• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

“Əgər siz gəlin yox, “nökər” axtarırsınızsa, onda…” - Kəmalə Ağazadədən gündəmi dəyişəcək MÜSAHİBƏ

MÜSAHİBƏ

14 May 2024 | 10:07

“Əgər siz gəlin yox, “nökər” axtarırsınızsa, onda…” - Kəmalə Ağazadədən gündəmi dəyişəcək MÜSAHİBƏ

Zorakılıqla üzləşən, cinsi istismar olunan, zorla evləndirilən, fiziki şiddətə məruz qalan uşaqlar hər zaman cəmiyyətin yaralı yeridir. Hər həftə demək olar ki, ən azı bir erkən nikahın qarşısı alınır. Dövlət qurumları bu hallarla nə qədər mübarizə aparsalar da, bunun qarşısını tamamilə ala bilmirlər.

Bunların qurbanına çevrilən uşaqların bir qismi də sığınacaqlara yerləşdirilir.

Azərbaycan Uşaqlar İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə bu uşaqların taleləri barədə Bakıvaxtı.az ilə həmsöhbət olub.

İnsana təsir edən odur ki, burda yadlar o qədər doğmalaşır ki...

- Kəmalə xanım, səhv etmirəmsə, bu sığınacağı yaratmaq qərarını başınıza gələn əhvalatdan sonra vermisiniz...

- Doğrudur. Bunu müsahibələrimdə də demişəm.

2000-ci ildə gecə saatlarında evə qayıdanda küçə uşaqları mənə hücum etdilər, çantamı almaq istədilər, polis onları saxladı. O uşaqların tarixçələrini öyrənəndən sonra şikayətimi geri götürdüm və elə o vaxtdan da küçə uşaqları ilə işləməyə başladım və hazırda olduğumuz bu mərkəzi yaratdım.

- Hazırda sığınacaqda neçə uşaq var və hansı yaş aralığındadırlar?

- Bu gün sığınacaqda 35 uşaq var. Müxtəlif yaş kateqoriyalarında olan uşaqlardır. Onlardan ən kiçiyinin 2 yaşı, ən böyüyünün 17 yaşı var.

Sığınacağımızda, əsasən zorakılığa məruz qalmış uşaqlardır ki, onlardan faiz olaraq qızlar üstünlük təşkil edir. Zorakılıq dedikdə fiziki zorakılıqdan, əməyə məcbur edilmə, dilənçilikdən, psixoloji basqıdan və cinsi zorakılıqdan söhbət gedir.

- Bəs uşaqlarla işləmək çətindir?

- Düşünürəm ki, ürəyində sevgi, mərhəmət, vicdanı olan hər bir şəxs uşağı tərbiyə etməkdən, təlim-tərbiyə, təhsil verməkdən böyük zövq almalıdır. Bu, bizim həm işimizdir, həm də vicdan borcumuzdur. Biz bundan zövq alırıq. Bunun üçün bizim səhər saat 9-dan axşam 6-ya qədər bir iş rejimimiz yoxdur. Biz səhər tezdən gecəyə qədər və hətta 24 saat ərzində fəaliyyət göstəririk, uşaqlar reabilitasiya keçir. Aşağıda da iş gedir, otaqlarından ab-havasından görəcəksiniz.

- Ayrı-ayrı ailələrdən olan uşaqlar bir-birləri ilə yola gedirlər?

- Bura böyük bir ailədir. Burda uşaqlar bir-birlərinə bacı-qardaş kimi davranırlar. Yeni gələn uşağı görəndə yalnız bir söz deyirlər: bacımız gəldi, qardaşımız gəldi. Yəni çox yaxşı yola gedirlər. Amma, məsələn bir evdə bizim bacı-qardaşlarımızla münasibətimiz necə olur? Dalaşanda dalaşır, barışanda barışır, qucaqlaşanda qucaqlaşır. Amma ən maraqlısı və həqiqətən də insana təsir edən odur ki, burda yadlar o qədər doğmalaşır ki... Böyük qızlar balacalara yardım edir. Yeməyində, geyindirilməsində, əl-üzünün yuyulmasında, oyuncaqlarla oynamasında, davranışlarının formalaşdırılmasında onlara çox böyük dəstək olurlar. Böyük uşaqların da onlara olan qayğısı onları sevgi ilə formalaşdırır. Onlar böyükləri həqiqətən böyük kimi görürlər, onların sözünü qaytarmırlar. Bəzən müəllim deyir ki, "mənə heç qulaq asmadı, amma bacısı deyən kimi tez özünü toparladı". Demək ki, bir ailəiçi sevgi formalaşıb burda.

Elə olub ki, uşaq ailəyə gedib, sonra yenidən bizə qaçıb gəlib

- Bura gələn hər bir uşağın taleyi çox ağır olur, təbii ki. Amma sizə ən çox təsir edən hansı uşağın hekayəsi olub?

- 17 ildir ki, sığınacaq fəaliyyət göstərir. Bu illər ərzində mənim unudacağım hansısa bir keys yoxdur. Hər bir uşağa fərdi yanaşdığımız üçün hər biri yaddaqalandır. Bir uşaq reabilitasiya deyək, təhlükəsizlikmi, baxımsızlıq səbəbindənmi deyək, amma hər bir halda ailəsindən kənarda həyatını davam etməlidir və ya bura onun üçün bir tranzit olmalıdırsa, demək ki, onun hər biri yaddaqalandır. Amma ən çox yadımda qalan əlbəttə ki, onların ilk gecələridir. İlk gecələri olduqca ağırdır. Balacalarla bağlı bir cür problem yaşanır. Çünki biz bilmirik ki, o, əmzik yeyirmi, biz bilmirik ki, o bu saatda sumu içir. Hətta elə uşaqlar var ki, biz onun hansı süni yeməklə qidalandığını bilməmişik. Çox çətinliklərimiz olub. İlk gecə ağlamalı gecədir. Onların ağladığı gecədir. Əsasən də bu böyüklərdə özünü tapır. Çünki hər hansı səbəbdən bura düşmüş, ağır bir cinayətdən keçmiş olursa da, onun hələ də içində qorxusu var ki, "Bəlkə burda ondan da betər olacaq", "Bəlkə mən bir daha burdan çıxa bilməyəcəm", "Bəlkə mən bir daha mənə qarşı şiddət göstərmiş olsa da, anamın-atamın yanına dönə bilməyəcəm, mənə faciə yaşadan qardaşımla birdə görüşməyəcəm". Yəni bu suallar o qədər formalaşır ki...

- Bəs burdan çıxıb yenidən öz ailəsinin yanına qayıdanlar olub?

- Yetərincə... Biz əslində uşaqların reabilitasiyasını hüquqi, tibbi, psixoloji, eyni zamanda təhsilinin bərpası istiqamətlərində aparırıq. Bunlarla paralel həm də ailələrinin araşdırılması, tapılmasını həyata keçiririrk. Biz bu işdə tək deyilik. Dövlət qurumlarının da birbaşa aidiyyatı var - istər Sosial Xidmətlər Agentliyi, istər o uşaqları bura yerləşdirən qurumlar hansı ki, bizim partnyor təşkilatımız Daxili İşlər Nazirliyidir, yerli polis bölmələrinin əməkdaşlarıdır.

Biz uşağın ailəyə qaytarılması əsasında fərdi planlarımızı tərtib edirik. İstisna hallar da olur. Əgər cinayət hadisəsi baş veribsə, uşağa qarşı cinsi zorakılıq, fiziki şiddət göstərilibsə, bununla bağlı cinayət işi açılıbsa, həbs qətimkan tədbiri seçilmiş bir ata, ana, qardaşla bağlı iş aparılırsa, demək ki, uşağın həmin ailəyə dönüşü mümkün deyil. Bu vəziyyətlərdə artıq dövlət qurumlarında uşağın sonrakı həyatının formalaşmasını fərdi planlarda müəyyən edirik.

- Ailəsinə geri qayıdanlar necə? Yenidən sizə müraciət edib "məni o ailədən xilas edin" deyənlər olurmu?

- Olur, əlbəttə. Amma onların sayı elə də çox deyil. Ailəyə dönüşdən sonra monitorinq etmək artıq bizim səlahiyyətimizdə deyil. Ancaq bu uşaqlarla sıx kontaktımız, ailələrlə əlaqələrimiz olur. Bəzi ailələrin sosial-iqtisadi vəziyyətində problemlər olduğundan ilkin mərhələdə onlar bizdən rica edirlər ki, vəziyyətimiz düzələnə qədər bizə yardım edin. Ayenə deyirəm, sırf monitorinq işi, ailəni dəyərləndirdikdən sonra ailəyə ziyarətlər Sosial Xidmətlər Agentliyinin səlahiyyətində olan bir işdir.

Elə olub ki, bəli, uşaq ailəyə gedib, sonra yenidən bizə qaçıb gəlib və biz hüquq-mühafizə orqanlarının əməkdaşlarını dəvət etmişik. Onlar dinləyiblər, aktlaşdırıblar, ifadəsi alınıb və uşağın geri dönüşü artıq ailəyə deyil, bu müəssisəyə olur. 16-17 yaşında qızın uşaq evinə yerləşdirilməsi, düşünürəm onun üçün növbəti travma olar. Amma onun artıq cəmiyyətə qatılmasına az bir müddət qaldığına görə biz onu burda hazırlayırıq: onun peşə təhsili bacarıqlarının inkişaf etdirilməsi, peşə təhsili mərkəzlərində peşə təhsilini alması məqsədilə biz burdan artıq müraciətlərimizi edirik, Məşğulluq İdarəsi ilə danışırıq, kurslara göndəririk. Hazırda bizim 4 qızımız tibb kurslarına gedir və gələn tədris ilində artıq bitirəcəklər. Onların işlə təmin olunması, maaşa bağlanması və müstəqil həyatlarının davam etdirilməsi istiqamətində biz fəaliyyət göstəririk.

Mən ona görə sığınacaqdan oğluma qız almaq istəyirəm ki...

- Müsahibələrinizdən birində demişiniz ki, sığınacağa evlənmək üçün müraciət edənlər də olub. Oğluna qız axtaran analar, özünə qız axtaranlar...

- Ümumiyyətlə, o müraciətlər bizim ən yaralı yerimizdir. Biz hansısa bir nikah bürosu deyilik. "Mən oğluma qız axtarıram. Bəlkə sizdə kimsəsiz bir qız var" fikri mənim üçün çox absurd bir fikirdir. Demək ki, bunun özünün arxasında hansısa başqa fəaliyyətlər dayanır. Hər dəfə onlar gələndə ilk olaraq çox təmkinlə bildiririk ki, əvvəla, burda azyaşlılardır, ikincisi sizin övladınız özü sevsin, özü ailə qursun və bunun üçün kimsəsiz deyib düşüb çöllərdə qız axtarmaq çox cahil bir yanaşmadır.

Ən çox müraciətlərin içində məni üzən ailəsində övladı, qardaşı, qohumu fiziki qüsurlu, əngəlli olanlar üçün sığınacaqdan qız axtarmaqdır. Mən onlara çox pis reaksiya verirəm və bunu dəfələrlə cəmiyyətdə də bildirmişəm ki, özləri evlənsinlər. Fiziki əngəlli o demək deyil ki, sevə bilməz. Onun da bir çevrəsi ola bilər. Yox əgər siz "nökər" axtarırsınızsa, o zaman onu sığınacaqlardan axtarmayın. Onlarda o fikir var ki, "yiyəsizdi də". Yəni şüuraltı belədir: Mən ona görə sığınacaqdan oğluma qız almaq istəyirəm ki, onun kimsəsi yoxdur, onun müdafiə mexanizmi yoxdur. Bu, özü bir cinayətdir.

- Bu uşaqların gələcək taleləri necə olur bəs? Şanssız doğulub, şanssız yaşamağa da davam edirlər?

- Bəlkə də onların şansı buradır... Dövlətin himayəsidir... Çünki bir körpəni xilas etdikdə biz onun körpəliyi ilə paralel həm də onun gələcəyini düşünürük. Biz əgər bu gün düşünürüksə, bir körpənin əlindən tutub onun sənədini düzəldəcəyiksə, bunda bizə dövlət qurumları dəstək verəcəksə, biz bu uşağın müəyyən bir dövründə ona yardımçı olacağıqsa, bu, əlbəttə qürurvericidir və bizim o uşağın həyatının dəyişilməsində böyük bir rolumuzun olduğunu görürük. Ümumiyyətlə, mən heç bir uşağın sığınacağa düşməsinin tərəfdarı deyiləm. Amma bu gün şans gətirirsə ki, ən azından təhlükəli vəziyyətlərdən çıxıb sığınacaqlara yerləşdirilirsə, bəli, demək, onun şansı odur ki, dövlət himayəsində, qeyri-hökumət təşkilatının nəzarətində olacaq.

Şans dediyimiz nədir? Bu gün uşaqların ən böyük problemlərindən biri təhsildən kənarda qalmasıdır. Onların ailələrinin sosial portretlərini yaradanda baxırıq ki, o ailədə təhsil alan olmayıb, o ailədə yarımçıq təhsil olub. Valideynin cahilliyi, uğursuzluğu, bərbad həyat hekayəsinin formalaşması nəticəsində bu uşaqlar dünyaya gəlir. Şans odur ki, biz o uşaqların əlindən tutaraq maarifləndiririk, onların peşə bacarıqlarını formalaşdırırıq. Bizə gələn uşaqları bir neşə gün adaptasiya olmaları üçün dərslərə deyil, sadəcə bir baxış prosesinə buraxırıq. Uşaq sadəcə dayanır, müşahidə edir. Bir həftə boyuncə dəfələrlə yaxınlaşıb, "mənə də iş ver, mən də bu işi görmək istəyirəm" deyir.

- Nə işlər?

- İş dediyimiz isə əl işləridir. Biz psixo-art-terapiyanı birləşdirmişik. Bizdə sanal musiqi terapiyası var. Bunların hamsı uşaqların şüurlarının formalaşması, dəyişməsi, özlərinə güvənin artmasını kömək olur. Bu gün bura üz tutan təhsildən kənar qalan qızların ən geci bir aydan sonra gəlib "yalvarıram, mən oxumaq istəyirəm. Mənə yardım edin" deyir. Baxır ki, digər uşaqlar uğur qazanır, bu da digəri üçün böyük motivasiya olur.

Dünən 10 nəfəri seçdik. Türkiyənin məhşur bir rəssamı var: Binnur Ərsoy. O, hazırda Bakıdadır. Özünün qalereyasını açıb, fərdi dərslər keçir. O, artıq neçənci dəfədir ki, bizim uşaqlar üçün psixo-art-terapi masterklassları keçir. Uşaqlar isə deyir ki, biz nə qədər şanslıyıq ki, belə bir insanın dərslərini alırıq. Bunların hamısı onların şansıdır. O şansı bizə qazandıran həmin o insanlardır.

Biz bu realibitasiya proqramının adını əslində qoymuşuq "İkinci nəfəs"...

Ana olmaq üçün ana hisslərini yaşamağı tövsiyə edirəm

- Uşaqların istedadlarını üzə çıxarırsınız..

- İstedadsız uşaq yoxdur ki... Uşaqların hər biri istedadlıdır. Azərbaycan Uşaqları İctimai Birliyi komanda olaraq dir devizimiz var: Özgə uşağı olmur. Özgə uşaq dedikdə, biz o uşağın potensialını bilmirik axı.

Heç vaxt əlinə fırça almayan bir uşağın 1 aydan sonra gözəl tablo yaratması, demək o uşağın sadəcə bacarıqlarının qiymətləndirilməməsi olub. Ailənin ona dəyər verməməsi, onu qiymətləndirməməsi, "sən gərəksizsən". "sən bacarıqsızsan", "sən mənim üçün bir yüksən" dediyi halda onlar özlərinin gərəkli olduğunu düşünmürlər. Bilirsiniz, onlar dəyərli olduqlarını hansı prosesdə dərk edirlər?

- Hansı?

- Bizim layihə dediyimiz, yəni fəaliyyətimizin ən əsas hissəsi istifadə olunmuş, yararsız əşyalara yenidən həyat verməkdir. Bu layihəmizin adı "İkinci nəfəs”dir. Sındırılmış, tərk edilmiş, atılmış, çöplük qədər dəyər qoyulmuş bir uşaq oturur, başlayır lazımsız, gərəksiz, atılmış, sındırılmış oyuncaqların bərpasına, o oyuncaqların geyindirilməsinə, artıq zibil qabına gedəcək kağız parçalarından bir oriqaminin hazırlanması və "İkinci nəfəs" o əşyaların bərpasına çox təsir edir. İkinci nəfəsimiz həm o uşaqların yaratdığı əl işləridir və o əl işlərinə baxan uşaq özünün nə qədər dəyərli olduğunu görür.

Biz bu reabilitasiya proqramının adını əslində "İkinci nəfəs" qoymuşuq.

- Son olaraq ailələrə nə məsləhət görərdiniz?

- Analar günü oldu. Ana olmaq üçün ana hisslərini yaşamağı tövsiyə edirəm.  Ana olmaq üçün övladın planlaşdırılmasını tövsiyə edirəm.  Ana olaraq uşaqlardan istifadə etməməyi tövsiyə edirəm. Gənclərə bircə tövsiyəm odur ki, sevərək evlənin və övlad dünyaya gətirməyi planlaşdırın. Çünki o uşağın heç bir günası yoxdur ki, sabah sizin ya maliyyə, ya psixoloji, ya da ailə dəyərləriniz onun ortada qalmasına səbəb olsun. Ona görə ilk növbədə sevərək, düşünərək, məntiqlə ailəni planlaşdırın.

Mina Mikayılova


SON XƏBƏRLƏR

01 Iyul 2024