• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Zahid Oruc: “Rusiyanın Xankəndidə konsulluq açacağını düşünmürəm” - MÜSAHİBƏ

MÜSAHİBƏ

31 May 2024 | 10:40

Zahid Oruc: “Rusiyanın Xankəndidə konsulluq açacağını düşünmürəm” - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, Rusiya Xankəndidə yaxın vaxtlarda baş konsulluq açmaq istəyir.

Bu barədə məlumat verən Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib ki, baş konsulluğun 2024-cü ildə açılması yaxşı olardı.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a müsahibə verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə vurğulayıb ki, azad olunmuş torpaqlarda hansısa ölkənin konsulluq və ya qeyri-statusda olan xidmətlər açması fonunda Türkiyədən başqa, ikinci bir dövlətə ehtiyac yoxdur.

Zahid Orucla müsahibəni təqdim edirik:

- Zahid bəy, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Xankəndidə konsulluq açmaq istəklərini açıqlayıb. Rusiyanın bu istəyinin səbəbi nədir?

- Bu cür təklif son dörd il ərzində Xankəndi ətrafında cərəyan edən proseslər fonunda meydana çıxıb. Bir çox düşmən dairələr maksimum dərəcədə məsələni siyasiləşdirməyə çalışırlar. Sözügedən təklif 1960 nəfərlik rus əsgərin bölgədən çıxmasından sonra diplomatik işğalın göstəricisidir. Rusiya çarizm dövründə özünün canişinləri vasitəsilə bölgəyə nəzarət etdiyi kimi, indi də məsələyə eyni prizmadan yanaşır. Bölgədəki geopolitik vəziyyəti öz maraqları istiqamətində dəyişdirmək, xüsusən də Rusiya, Türkiyə və Azərbaycan arasında ənənəvi tarixi konfliktləri meydana gətirmək istəyində olan dairələr istehlakçı istismarı kimi çıxış edirlər.

Hazırda "Böyük Qayıdış" dövlət kursu həyata keçirilsə də, hələlik Xankəndi daxil olmaqla, məskunlaşma tam getməyib. İlkin olaraq, vətəndaşlarımız Laçına, Şuşaya, Zəngilana və digər ərazilərə qayıdıblar. 2026-cı ilin sonuna və 2027-ci ilin əvvəlinə kimi 130 min vətəndaşımızın Qarabağa dönüşü əsas plandır. Bu halda hansısa dövlətlərin konsulluq və ya diplomatik ranqlı nümayəndəliyinin açılması sonrakı məsələdir. Zamanı qabaqlamamaq və məsələyə bu istiqamətdə münasibət bildirmək daha doğru olar.

- Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması fonunda rəsmi Moskvanın artıq Ermənistanın deyil, ölkəmizin yanında olduğunu hesab etmək olarmı?

- 2020-ci ildə savaşdan sonra Rusiyanın moderatorluğu prosesin daha geniş miqyasda və qlobal dairələrin regiona ayaq açması səviyyəsində həllinin qarşısını alan, Türkiyə və Azərbaycanın mövqeyini qəbul edən bir davranış sərgilədi. Bu, son iki əsrdə görünməmiş hadisə idi. Sonrakı dövrdə Ermənistanın çoxəsrlik tarixində həmişə "rus əsgəri bizim əvəzimizdən ölsün" kimi baxışına, sanki dövlətin fundamental təməlinə qoyulmuş bu ideologiyaya zərbə vuruldu. Rus qüvvələri Azərbaycanın verdiyi mandat çərçivəsində davranaraq, özlərini regionda hərbi baza yaradılması və prosesləri körükləyən qüvvə kimi göstərmədilər. 2023-cü ilin sentyabr ayında isə atdığı addımlar Ermənistan-Rusiya münasibətlərinin daha aşağı səviyyəyə düşməsinə səbəb oldu. Hətta ekspert camiəsi, diaspor və Paşinyan çevrəsindəki anti-Rusiya hərıkatlarına geniş qucaq açıldı. Azərbaycan tərəfi bu nüansların hər birini diqqət mərkəzində saxlamalıdır.

- Qarabağda ilk olaraq, hansı ölkənin konsulluq və ya nümayəndəliyi açılmalıdır?

- Azərbaycan üçün ilk növbədə, qardaş ölkənin məhz Şuşada elan olunmuş konsulluq xidmətinin açılması əsas məsələdir. Azad olunmuş torpaqlarda hansısa nümayəndəliyin və ya beynəlxalq xidmətlərin açılması müstəsna hadisədir. Bu məsələ ilə bağlı Ali Baş Komandan elə bir səviyyədə milli iradəni ifadə edərək qərar verir ki, müstəqilliyimiz və suverenliyimiz ziyan çəkməsin. Ona görə də Qriqori Karasin kimi təcrübəli diplomatın səsləndirdiyi fikir ictimai məkanda bir test kimi qəbul oluna bilər. Karasinin təklifi xüsusən də erməni informasiya seqmentindəki münasibətləri yoxlamaq məqsədi daşıya bilər.

- Ümumiyyətlə, qarşıdakı dövrdə Rusiyanın Xankəndində konsulluq açması mümkün ola bilərmi?

- Rusiyanın Xankəndidə konsulluq açacağını düşünmürəm. Çünki indiki halda bu addımın heç bir zərurəti yoxdur. Bu baxımdan Azərbaycan media məkanında, xüsusən də anti-hakimiyyət dairələrinin məsələnin gerçəkliklə əlaqəsi olmayan versiyaları ilə çıxış etməsi yanlışdır. Sanki son məlumat həmin dairələr üçün geopolitik nəfəslik olmuşdu. Vurğulamaq istəyirəm ki, azad olunmuş torpaqlarda hansısa ölkənin konsulluq və ya qeyri-statusda olan xidmətlər açması fonunda Türkiyədən başqa, ikinci bir dövlətə ehtiyac yoxdur. Azərbaycan-Rusiya münasibətləri isə normal səviyyədə inkişaf edir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

01 Iyul 2024