƏ

O, heç nə yazmasaydı belə, bir “Salam, dar ağacı” deməyi ilə Azərbaycan ədəbiyyatında qalacaq...

Onu “Türk dünyasının sonuncu şamanı adlandırırlar”...

Ona görə titullar ədəbiyyatın göstəricisi deyil. Onun üçün böyük və ya kiçik şair anlayışı da yoxdur...

Tanınmış şair Rüstəm Behrudi Bakıvaxtı.az-ın müsahibidir.

Şairlər yazmayanda ölürlər

 - Rüstəm bəy, səhhətiniz necəsiniz?

- Pis deyiləm. Bu gün bir az yaxşıyam. İndi xəstəxanadan gəlirəm. Həkimlər ümid verir ki, xəstəliklərim sağalacaq. Sadəcə ümid verirlər....

- Yeni nələrsə yazırsınız?

- Yazıram. Şairlər yazmayanda ölürlər. Nə vaxt yazı yaza bilməsəm fikirləşirəm ki, ölüm yavaş-yavaş gəlir. Bir də insan böyük mənada unudulanda ölür. Kitablarımdan birində bu haqda yazmışdım. Biz bizi xatırlayan son adam öləndə öləcəyik. İnsan nə vaxt unudulursa, ölür.

- Bu mənada uzun müddət yaşayacağınızı demək olar…

- Bir kitabımın əvvəlində yazmışam ki, söz dayanmış zaman formasıdır. Ona görə də bütün sözlərimi əbədiyyətə hesablamışam. Təbii, bilsəm ki, öldükdən sonra yaşamayacam, Azərbaycanda məndən daha yaxşı şeir yazan var, onda yaşaya bilmərəm. İnsan hər mənada özündən arxayın olmalıdır. Yaxşı yazdığımı bilirəm. Mən adamların məni unutmağına icazə vermədim.
Təbiətimdə hər gün aldığım mükafatı təqdim etmək yoxdur. Mükafat almağa qalsa dünyanın ən böyük mükafatlarını almışam.

Məsələn, biri elə təzə gəlib. Türk Dünyasının Uluslararası Araşdırma Akademiyasının Fəxri Professoru seçilmişəm. Yəni bu, mənim işimdir. Buna görə başqalarının qarşısında öyünməyə dəyərmi?
Ancaq təbii ki, təbliğata da ehtiyac var. Mən uzun illər bununla məşğul olmadım. Yanlız şeir yazdım. Mənim missiyam yazmaqdır, qalanı mənlik deyil, başqaları eləməlidir. Rüstəm Behrudi imzasını da təsdiq etmişəm. 250 milyonluq bir xalq bu imzanı tanıyır. Türk dünyasında “Salam, dar ağacı” şeirimi əzbər bilməyən adam yoxdur. Nazim Hikmətin gözəl bir sözü var. Deyir, bal gözəl olsa, arısı uçub Bağdaddan gələr. Deməli, yaxşı yazsan səni hamı təbliğ edəcək.

Dünayada tək tanrının mövcudluğuna inananlar türklər olublar

- Dəfələrlə ölümlə üzləşmisiniz. Sizcə, ölüm o biri dünyanın varlığına inanlar, yoxsa inanmayanlar üçün daha qorxuludur?

- Dini nöqteyi-nəzərdən o dünya-bu dünya anlayışlarını qəbul etmirəm. Amma haradasa nəsə olduğuna da inanıram. İslamın və ya yaxud xristianlığın anlatdığı cənnət və cəhənnəm mənim üçün maraqlı deyil. Ancaq bir şey də var. İçində bu qədər sevgisi, nifrəti olan bir şey ölə bilməz. Onlar dinlərin anlatdığı cənnət və cəhənnəm deyil, tamam başqa şeylərdir. Bir kitab yazıram, orada onları anlatmışam. Noyabr ayına qədər onu təhvil verəcəm.

- Söhbət “Göy tanrı” kitabından gedir?

- Bəli. O kitabı bitirmək üçün gərək bütün beynimdə o olsun. Bəzən mənə “türk dünyasının sonucu şamanı” deyirlər. Mən şaman deyiləm. Şaman olmaq tamam başqa bir şeydir. O kitabda türk dünyasının inanclar sistemini və tanrını anlatmışam. Türk tanrını necə dərk edir və necə dərk etməlidir. Dünayada tək tanrının mövcudluğuna inanan adamlar türklər olublar. Qədim türk mifologiyasında belə o dünya dinlərin anlatdığı o dünya deyil. Türk mifologiyasında türk dini inanclar sistemində şamançılıq var. Şamanizm türklərin inanclar sistemidir. Hətta orada belə ağ şaman, qara şaman var. Ağ şamanlar daha işıqlı şeyləri axtarırlar. Qara şamanlar qara ruhluları. Türk düşüncəsində yerin oxu deyilən bir düşüncə forması var. Yerin altı-üstü və göyə ayrılır. Bu yaradılış oxudur. Sonradan dinlər bunu inanc olaraq inanclıqdan çıxarmış dini rituala çeviriblər. “Fırat körpüsü” adlandırıblar. Əgər türk düşüncəsində o biri dünya bu cür təsvir olunubsa, deməli, bir şeylər var. İslam bizə necə anladır, deyir kişilər cənnətdə huri mələklər görəcəklər, o zaman qadınlar nə görəcəklər? Kişiyə belə mükafat vəd edir, bəs qadınlara? Deməli, yanlış düşüncədir. Bir insanı şirnikləşdirib dini ideologiyanı onun beyninə yeritmək düzgün deyil. İslam bunu həyata keçirir. Tanrını bu cür anlatmaq doğru deyil. Həmişə düşünmüşəm Şeytan yoxdursa Allah da yoxdur. Baxın, bir dənə Allah şeytansız mövcud deyil. Dinlərdən şeytanı çıxarandan sonra bir mənası qalmır.

Bir dəfə ermənilərin yas yerinə getmişdim. Molla danışırdı. Baxdım ki, boş-boş danışır. Birdən-birə bir ifadə işlətdi. Ölən adam haqqında dedi ki, təzə otağı mübarək olsun. Bu türk düşüncəsində var. “Göy türk” kitabında da türklərin toy adətləri, dəfn mərasimləri haqqında yazmışam.

Türk düşüncəsinə görə bu dünyada heç bir şey özü üçün yaşamır. Bulud öz suyunu içə bilməz, ağac öz meyvəsini yeyə bilməz. Bir insan da ancaq özü üçün yox, hamı üçün yaşamalıdır. Türk düşüncəsi davamlı olaraq bizə başqaları üçün yaşamalı olduğumuzu anladır. Bu, çox gözəl bir şeydir.

Mən xorda oxumağın tərəfdarı da deyiləm

- Sizə görə dünyada ən böyük dəyər nədir?

- Paylaşmaq duyğusu. Sənə lazım olanı belə başqaları ilə paylaşmaq. Bu, özü-özlüyündə bir şeydir. Mərhəmət hissi də böyük dəyərlərdəndir. O biri dəyərlərin hamısı aralıq mahiyyət daşıyır.

- Rüstəm bəy, bu qədər eyni fikirli insanların qarşısında fərqli fikirlərlə dayanmaq çətin olmur?

- Bir az çətin olur. Mən bütün həyatımı belə yaşamışam. Hər şeyin ilkini etmək istədim. Azərbaycanda ilk xalq hərəkatında mən iştirak etmişəm. Yüz min tələbəni azadlıq meydanına tək aparmışam.

Hər şeyin ilkin etmək, heç kimdən asılı olmamaq, təkbaşına olmaq çətindir. Türk dünyasında ilk dəfə mən şamanizmlə bağlı bədii əsər yazmışam. Əslində o rituallar onun fəlsəfi mahiyyəti haqqında elmi kitab yazmaq lazım idi. O dövrdə qadağan edilmişdi deyə yaza bilmədiyim üçün onları şeirə çevirdim. Kitabın adını qoydum “Şaman duaları”. İlk dəfə şair olaraq ölümə “xoş gəldin”də mən demişəm:

“Alçaq da sən, uca da sən.
Cavan da sən, qoca da sən.
Sən hər şeydən ucadasan,
Ölüm, xoş gəldin, xoş gəldin!”


Bilirsiz, mən xorda oxumağın tərəfdarı da deyiləm. Bir vaxtlar dinlə bağlı yazdığım şeylər camaatda mənə qarşı çox pis fikirlər yaratmışdı. Zaman keçdikcə haqlı olduğumu gördülər. Deyəsən, özümü tərifləməyə başladım, mövzunu dəyişək...

Mənim oxuyub qəbul etmədiyim bir adam Xalq şairidir

- Sizə Xalq şairi adı lazımdır?

- Yox. Mənə, ümumiyyətlə, ad lazım deyil. Avropada Türk Dünyasının Uluslararası Şeir Festivalında 600 şair içində ən böyük mükafat olan “Qızıl heykəl” ödülünü almışam. Bütün həyatımı bu işə qurban verdiyim üçün bu mükafatı çox sevirəm. Qalan şeylər boşdur.

- Ümumiyyətlə, titullara münasibətiniz necədir?

- Ədəbiyyatda titul ədəbiyyatın mahiyyətini ifadə etmir. Böyük bir şey deyil. Mən ədəbiyyat adamıyam. Ən azından yaxşı bir oxucuyam. Mənim oxuyub qəbul etmədiyim bir adamsa Xalq şairidir.

Düzdür, adamlara layiq olduğu dəyəri vermək lazımdır. Amma mənə görə titullar ədəbiyyatın göstəricisi deyil. Böyük və ya kiçik şair anlayışı da yoxdur. Bir adam ya şair olur, ya da olmur.

Ölkəmizdə Xalq şairi verilən adamlardan daha istedadlılarını tanıyıram. Məsələn, Məmməd İsmayıl. O, bizim cavanlığımızın şairidir. Eləcə də Vaqif Bayatlı. Ona Əməkdar incəsənət xadimi adını veriblər. Şeir nə vaxtdan incəsənətin göstəricisi olub? Şairlik və istedadlı olmaq başqa şeylərdir.

- Bilirsiniz də, Elza Seyidcahan da şeirlər yazır. Sizcə, ona şair demək olar?

- Elza xanımın şeirlərini bəyənmirəm. Bu, ədəbiyyatın problemi deyil. Yazıçılar Birliyində 2500 şair varsa, onun 2000-i elədir. Elza bəstəkar və müğənni kimi uğurlu adamdır. Amma ədəbiyyata dəxli olmayan adamdır. Biz dostuq. Ədəbiyyatdan danışanda isə yalan söyləyə bilmirəm...

Hətta bir vaxt oranı “kolxoz” adlandırmışam

- Yazıçılar Birliyi ilə bağlı nə fikirləşirsiniz?

- AYB-nin olmağı yaxşıdır. Ən azından yaradıcı adamlar gəlib görüşürlər, bir yerə yığışırlar. AYB-yə görə Anarın üstünə hücum çəkənlər olur. Haqlıdırlar, ya haqsız, bu barədə heç nə deyə bilmərəm. Kim nə deyir desin, Anar böyük yazıçıdır. Onun “Otel otağı” əsərini şedevr hesab edirəm. Fikrimcə, Yazıçılar Birliyinə hücum etmək Anarın şəxsinə hücum etmək kimi qiymətləndirilməməlidir. Bu düzgün deyil...Anar Üzeyir Hacıbəyov, Mirzə Cəlil, Dədə Qorqud haqqında film çəkib. Anar elə bir adamdır ki, onun əsərlərini Azərbaycan ədəbiyyatı tarixindən çıxarsaq, orada çoxlu ağ səhifələr yaranar. Çünki o şeyləri ancaq Anar edib. Bu dediklərimi Anara tərif kimi qəbul edə bilərsiniz. Amma mənim ondan alacağım və ona verəcəyim heç nə yoxdur. AYB-dən imtina da etmişəm, amma ədalət deyilən bir şey var. Gərək hər şeyə layiq olduğu qiyməti verəsən...

Düzdü, mən də AYB haqqında çox şeylər danışmışam. Hətta bir vaxt oranı “kolxoz” adlandırmışam. Gərək elə kobud danışmazdım. Bəlkə də əsəbiləşib o cür danışmışam.
AYB üzvü olmaqla yazıçı olmaq olmur. Ədəbiyyat bir az yanlızlığın, tənhalığın işidir. AYB-yə gedən adamlar ona görə böyük ədəbiyyat yarada bilmirlər ki, içlərində olan nə varsa orada bir-biriləri ilə bölüşürlər. Böyük şeirlər, gözəl əsərlər yaza bilmirlər. Anarın yazdıqları onun Azərbaycan tarixində qalmağına bəs edir. AYB-də nə edib onları bilmirəm, bilmək də istəmirəm.

- Xalq yazıçısı Çingiz Abdullayevi danışığında rus dilli sözlərdən istifadə etməsinə görə tənqid edirlər.

- Adam öz dilini bilməyə bilər, ancaq birinə Xalq yazıçısı adı verilibsə, o mütləq öz dilini yaxşı bilməlidir. Çingiz Abdullayevin yazdıqlarına gəlincə, mən detektivi ədəbiyyat hesab etmirəm. Ədəbiyyat bilirsiniz nədir? Sizə Əkrəm Əylislidən misal çəkim. Məsələn, belə ifadələri var: “Ələngəz dağının arxasından günəş çıxmışdı. Günəş Əylisin dağlarına yayılmışdı. Dağlar gülümsəyirdi”.

Görün nə qədər poetik ifadə olunub. Nəsrdən daha çox şeirə oxşayır. Başqa bir misal, Əylisə gedən yolda Ordubada çatmamış ərazidəki ərik ağacları haqqında yazıb: “Ağaclar hamilə qadın kimi idi”. O bu cür poetik şeyləri ifadə edə bilən yazıçıdır. Yoxsa hadisədən danışmağa nə var. Mən hadisəni ədəbiyyatın predmeti hesab edə bilmirəm. Şeirə hadisəni qatmaq o şeiri heç etməkdir. Mənim yazdığım heç bir şeirdə həyəcan yoxdur. Daha çox hiss-həyəcan, fəlsəfə var. Yenə özümü təriflədim...

- Əkrəm Əylisli ilə münasibətləriniz necədir?

- Əkrəm müəllimlə dostam. Son yüz ilin ən böyük yazıçısıdır. Ola bilər səhv edib. Bir adamı səhvinə görə onu ədəbiyyat tarixindən silmək olmaz ki.

Xaricdə ədəbiyyat festivallarına gedirəm. Onlar orada biləndə ki, mən Azərbaycandan gəlmişəm, birinci soruşduqları yazıçı Əkrəm Əylisli olur. Çünki Avropa oxucusuna velosipedi yenidən ixtira etmək lazım deyil. Onlar Şərqi olduğu kimi görmək istəyirlər. Əkrəm Əylisli də bunu çox gözəl bacarır. Söz vermişdim onunla görüşəcəm. Xəstəliyim imkan vermədi. Buradan da ondan üzr istəyirəm. Onun özünün də halı ağırlaşıb...

Azərbaycanda çox adamda imtina etmək mədəniyyəti yoxdur

- AYB-dən danışdıq. Sizcə, Anardan sonra AYB-də sədrlik postuna kim gəlsə, orada ciddi dəyişikliklər ola bilər?

- Anar müəllimin bir missiyası var idi. Artıq onu yerinə yetirib. AYB-ni ora yeni gələn sədr dəyişə bilər. Belə bir ehtimal var. Yeni sədr bir az demokratik ruhlu, radikal adam olsa, AYB niyə də dəyişməsin ki...

Sədr dəyişsə, Azərbaycan ədəbiyyatı bundan nə qazana bilər, bu, başqa söhbətdir.

- Siz bu posta namizəd kimi görürsünüz?

- Emil Rasimoğlu, Tural Turan və s. Düzü, yaşı gənc olanların bu posta gəlməsi o qədər də yaxşı olmaz. Çünki bu post təcrübə tələb edir. Ümumiyyətlə, bu dünayada ən böyük dəyərlərdən biri də imtina etmək bacarığıdır. İnsan layiq olmadığı şeylərdən imtina etməyi bacarmalıdır. Azərbaycanda isə çox adamda imtina etmək mədəniyyəti yoxdur.

- Ramiz Rövşən sizin haqqınızda belə demişdi: “Çoxları dar ağacına salam verə bilər. Dar ağacının salamını aldığı tək şair Rüstəm Behrudidir”. Maraqlıdır, siz onun barəsində necə düşünürsünüz?

- Biz uzun illərin dostuyuq. Çox istedadlı şairdir. Azərbaycan şeirinin son mogikanlarından biridir. O, sözlə heç nədən hər şey yarada bilən adamdır.

İndikilər sözə Tanrıdan daha çox onun mələkləri kimi baxırlar

- Azərbaycan ədəbiyyatından dünyaya hansı əsərləri çıxarmaq olar?

Kamal Abdullanın “Yarımçıq əlyazma”sını deyə bilərəm. Başqa bilmirəm. Düzü nəsr çox oxumuram. Kamal Abdulla xaricdə əsərləri çap olunan ən böyük yazıçılardandır. Kamal Abdullanı Avropaya sevdirən Şərq koloritidir. Avropa hələ də Şərqi kəşf edə bilməyib.

- Bəs, ölkə ədəbiyyatının dünyaya çıxmasına nə mane olur?

- Bizim ədəbiyyatçılarımız ölkədə bir az tanınır, sonra “özlərinə qayıdırlar”, ev, maşın, dəbdəbə -hər şey istəyirlər. Çox şey istəyən adamın da sonda heç nəyi olmur. Bizim ədəbiyyat adamları belədir. Ədəbiyyata, sözə Allah kimi baxan adamlar bu sahədə nəsə edə bilərlər. Son illər ölkədə belə adam tanımıram. İndikilər sözə Tanrıdan daha çox onun mələkləri kimi baxırlar ki, onlardan nəsə əldə etsinlər.

- Ədəbiyyata qazanc yeri kimi baxmaq olar?

- Əlbəttə olar. Şair də yaşamalıdır. Mən ədəbiyyata qazanc yeri kimi baxmasam da, kitablarımın pulu ilə Azərbaycanda normal yaşayan adamam. Təkcə “Salam, dar ağacı” kitabım 100 min nüsxə ilə çıxıb. “Şaman duası” 22 min tirajla çap olunub. Bəzən deyirlər ki, Rüstəm Behrudi oliqarx kimi yaşayır. O adamlara başa salmaq istəyirəm ki, heç olmasa, çap olunan kitablarımın tirajına baxsınlar. Elə kitabım olub ona 1000 manata avtoqraf yazmışam. Demək, yaxşı bir şey yazmaqla yaxşı yaşamaq olar...

- “Salam, dar ağacı”ndan söz düşmüşkən, bu şeirin oğurluq olması ilə bağlı iddilar səsləndirilirdi. Məsələ nə yerdə qaldı?

- Guya bir özbək dastanı var oradan yazmışam. Halbuki şeiri yazandan sonra belə bir dastanın olduğunu bilmişəm. Dastandan o ifadəni alsam belə şifahi xalq ədəbiyyatından gələn bir obrazdır. Hamı da istifadə edib. Bu şeirimin oğurluq olduğunu yazanlar mənim düşmənlərimdir. Sonra gördük ki, onlar da boş-boş danışırlar.

Elçibəydən borc aldım…

- Gənc yaşlarınızda qumar oynamısınız...

- Xoşuma gəlirdi. O vaxt Bakıya təzə aparatlar gətirmişdilər, “ruletka” adlanırdı. Qumarın bir növü idi. Darıxanda, sıxılanda gedib oynayırdım. Sonra belə şeylərin hamısını unutdum.

- Qumara görə Elçibəydən borc da almısınız.

- Türkiyədə pulum olmayanda almışam.

- Əkrəm Əylislidən də borc almısınız?

- Yox, ondan almamışam. Elçibəy prezidentlik dövründə ədəbiyyat adamı kimi məni, Ramiz Rövşəni, Əkrəm Əylislini Türkiyəyə aparmışdı. Orada olanda gecə boş vaxtımız var idi. Əkrəmlə Ramiz Rövşən yemək yeyirdilər. Mən də darıxdım. O vaxt “Hilton”da qalırdıq. “Hilton”un sonucu mərtəbəsi qumarxanalar idi. Çıxıb qumar oynayıb gəldim. Uduzmuşdum, gəlib onlardan pul istədim. O zaman Anakarada kitabım çap olunmuşdu. Bilirdim ki, 7000 dollara yaxın pul alacam. Dedim, pul verin, sabah artıqlaması ilə qaytaracam. Onlardan pulu aldım. Elə həmin gecə 3000 dollar pul uddum. Söhbət belə olmuşdu. Tam qumarbaz da deyiləm. Vaxtım və pulum olsa, oynayacam...

- Aldığınız borcları qaytardınız?

- Hamısını qaytardım. Bu həyatda heç kimə borclu deyiləm. Azərbaycanda bir köpəkoğlu deyə bilməz ki, Rüstəm Behrudinin ona borcu var. Vaxt olub gecə qaravol işləmişəm, gündüz beş maşın kitab yükləyib “Azərkitab”a aparmışam. Bu şeylərin hamısını tək eləmişəm. Şair kimi də Sabir Rüstəmxanlıdan başqa mənə heç kim dəstək olmayıb.

Sabirlə dost idik. 1979-cu ildə qatara bilet alıb Bakıya gəldim. Bircə Sabir Rüstəmxanlını tanıyırdım. Getdim onun yanına. Dedim, mən sizin kitabınızı oxumuşam, sizi böyük şair hesab edirəm. İstəyirəm, mənim şeirlərimə baxıb deyəsiniz ki, mən şairəm, yoxsa, yox. Ayaq üstdə dayandım. O da əlyazmamı açıb oxumağa başladı. 15 dəqiqədən sonra üzünü mənə tutub dedi: “Sən şair deyilsən”. İçimdə hər şey qırıldı. Ardınca dedi ki, “Sən böyük şairsən”. Bu, mənim həyatımı dəyişdi...

Bir şeylər qazanmaq üçün çox şeylər itirmək lazımdır

- Çoxuşaqlı ailədə böyümüsünüz. Hansı sıxıntılarınız olurdu?

- Əsas problem dərslər başlayanda olurdu. Hamı ilk gün təzə geyinib məkətəbə getməli idi. 9 uşaq idik. Bu, bizdə mümkün olmurdu. Atam adi kənd müəllimi idi. Buna imkanı yox idi. Mən və məndən sonrakı qardaşım çöldə gəvən deyilən bir bitki var, ondan yağ alırdıq. Bir də görürsən bütün yay işləyib min manat pul qazanırdıq. Kənddə hamı istirahətə, tut yeməyə gedəndə biz bu işlərlə məşğul olurduq...

Bir şeylər qazanmaq üçün çoxlu şeylər itirmək lazımdır. Məsələn, mən bu yolda sağlamlığımı itirdim... Digərlərinin kitablardan oxuduğu yerləri gedib canlı şəkildə gəzdim. İndi Vyetnam haqqında kimsə mənim qədər yaxşı danışa bilməz.

- Gerçəkləşməsini istədiyiniz hansısa arzunuz qalıb?

- Bir şeirmlə buna cavab verəcəm.

Tanrıım uduza-uduza çevirdin məni yalqıza
Apar bir soyuq ulduza
Bir kəs dalımca gəlməsin.

Yanlız olmaq, düşünmək istəyirəm. Adam çox olan yerdə darıxıram. Feysbuka çox az girirəm. Orada o qədər çox dahi var ki. Onların içində darıxmağa başlamışam. Çox qəribədir feysbukda hamı dahidir. Orada sıradan bir adam yoxdur. Hərdən bu qədər dahinin içində nəfəs ala bilmirəm. Azərbaycanda yaxşı dolma bükən də, paltar yuyan da, alver edən də şeir yazır. Özləri də bir-birinə “ustad” deyirlər. Azərbaycanda nə qədər ustad var imiş. 10 milyonluq ölkədə uzağı 5 dənə ustad olar da. Bəs bunların müridləri hanı? Yoxdur. Hamısı mürşüddür. Şeir yazıram deyənlər göbələk kimi çoxalırlar. Bunların öz eyforiyası var.
Əlbəttə istedadlı gənclər var. Məsələn, Fuad Cəfərli, Ulucay Akif, Şəhriyar Del Gerani, Sevinc Elsevər və s. Bu istedadlı adamlar az qala o boyda hay-küyün içində yox olurlar. Ən pisi də odur ki, bir məclisdə sıradan şeir yazanlarla bir şeir oxusalar oxucu hər iki tərəfə eyni qiyməti verəcək. Azərbaycan oxucusunun səviyyəsi indi 30 il bundankından da aşağı düşüb. Elə olmasaydı, Elza Seyidcahan AYB-yə üzvü olardımı?

Yazsınlar, amma ancaq evdə xanımlarına oxmaq üçün

- Son olaraq nə demək istərdiniz?

- Yazmağa yeni başlayanlara demək istəyirəm ki, heç kimə fikir vermədən sadəcə yazsınlar. Bəlkə də bir az kobud çıxacaq, mənim üçün heç vaxt oxucunun fikri önəmli olmmayıb. Mən özümü ifadə etmək istəmişəm. Oxucunu yox. Ona görə şeir yazanlar gərək onlara fikir bildirənlərə çox qulaq asmasınlar. Yazıçının mütləq ədəbi vicdanı olmalıdır. Azərbaycanda istedadlı adamlar çoxdur. Azərbaycan ədəbiyyatı yaşayır. Min il bundan sonra da yaşayacaq.

Mənə çox maraqlıdır, bəzən görürsən bir akademik gəlib 60-70 yaşına çatıb şeir yazmmağa başlayır. Çünki görünmək istəyir. Elmlə, gördüyü işlə görünə bilmir. Bu, qəbulolunmaz bir şeydir. Bunu oxuyandan sonra zəng edib deyəcəklər biz indi şeir yazmayaq? Yazsınlar, amma ancaq evdə xanımlarına oxmaq üçün.

- Xanımların günahı nədir?

- Yaxşı sualdır. Məncə, elə kişilərə ərə getmək...

Günəş Mərd

Foto: İmran Qurbanov


SON XƏBƏRLƏR