Xəbər verdiyimiz kimi, dünən Dövlət İmtahan Mərkəzi martın 10-da keçirilmiş buraxılış imtahanında 300 bal toplayan şagirdlərin siyahısını açıqlayıb.
Siyahıda Bakı şəhəri, Nərimanov rayonu, 36 saylı orta məktəbin iki şagirdi İlkin Əliyev və Jalə Xasıyeva da yer alıb.
Onlar uğurlarının sirri, dərs qrafikləri, imtahana hazırlıq prosesləri və s. barədə Bakıvaxtı.az-la həmsöhbət olublar...
- Buraxılış imtahanında ən yüksək nəticə göstərmisiniz. Belə bir nəticəni gözləyirdiniz?
Jalə: - Mən gözləyirdim. Çünki çox çalışmışdım. İmtahandan çıxanda da sual kitabçaları bizə verildiyi üçün daha öncə yoxlatmaq imkanımız olmuşdu. Yoxlatdıqdan sonra buna əmin oldum. Təxmini indiki nəticəyə yaxın bir bal hesablamışdıq.
İlkin: - Mən də gözləyirdim. Keçən ilə nisbətən bu il suallar asant idi.
- Xəbəri ailənizdə necə qarşıladılar? Adətən valideynlər belə nəqamda qurban deyirlər...
Jalə: - Çox sevindilər. Qurbanı deyə bilmərəm (gülür).
- Sizcə, repetitor yanına getmədən yüksək nəticə əldə etmək mümkündür?
İlkin: - Əlbəttə, çox çalışsaq, mümkündür. Məktəb kifayət edir. Həm tək, həm də uşaqlarla yığışıb dərs eləmək olur.
Jalə: - Önəmli olan insanın öz üzərində işləyə bilməsidir. İndi vəsait çoxdur. Dərsliklərdən, müəllimlərin verdiyi tapşırıqlardan da əlavə o vəsaitlərlə çalışmaq olur. Repetitor yanına getmədən də dərs oxumaq olur. Potensiallı şagird repetitor yanına getməsə də, oxuyacaq.
- Belə çıxır ki, repetitor yanına getməmisiniz?
İlkin, Jalə: - Xeyr.
- Yəqin ki, sosial şəbəkələrdən istifadə edirsiniz. İmtahan hazırlıqları ərəfəsində dərslərlə sosial şəbəkələr arasındakı balansı necə tənzimləyirdiniz?
Jalə: - Bu məsuliyyətlə əlaqəli bir şeydir. İnsanın məqsədi olanda, qarşısına hədəf qoyanda iradəli olur. Hədəfim olduğu üçün mən də gündəlik nə qədər dərs oxuyacığımı öncədən planlayırdım. İmtahan yaxınlaşdıqca sosial şəbəkələrdə daha az olurdum.
İlkin: - Həyatda hər şey dərs oxumaqla bağlı deyil. Başqa hobbilərimə, maraqlarıma da vaxt ayırırdım. Xüsusi bir cədvəl hazırlamamışdım.
- Ailəniz sizə hər hansı məhdududiyyətlər qoyurdu?
Jalə: - Yox.
İlkin: - Bizdə də elə bir problem olmayıb.
- Sual kitabçasına baxanda suallar sizi qorxutmadı?
İlkin: - Asan olacağını bilirdik. Birinci imtahandan təxmini necə olacağını bilirdik. Çox həyəcan olmadı.
Jalə: - Gözlədiyim kimi idi.
- Tiktoker dostlarınıza nə məsləhət görürsünüz?
Jalə, İlkin: - Elə dostlarımız yoxdur...
- Əslində Tiktokda kifayət qədər maraqlı kontent var. Sadəcə nəyi çox izləsəniz qarşınıza onu çıxaracaq. Məsələn, Baboşa çox baxsanız bu platformada onu da çox görəcəksiniz.
İlkin: - Baboş kimdir?
Jalə: - Tanımasan yaxışıdır...
- Sirr deyil ki, bəzi məktəblərdə müəllimlər yanlarına hazırlığa getməyən uşaqların qiymətlərini kəsirlər. Sizdə də belə hallar olub?
Jalə: - Bizim məktəbdə elə müəllim yoxdur.
- Sinif yoldaşlarınızın imtahan nəticələri necə oldu?
İlkin: - Onlarınkı da yaxşı idi. Sağ olsunlar bizi də təbrik etdilər.
-Qəbul imtahanından sonra hansı ixtisası seçməyi düşünürsünüz?
Jalə: - Texnologiya sahəsinə marağım var. Blok imtahanından sonra dəqiq qərar verəcəm.
İlkin: - Mən də hələ qərar verməmişəm...
- Valideynlərinizin bu mövzuda tövsiyəsi nədir?
İlkin: - Seçimi mənə buraxıblar.
Jalə: - Xüsusi bir istəyləri yoxdur.
- Artıq müəyyən bir uğur qazanmış sayılırsınız. Sizcə, uğurun sirri nədədir?
Jalə: - Məncə, hədəf və məqsəddə. İnsanda bunların ikisi də yoxdursa, uğur əldə edə bilməz.
İlkin: - Hər şeyi balanslaşdırmaqda və çox çalışmaqda. Təkcə oxumağa yox istirahətə də vaxt ayırmaq lazımdır.
- Necə dincəlsinlər?
İlkin: - Yatsınlar...
Jalə: - İmtahana yaxın mən də 7-8 saat yatırdım.
- İmtahan gecəsi dərs oxuyurdunuz? Bunun xeyiri olur, sizcə?
Jalə: - Mən demək olar ki, professional şəkildə planlamışdım. Son günə heç nə saxlamamışdım.
İlkin: - İmtahana bir gün qalmış dərs oxumurdum. Heç kimə də tövsiyə etmirəm. Çünki beyin istirahət etməlidir. Əsas ondan öncəki günlər oxumaqdır.
- Xaricdə təhsil almaq istərdiniz?
İlkin: - Avropa ölkələrində istərdim.
Jalə: - Mənim elə bir istəyim yoxdur.
- Son olaraq imtahana hazırlaşan şagirdlərə nə tövsiyə edə bilərsiniz?
Jalə: - Öz üzərlərində çalışsınlar. Belə olanda insan öz problemlərini daha yaxşı bilir. Onları aradan qaldırmağa çalışır. Sadəcə məsuliyyətli olub çalışsınlar...
İlkin: - Jaləyə qatılıram...
Günəş Mərd
Foto: İmran Qurbanov