• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Aqşin Kərimov: Proseslər getdikcə daha qanlı bir şəkil alacaq - MÜSAHİBƏ

MÜSAHİBƏ

23 May 2024 | 09:29

Aqşin Kərimov: Proseslər getdikcə daha qanlı bir şəkil alacaq - MÜSAHİBƏ

Rusiya-Ukrayna, İsrail-Fələstin müharibələri başlayanda əksəriyyət bu münaqişlərin qısa müddətdə başa çatacağını düşünürdü. Amma müharibələr hər gün bir az da şiddətlənir.

Siyası şərhçi Aqşin Kərimov alovlanan müharibələrlə bağlı Bakıvaxtı.az-a müsahibə verib.

- Rusiya-Ukrayna müharibəsininin "xəmiri" nə qədər su aparacaq? Savaş hansı ildə, hansı həddə, hansı ölkənin vasitəçiliyi ilə yekunlaşa bilər?

- Ukrayna qoşunlarındakı əsas problem canlı qüvvə qıtlığıdır. Bu, Rusiyanın tutduğu ərazilərin genişliyi boyunca əməliyyat aparılmasını çətinləşdirir. Çünki Ukrayna qoşunlarını komplektləşdirə bilmir. Rusiya isə ərazi irəliləyişləri əldə edir və Ukraynanı çıxılması çətin olan ən dar nöqtəyə doğru itələyir. ABŞ-dən Ukraynaya ayrılan 61 milyard dollarlıq yardım isə Rusiyanın nəzarətində olan ərazilərin geri qaytarılması aktı üçün çox cüzi məbləğdir, Kiyev bununla uzağı iki-üç məntəqəni geri ala bilər. Ona görə ki, Rusiya güclü istehkamlar qurub, Ukrayna uğur əldə etmək üçün bir neçə qatlı eşalonları yarmalıdır. Hər eşalonun yarılması isə itkilərdir, Ukraynanın bunu necə bacaracağı haqlı olaraq suallar doğurur.

Rusiyanın qazandığı başqa bir üstünlük isə əməliyyat planlamasını yeniləməsi, Donetsk-Xarkov, Zaporejye istiqamətlərində irəliləyişlər əldə etməsidir.

Vasitəçilik məsələsinə gəlincə, ən çox Türkiyənin prosesdə etibarlı broker ola biləcəyi görünür. Ən böyük yenilik isə Çinin vasitəçilik missiyasına yiyələnmək arzularıdır. Qərb platformasında isə Fransa və Almaniya sülh üçün moderator qismində çıxış etməyə iddialı ola bilərlər.

- Son aylar Rusiya-Ermənistan münasibətlərində gərginlik aydın müşahidə olunur. Ermənistan sanki Qərb orbitinə inteqrasiya yoluna qədəm basıb, rəsmi İrəvan bu istəyini reallaşdırarsa, onu hansı aqibət gözləyir?

- İrəvanın Kremlin mətbəxindən çıxıb Qərb divarına söykənmək planı ona baha başa gəlir. Ermənistan ümumiyyətlə, Qərblə Rusiya arasında Cənubi Qafqaz oxunda sövdələşmə predmeti kimi çıxış edən ölkə statusunda olub. Levon Ter-Petrosyan hakimiyyətdən devriləndə çox adam baxışlarını Rusiyaya zillədi, amma sonradan məlum oldu ki, prosesdə ABŞ də iştirak edib. Bəs bu, indi necə göründü? Ən azından Rusiya-Ukrayna müharibəsində İrəvanın Moskvanı sanksiyalardan yayındırmaq üçün hərəkət etdiyinə dair məlumatlar bu suala mənalı cavab kimi görünə bilər.

Nikol Paşinyan Moskva ilə Vaşinqton arasındakı sövdələşmə planlarını suya salmağa çalışsa da, bu, uğurlu alınmır. Nəticə təbii ki, Qərblə Rusiyanı daha şiddətli rəqabət nüvəsinə sarı itələyir.

İrəvanın aqibətinə gəlincə, bu, indi daha çox, onun Azərbaycanla sülh gündəliyinə nə qədər sadiq olacağından asılı görünür. İrəvan sülh proqramından yayınsa, o, daha çox Rusiya-Qərb hibrid müharibəsi arasında sıxılıb qalacaq və Bakı da alternativ yanaşmalarını tətbiq edəcək.

- Yaxın Şərqdəki gərginlik niyə başladı, niyə öləzidi?

- Qərblə Hindistan Avropaya yeni nəqliyyat dəhlizi çəkmək layihəsini müzakirə edirdi və həmin koridor Yaxın Şərqdən keçəcəkdi. Burada uduzan Çin olacaqdı və bu anda hesab edirəm ki, HƏMAS-İsrail müharibəsinin başlaması Pekinin yararına oldu. Çünki bu müharibə ən azından həmin dəhlizin təhlükəsizliyini və reallığını şübhə altına qoydu.

Münaqişənin başlamasında ABŞ-nin də maraqlarına cavab verən hissəsi mövcuddur. Çünki İsrail qətiyyətlə ABŞ-nin regiondakı çətirini rədd edən bir xəttə girməyə çalışırdı və təkbaşına hərəkətə üstünlük verirdi. Lakin Qəzzadakı müharibənin indi ABŞ-yə sərf etdiyini deyə bilmərik, çünki proseslər ABŞ-nin idarəçiliyindən çoxdan çıxıb. Müharibə dəyişən qlobal nizamda Çinin portfelini doldurur. İndi də Pekin Qəzzadakı müharibəni sonlandırmaq üçün ikimərhələli planı masaya qoyur: Birincisi, Fələstindaxili barışıqdır, yəni Pekin HƏMAS-la Fələstin administrasiyasını barışdırmaq Pekinin istəyidir. İkinci mərhələdə isə onun planını belə oxumaq olar ki, Fələstinlə İsrailin arasında vasitəçi olsun.

Yaxın Şərqdəki hadisələrin öləzidiyini düşünmürəm, məncə proseslər getdikcə daha qanlı bir şəkil alacaq. Ən azından münaqişələr üçün hazır platformalar, o cümlədən Suriya səhnəsi mövcuddur.

Aydın Baxış


SON XƏBƏRLƏR

01 Iyul 2024