• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

"Bir mahnı yazan adını "bəstəkar" qoyur" - Camal Qurbanovla gündəm MÜSAHİBƏ

MÜSAHİBƏ

22 May 2024 | 10:20

Bir mahnı yazan adını bəstəkar qoyur - Camal Qurbanovla gündəm MÜSAHİBƏ

Həmsöhbətimiz uzun illərdir ki, musiqi ilə məşğuldur. Yetəri qədər böyük səhnələrdə çıxışları olub. Bir çox hitlərin də bəstəkarı və aranjmançısı odur.

Söhbət bəstəkar, aranjmançı, musiqi prodüseri Camal Qurbanovdan gedir. Müsahibimiz həm də Avropa İttifaqı ölkələrinin fəxri bəstəkarıdır. 3 qızıl fondda əsərləri olan müsahibimizin “Zəfər marşı”, “Vətən marşı”, “Cənab Ali Baş Komandan” kimi əsərləri dillərdə əzbərdir.

Camal Qurbanovun Bakıvaxtı.az-a müsahibəsini təqdim edirik.

Əsasən professional sənətçilərlə çalışıram

- Bir neçə gün sonra konsertiniz olacaq. Gəlin, söhbətimizə də elə buradan başlayaq. Oxucularımıza konsert barədə məlumat verərdiniz…

- Mayın 24-də “Afrosayağı” adlı konsertimiz olacaq. Hansı ki, dinləyicilər bizim bəstəkar və xalq mahnılarımızı afro, etno, elektro elementlərlə, müasir improvizədə dinləyəcəklər.

- Xalq artisti Tünzalə Ağayeva ilə ərsəyə gətirdiyiniz yeni layihənizi yayımladınız. Bu layihəni hazırlamaq ideyası necə yarandı?

 - 23 il öncə Tünzalə xanımın oxuduğu “Gözlərim” mahnısını yenidən aranjman etdik. Həmin proyektin musiqi prodüseri, aranjmanı və digər məsələləri bizə aiddir. Hazırlayıb, dinləyicilərimizə təqdim etdik. Məncə, yaxşı alındı.

- Bildiyim qədəri ilə Tünzalə xanımla ilk işbirliyiniz idi.

- Bəli, ilk işimiz bu mahnı oldu.

- Başqa hansı sənətçilərimizlə çalışırsınız?

- Bundan öncə Röya Ayxanın albomunda bir proyekt işləmişik. Röya xanımın son konsertində olan proyektlərdən ikisini mən işləmişəm. Demək olar ki, bütün ifaçılarımızla işləyirəm. Əksəriyyətinin təzə və köhnə mahnılarının yeni üslübda aranjmanları və musiqi prodüserliyi mənə məxsusdur. “Cənab Ali Baş Komandan” adlı əsərimdə 10-a yaxın Xalq artisti ilə işləmişik. Onların içərisində  Alim Qasımov, İlqar Muradov, Toğrul Əsədullayev, Natiq Şirinov, Əlixan Səmədov və digər sənətkarlarımız var idi.

- Bəzi musiqiçilər gileylənirlər ki, sənət adamları çox kaprizlidirlər, hər şeyi bəyənmirlər…

- Mən əsasən professional sənətçilərlə çalışıram. Adlarını qeyd etdim, professional insanlardır. 20 ildən artıqdır ki, musiqi ilə məşğulam. İki professional insan bir araya gələndə problem olmur. Problem o zaman olur ki, biri peşəkar, digəri isə qeyri-peşəkar olsun.

- Yəni, Camal Qurbanov özünü peşəkar və professional musiqiçi hesab edir?

- Bunu mən desəm də, deməsəm də belədir. Təvazökarlıqdan uzaq olsa da, bu, ətrafda deyilir. Mənsə bu sözləri qəbul etmək məcburiyyətindəyəm. Ətrafımdakı insanlar, müğənnilər, gördüyüm işlər göz qabağındadır. Nə xoş mənə ki, insanlar da bunu qiymətləndirirlər.

Meyxananı bayağılaşdırıb mahnı formasında təqdim etmək sənətlə bağlı deyil

- Camal Qurbanov üçün “musiqi” nədir?

- Musiqi mənim daxilimdə hiss etdiyim duyğulardır. Hansı ki, o hissləri mən notlara köçürürəm. Mən bütün janrda musiqiləri dinləyirəm. Əgər o hiss ürəkdən, daxildən gəlirsə, mən onu dinləyirəm. Mənim üçün musiqi hissdən ibarətdir. Yaxşı və pis musiqini dinləyəndə istər-istəməz sənə hiss ötürür. Demək ki, musiqi hissdir. Kimisinə yaxşı, kimisinə də pis.

- Bütün musiqilərdə “hiss” var?

- Təəssüf ki, yox. Son dönəmlərdə dırnaqarası musiqilər, proyektlər, “bayağı” adlandırdığımız musiqilər var ki, onlar heç bir emosiya ötürmürlər. Ötürsələr də, anlamsız və mənasız hisslər olur. İnsanları avaraçılığa, hansısa pis əməllərə yönləndirən, heç bir intellektual və fəlsəfi yanaşması olmayan, professional musiqiçi və aranjmançı tərəfindən hazırlanmayan musiqilərdir. O musiqilər cəmiyyətə heç bir faydası olmayan və pis hisslər aşılayan musiqilərdir.

- Daha çox meyxana və meyxanaçıları bu tip mahnılar yazmaqda günahlandırırlar. Sizcə, həqiqətən də günahkar onlardır?

- Meyxana öz-özlüyündə bir sənətdir. Meyxana janrı bədahətən deyiliş tələb edir. Bu vergidir. Bunu bəzi meyxanaçılarımız yaxşı inkişaf etdiriblər. Bu, bir sənətdir. Amma meyxananı bayağılaşdırıb mahnı formasında təqdim etməksə sənətlə bağlı deyil, sənət olmaqdan çıxır. Meyxana meyxana olaraq da qalmalıdır. Hansısa mahnılarla sintez edirlər, sözlərdə müəyyən bayağılıq olur və bu da yaxşı alınmır.

- Bəs musiqili meyxanalar, onlara yanaşmanız necədir?

- Mənə görə çox böyük ölçüdə yaxşı alınmır. Professional musiqiçi, bəstəkar olaraq deyirəm ki, meyxana özü olaraq qalsa, daha yaxşı olar.

- Amma bəzi yaxşı meyxana və meyxanaçılarımız da var. İllər əvvəl meyxanaçılara çox yüksək səviyyəli tədbirlərdə də yer ayırılırdı. Məncə, əsas məsələ kimin və necə deməsi, yazmasıdır...

- Bəzi meyxanaçılarımız bir çox tanınmış mahnıların sözlərinin müəllifləridir. Bu, öz-özlüyündə çox gözəldir. Meyxana meyxana janrnda qalanda da çox gözəl olur. Amma meyxananı hansısa bayağı musiqi ilə sintez etməklə həm meyxanaya xələl gətirirsən, həm də dinləyicilərə professional yox, bayağı iş təqdim edirsən. Mən bunu nəzərdə tuturam. Yaxşı meyxanaçılarımız var.

Mənə hansısa bayağı ifaçı iş təklifi etsə…

- Bayağı musiqilərə toxundunuz. Heç olubmu ki, hansısa bayağı ifaçı sizə iş təklifi edib, sizinlə çalışmaq istədiyini desin?

- Gəlin əvvəl “bayağı” sözünün mənasını açıqlayaq. Mahnı söz və musiqidən ibarət olur. Əgər onun sözləri hər hansısa bir elmi, məntiqi, fəlsəfi anlam kəsb etmirsə, orada olan mövzu insanları hansısa bir pis əmələ səsləyirsə, vadar edirsə, deməli, onun sözləri bayağıdır. Musiqisi isə hansısa bir professional bəstəkar tərəfindən bəstələnməyibsə, orada plagiatlıq varsa bu da bayağı musiqinin nümunəsidir. Belə olan halda isə, proyekt bayağı olur.

Mənə hansısa bayağı ifaçı iş təklifi etsə onun karyerasına baxaram. Əgər ciddi və professional addımlar atmaq istəyirsə, bunun üçün müraciət edibsə, niyə də dəstək olmayım?

- Bəzi bəstəkarlar özlərinə bayağı ifaçı ilə işləməyi yaraşdırmırlar.

- Əgər özü indiyə kimi oxuduğu mahnıların bayağı olduğunu dərk edirsə və karyerasında ciddi dönüş etmək istəyirsə, əlbəttə ki, mən ona dəstək olaram.

- Daha çox sözlər, yoxsa musiqi bayağı olur?

- Daha çox sözlər bayağı olur. Çünki qulağa ilk onlar dəyir. Mən həmişə deyirəm ki, istənilən bayağı musiqini bir əsər halına gətirmək olar. Bu, meyxana da ola bilər, bayağı musiqi də. Bayağılıq onu təqdim edəndən asılıdır. Əslində “bayağı musiqi” anlayışı belə tam oalraq mövcud deyil. Bayağı təqdimat var. Mən istənilən musiqini klassik əsər kimi sonfonik notlara yazıb, orkestrlə konsert verə bilərəm. Baxır, onu kim təqdim edəcək.

- Ümumiləşdirsək, bayağılığın ifaçının ruhunda olduğu qənaətinə gələ bilərik?

- Bəli, elədir. Razıyam. Aranjmançı da, pianist də, ifa edən müğənni də, ümumilikdə təqdimatdan çox şey asılıdır.

- Dediniz ki, bayağı ifaçı ilə işləyə bilsiniz, onu dəyişərsiniz. Əgər bayağılıq ruhdadırsa, onu necə dəyişəcəksiniz? Axı, o insan o ruhla dünyaya gəlib və o ruhla da gedəcək... Həmin insan sənət əsərini, bəstəkar mahnısını necə təqdim edəcək?

- İnsan öz üzərində çalışanda dəyişə bilir. Onun düşüncə tərzi, həyat tərzi dəyişir. İfaçı bayağıdırsa, onun həyatında, məişət mövzularında nəsə bayağılıq olur ki, o ifaçının sənətinə də təsir edir. Səhər oyanıb klassik musiqi dinləyən və yaxud caza qulaq asan adam heç vaxt gedib pis mahnı oxumaz. Demək ki, onun yaşam tərzində çatışmazlıqlar, problemlər var. Ən azından zövqü olan insan mahnını dinləyib deməlidir ki, “Bu nədir mən oxumuşam!? İnsanlara nə ötürürəm!?” O mahnılarla Azərbaycan sərhədlərindən kənara çıxa bilməz. Bizi harada təmsil, təbliğ edəcək? Dünyaya elə şeylər lazım deyil.

- Kimin nəyinə lazımdır o mahnılar...

- Mən 2019-cu ildə Misirdə keçirilən “Dünya film festivalı”nın açılışında iştirak etdim. “Sarı gəlin”i müasir formada təqdim etdim. Orada dünyanın bütün ölkələrindən ifaçılar, müğənnilər var idi. Onların hər biri öz mahnılarını ifa etmək istəyəndə notlarını pianinonun qarşısına gətirirdilər. Mən onların hər birini rahat formada ifa edə bildim. “Sarı gəlin”i elə bir dünyəvi-epik formada təqdim etdim ki, oradakılar ondan zövq aldılar. Siz təsəvvür edin ki, o cür böyük səhnədə biz indiki trenddə olan dırnaqarası müğənnilərin mahnılarını ifa edirik... Sizcə necə olar?

- Olmazdı...

- Bu mahnılar nə tarixdə qalır, nə də bir şey. Elə mahnılar var ki, onlar çox az izlənilir, dinlənilir, amma onlar tarixdirlər. Məsələn, Əməkdar artistimiz Teymur Əmrah və digər yüzlərlə sənətçilərimiz var ki, onların ifaları 10 min insan tərəfindən dinlənilsə də onlar tarixdir, tarixdə qalacaqlar. Çünki onların özlərində məktəb var. Mahnı istəyir 100 milyard baxış yığsın, onlar sabun köpüyü kimi yoxa çıxır. Müəyyən zamanlıq trendlərdir. O mahnılar heç kimə lazım deyil.

- Bəzi bəstəkar həmkarlarınızda da günah var. Niyə 5 günə unudulacaq mahnı yazırlar ki?

- Bir az kobud olacaq, amma deyəcəm. “Məscidin qapısı açıqdır, bəs itin abrına nə gəlib?” Tutalım ki, pis mahnı var, bəs müğənninin səviyyəsi? Pis şeylər hər yerdə var. Baxır sən ondan necə istifadə edəcəksən. Sən gedib Eldar Mansurovdan, Faiq Şücəddinovdan yaxşı mahnı da ala bilərsən.

- Dediyiniz bəstəkarlar o müğənnilərə mahnı satarlar?

- Əksinə, təlabat azalıb. Bizdə hər şeyin bayağılığını o qədər çıxarıblar ki, hamı asana qaçır. Mən elə söz yazım ki, mahnı da düşsün camaatın dilinə. Belə olmamalıdır.

- “Rəis”, “həci”, “aşkım”, “sevgilim” və s.

- Hə. (gülür)

Yaxşı mahnı yazmaq olar, amma əsl bəstəkar olmaq ayrıdır

- Bəstəkar necə olmalıdır? Kimə bəstəkar deyirlər?

- Bəstəkarın ilk növbədə hansısa instrumental alətdə ifa etmək bacarığı olmalıdır. Bunun başqa variantı yoxdur. Əsl bəstəkar həm də musiqişunas olmalıdır. Bu dəqiqə kim mahnı yazır, adını bəstəkar qoyur. Əsl bəstəkar Tofiq Quliyev, Qara Qarayev, Arif Məlikov kimi öz yazdıqları mahnıları musiqişunas olaraq orkestrlə birgə nota yazmaq qabiliyyətinə malik olmalıdır. Əsl bəstəkar budur. Yaxşı mahnı yaza bilər, amma əsl bəstəkar olmaq ayrıdır.

- Necə etmək lazımdır ki, yaxşı bəstəkarlar yetişsin?

- Bu, bir az dərin mövzudur. Təbliğat düzgün aparılmalıdır. Əgər Azərbaycan televiziya kanallarını açıb orada bayağıları görəcəyiksə hansı yetişdirmədən söhbət gedəcək? Birinci senzura olmalıdır. Bu ifaçılar elə asan şəkildə efirə çıxmamalıdılar. Hansısa senzura olmalıdır.

- Axı sosial şəbəkə var. Sözügedən müğənnilər onsuz da orada yetəri qədər məşhurluq tapırlar.

- Onun qarşısını almaq olmaz. Orada istəyən istədiyini edir. Açıq profildir, nə edəsən. Orada senzura qoymaq olmaz. Amma televiziyaya senzura tətbiq etmək mümkündür. Və yaxud da Heydər Əliyev Sarayında, Bakı Konqres sarayında hər kəs konsert verməməlidir. Bu tənzimlənə bilər. Bunlar senzuradan asılıdır.

- “Bayağı”lara nə məsləhət görərdiniz?

- Onlar yaxın zamanda unudulacaqlar. Məsləhət görərdim ki, yaxşı işlərlə məşğul olsunlar.

- Bəziləri yavaş-yavaş janrlarını dəyişirlər. Yəqin ki, qarşınıza çıxır?

- Onsuz da sonunda düz yola gələcəklər. Çünki düz yol bir dənədir. Zamanla düzələcək. Professional insanlarla, prodüserlərlə, musiqiçilərlə, aranjmançılarla çalışmaq lazımdır. Professional komanda ilə çalışmaq lazımdır. Gedib yarım saata bir mahnı yazırlar. Bu yaxında məni Londona dəvət etdilər. Orada çox məşhur bir musiqi prodüseri var ki, bir çox dünya ulduzları ilə çalışır, o, mənim işlərimə baxıb, müqavilə bağlamaq istədiyini dedi. Hazırda bu işlər üzrə danışıqlar gedir. Orada müğənnilər bir mahnının ərsəyə gəlməsi üçün 20-30 insan bir ildən çox çalışır. O işlərin keyfiyyəti ona görə olur. Söhbət mahnının tutmağından getmir. Mahnı tuta da bilər, tutmaya da. Söhbət keyfiyyətdən gedir.

Dinləyici sənətçinin gözünü çıxardar ki, bu nədir?

- Musiqiçilərin komandalarından danışdınız. Son zamanlar belə bir tendensiya var ki, bizim müğənnilərin komandaları bir nəfərdən ibarət olur. Adını prodüser deyir, həm prodüserin, həm köməkçininin, həm sitilistin, həm də komandada olması vacib olan digər şəxslərin işlərini görməyə çalışır. Niyə? Müğənnilərimizin böyük komanda ilə çalışmağa büdcələri çatmır, yoxsa?

- Söhbət düzgün və professionlal musiqi prodüserindən gedirsə, birinci onun musiqi təhsili olmalıdır. Ondan sonra isə aranjman qabiliyyəti olmadır ki, bu dalazımdır. Bütün janrlardan məlumatı olmalıdır. “Musiqi prodüseriyəm” deməklə deyil.

- Əslində komanda necə təşkil olunmalıdır?

- Musiqi prodüseri aranjmana, gedişata nəzarət edən insandır. Mahnı seçimləri də musiqi prodüserinin işi olmalıdır. Sonra vokal koç olmalıdır ki, o ifaçının mahnını düzgün səsləndirməsinə, səsyazma vaxtı səs yazılmasına və digər məsələlərə nəzarət etməlidir. Mahnı oxunana qədər həftələrlə müğənni ilə olub, onunla məşqlər keçirməlidir. Ondan sonra mix maxster var ki, o da mahnı oxunandan sonrakı hissələrdə öz işini yerinə yetirir. Mən 3 nəfər dedim. Bu say 15,20-yə çatır.

- Barmaqla sayılacaq qədər musiqiçilərimizdə belə komanda var.

- Elədir. Hələ bu mahnının görüntü tərəfi də var. Rejissor, operatorlar, qrim məsələləri, obrazlar və s. komanda çox geniş anlamdır. Hələ bunun PR tərəfi var. Yayımlanması, reklam edilməsi... Komanda tələb edir. Əslində kim istəməz ki, yanında 20 nəfər çalışsın. Amma olmur. Təəssüflər olsun ki, Azərbaycan müğənnilərinin əsas gəlir mənbəyi toydur. Toydan da gəlir müəyyən qədər olur. Əlavə olaraq bəzi aylarda heç toylar da olmur. Və düşünsək ki, məhdud sayda toylarımız, çoxlu sayda müğənnilərimiz var, bu halda müğənnilər necə o qədər qazanc əldə edib, komandanı da maliyyələşdirəcək?

- Daha çox xarici sənətçilərlə çalışırsınız. Musiqilərimizd əhansı fərqlər var?

- Biz onlardan çox geri qalırıq. Orada sən ifaçıya bayağı mahnı təqdim edə bilməzsən. Dinləyici sənətçinin gözünü çıxardar ki, bu nədir? Onların musuqi bilgiləri daha çoxdur. Bizdə keyfiyyətli musiqi dinləyən adam az olur.

- Keyfiyyətli musiqi təqdim edənlərimiz də çox deyil.

- Məsələn bəzi ifaçılarımız var ki, ərəb, fars ritmləri üzərində mahnılar oxuyurlar. Bunu təbliğ edirlər. Bu olmaz, yanlışdır.

- Beynəlxalq layihələrdə musiqi prodüseri kimi çıxış edirsiniz, olurmu, sözügedən ifaçılardan sizə təklif gəlir ki, məsələn, mən də “Formula 1”də səhnə almaq istəyirəm.

- Hər biri istəyər ki, ora düşsün. Nə yaxşı ki, orada düzgün qərarlar verilir. Əgər orada hansısa variant olsa, bilirəm ki, onlar ora da gedərlər. Şükür ki, orada layiq olanlar çıxış edir.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

01 Iyul 2024