• Bakı 19° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Cavan qızları öpüb vəzifəyə qoymaqla deyil... - Elmir Əkbər NƏLƏR DANIŞDI?

MÜSAHİBƏ

09 Aprel 2024 | 09:33

Cavan qızları öpüb vəzifəyə qoymaqla deyil... - Elmir Əkbər NƏLƏR DANIŞDI?

Psixoterapevt Elmir Əkbər Bakıvaxtı.az-a müsahibə verib.

Onunla cəmiyyətin psixoloji durumunu müzakirə etdik. Psixoterapevt əksəriyyəti maraqlandıran bir sıra məsələlərə də aydınlıq gətirib.

Həmin müsahibəni təqdim edirik:

Yanıma Freydi, Yunqu, Frankı tanıyanlar, problemini dərk edənlar gəlir

- Son zamanlar kökü psixologiyaya dayanan bir çox hadisə baş verib. Hal-hazırda Azərbaycan cəmiyyətinin psixoloji durumu necədir?

- Ümumiyyətlə, bir şeyi bilməliyik ki, cəmiyyətdə Qərbə, inkişaf etmiş ölkələrə inteqrasiya gedir. Daim bir təkamül baş verir. Və hər bir cəmiyyətin həyat tərzi mövcud şəraitə uyğun olmalıdır. Əgər bu gün inkişaf etmiş Qərb ölkələrinə uyğun həyat tərzi yaşayırıqsa, vətandaşlarımızın sürdüyü həyat tərzi də buna uyğun olmalıdır. Qərb insanları profilaktik məqsədlə ən az həftədə bir dəfə həkim-psixoterapevt, klinik tibbi psixoloq müayinələrinə gedirlər. Çünki indiki həyat tərzinin tempi əvvəlki illərlə eyni deyil. Adi bu gün Tiktok kimi platformalarda görürsünüzmü necə xəbər bolluğu var. Bu məlumatın çoxluğu istər-istəməz insanda fəsadlar yaradır. Bu gün demək olar ki, uşaqların 99%-də hiperaktivlik, diqqət əskikliyi sindromu var ki, o da uşağın gələcəyini məhv edir.

Mən istəyirəm sizin vasitənizlə valideynlərə müraciət edim. Bəzən deyirlər, uşağın xasiyyəti pisdir, nadincdir, dəcəldir, bir yerdə dinc durmur, dərs oxumur, diqqətini cəmləmir, müəllimə qulaq asmır . Bəziləri deyir, “uşağın yaxşı başı var, amma oxumur”. Bu o dediyimiz diqqət problemlərindən biridir, xəstəliyin bir növüdür. Başqa bir odu ki, bu istedadlı adamdır, amma başladığı heç nəyi sona çatdıra bilmir. Bu diqqət problemlərinin başqa bir növüdür. Bunlar hamısı psixoloji problemdir. Sadəcə bizim cəmiyyət bunun problem olduğunu qəbul etmək, mütəxəssisə müraciət etmək istəmir. Bunun kökündə də cəhalət və nadanlıq durur. Falçıya, cadugərə, gorqazana, cinçıxarana, ekstarasensə getmək istəyirlər, amma həkim-psixoterapevtə, psixoloqa getmək ağıllarına gəlmir. Bax, bu problemlərdən qaynaqlanır əslində. Kökündə bu durur.

- Dediniz Qərbdə insanlar tez-tez psixoloqların yanına gedirlər. Bəs sizin yanınıza insanlar hansı çoxluqda gəlir? Ən çox hansı şikayətlərlə Elmir Əkbərə müraciət edirlər?

-Bayaq bir verilişdə qonaq idik. Dəyərli vəkillərimizdən biri yaxşı bir söz dedi ki, sənin yanına gələnlər qoyun otaranlar, pis çıxmasın, amma dünyagörüşü 4 qoyundan kənara çıxmayanlar deyil. Bugünkü gün Azərbaycanın durumu elədir ki, mənim yanıma hər adam gəlmir. Ancaq xüsusi zəkası olan, Freydi, Yunqu, Frankı tanıyan, problemini dərk edən, dərrakəsi yüksək olan, dərindən analiz etməyi bacaran, intellekti yüksək olan insanlar gəlir. Zatən bir sıra problemlər məhz zəkalı insanlarda olur. Psixoloji problem ağılın, zəkanın, mən həmişə deyirəm ki, zəkatıdır. Atalar yaxşı deyib də “Ağıllı olub dərd çəkincə, dəli ol sənin dərdini çəksinlər”. Üzr istəyirəm bu ifadəmə görə, mən dəli kəlməsinin əleyhinəyəm. Amma insanlar həyatda 2 qrupa bölünür: nevroloqun, psixiatrın kabinetində gülənlər və biz psixoterapevtlərin kabinetində ağlayanlar. Yəni zəka problemi, ağır nevroloji, ağır psixiatrik xəstəliyi olan insanlar psixoterapevtin kim olduğunu heç tanımırlar. Bizim yanımıza gələn insanlar kimdir? Daha çox depressiyadan əziyyət çəkənlər. Depressiyanın çoxlu növləri var. İnsanlar depressiyaya barmaqarası baxır. Hər şey depressiyadan başlayır. İnfarkt, insult, xərçəng xəstəliyi, intiharlar - bunlar hamısı depressiyanın fəsadıdır.

Xəstəliklərin beynəlxalq təsnifatı deyilən bir maddə var, Ümumdünya Səhiyyə Təşkilatı onunla işləyir. Bunlar nevroloji xəstəliklər getmir. Təəssüf ki, bu gün bəzi dələduz həkimlər bunları problem kimi göstərir. Onlar pasiyentləri narkotik vasitə kimi asılı salırlar. Bənzər asılılıq yaradan dərmanlar yazılır. Pasiyent qısa müddət özünü yaxşı hiss edir. Sonra isə vəziyyət daha da pisləşir. Onda da deyirlər ki, mən edəcəyimi etdim, indi də get səninlə psixoterapevt məşğul olsun. Sən adamı narkoman etmisən. Elədiyimi elədim nədir? Üzr istəyirəm, inəyi sağıb-sağıb, südü qurtarandan sonar buraxmaq kimi bir şeydir. Elə şey olmur axı. Sən adamın problemini ağır xroniki xəstəliyə çevirmisən. Yenə də mən düşünürəm ki, günahkar o dələduzlar deyil, günah o dələduzun yanına gedən cahil və nadan insanlardadır. Dişi ağrıyan bir insan ginekoloqa getmir axı. Ona görə də maariflənməlidirlər. Hətta qanunvericilikdə belə deyir ki, bilməmək insanı məsuliyyətdən azad eləmir. Ona görə insanlar maariflənməlidir. O dələduz həkimlər bir yana, elələri var, heç həkim deyil, amma özünü həkim adlandırır. Sizin efirlərdən tanıdığınız psixoloqların ən azı 80%-i heç psixologiyaya aidiyyatı olmayan insanlardır.

Onların sertifikatlarının, diplomlarının tualet kağızından fərqi yoxdur

- Növbəti sualım elə bununla bağlıdır. Son zamanlar sosial şəbəkələrdə özünü psixoloq kimi təqdim edənlərin sayı artıb. Amma müraciət etdikdə… Buna münasibətiniz necədir?

- Bunlar dəhşətli cinayət hadisələridir. Mənə şəkillər atırlar, soruşurlar ki, “doktor, bu düzdür?”. Bəzən elan verirlər ki, gəlin bizim kursumuzu keçin, sizə rəsmi, təsdiq olunan diplom verəcəyik. Sizi Amerika Psixologiya Assosiasiyasına və ya Avropa Psixoterapiya Assosiasiyasına rəsmi üzvlüyə götürəcəyik.  Mən Avstriyada təhsil almışam, Amerikada təcrübə keçmişəm. Amma bu adamların heç ayağı Amerikaya, Avropaya dəyməyib, amma camaata “kurs” keçirlər. Bunlar qanırlarmı, anlayırlarmı Amerika Psixologiya Assosiasiyasına üzv olmaq nə deməkdir? Kim üzv olur? Nə məqsədlə üzv olur? Necə üzv olur? Ya da olsun Avropa. Sən Avropada təhsil almısan, ay bala? Sən hardan Avropa Psixoterapiya Assosiasiyasına üzv oldun?

O səhifələr insanları aldadır. Onlar dələduzluq edirlər. Azərbaycanda hətta psixiatr belə yalandan özünü psixoterapevt kimi tanıdır. Axı sənin bu diplomun yoxdur. Həkim-psixoterapevtin təhsili və onun vəsiqəsi olmalıdır. İndi “eskort” üsulu ilə məşğul olanlar özünü psixoloq adlandırır.  Hətta kloun belə özünü psixoterapevt kimi təqdim edir. Bunların küyünə düşüb psixoloqlarımız da başlayırlar əndrabadi hərəkətlər eləməyə ki, diqqət cəlb eləsin. Onları da qınayırlar ki, psixoloq belə işlər görməməlidir.

- Niyə tədbir görülmür bəs? Kim tədbir görməlidir?

- Psixoterapevt mütləq psixiatr olub əlavə neçə dəfə təhsil alandır. Əvvəl müalicə işi fakültəsini bitirməlidir, sonra psixiatr olmalıdır, sonra da psixoterapevt. Amma bu təhsilləri almayanlar özlərini yalandan belə təqdim edirlər. Azərbaycan Tibb Unuversitetini bitirməyənlər belə özlərinə həkim deyir. 90-cı illərin axırında, 2000-lərin əvvəllərində fırıldaqçı kontorlar vardı, “paçka” ilə həkim istehsal edirdilər. Sonra dövlət nə etdi? Hamsını bağladı, fırıldaqçı olduqları məlum oldu. İndi onu bitirənlər meydan oxuyur. Özlərini həkim adlandırırlar. Bilirsiniz nə hoqqalar baş verir? Axşam “diplom” çap edir, səhər “mütəxəssis” olurlar. Onların sertifikatlarının, diplomlarının tualet kağızından fərqi yoxdur.

- Amma burda problemlərdən biri də onlara aldanan, onlara yönələn, bir növ həvəslənən insanlardadır...

- Əsas elə onlardır da. Bizə 100 adam 100 söz deyə bilər. Maşınına təkər alanda 100 dəfə yoxladır, telefon alanda ətraflı maraqlanır, amma gedib canını tapşırdığı adamı yoxlamır. Sonra da deyir, getmişdik psixoloqa ailə problemlərini həll etməyə. Kişi bunu atır, sonra da görür ki, həmin o ”psixoloq”la gəzməklərdədir, xaricdə istirahətdədir. Baxır görür bu kişinin pulu var, ələ keçirir. Sən bunun yanına gedəndə bir bax da. Tibb Universitetini oxumaq bilirsiniz necə çətindir? Mən Azərbaycanda Tibb Universitetini oxumuşam, sonra Avstriyada, Peterburqda. Ən çətini burda oxumaq idi. Azərbaycanda oxumaq qədər çətin bir şey yoxdur. Və həqiqətən təhsil almış insan belə xırda şeylərə görə ən azı o zəhmətinə heyfi gələr. Deyər belə şeyi niyə edim, diplomuma heyfdir. Amma heç təhsil almayanın itirəcək nəyi var? Onun qorxacaq heç nəyi yoxdur. Onsuz da onunku saxta bir diplomdur. Əlindən alacaqlar, sabah birini də çap edəcək.

Heç kim evinə balta almasın ki, Əhməd ailəsini balta ilə öldürüb?

- “Etdim, çünki psixoloji durumum yerində deyildi”. Hər törədilən qətli, edilən pis əməli psixologiyanın üzərinə atmaq nə dərəcə doğrudur?

- Bir analitik-psixoterapevt olaraq mən valideynlərin diqqətini həmişə uşaqlıq travmalarına çəkirəm. İnsanların ruh halının əhəmiyyətli olduğunu vurğulayıram. Əvvəl mən kriminal araşdırmalar şöbəsində işləmişəm. Bir adam anlaqlı olur, anlaqsız olur, buna kökündən bələdik. Heç kim də artıq danışa bilməz, yalan sata bilməz. Bir dəfə biri gəlib deyir ki, kriptomandır. Yəni oğurluq xəstəliyi var. Adam pul oğurlayıb. Dedim,  əzizim, kriptomaniya bilirsiniz nədir? Tutaq ki, sizə qonaq gəlir, gedəndə çay qaşığını, ayaqqabının bir tayını, corabın birini aparır. Kriptoman pul, qızıl oğurlamır. Sən oğrusan, bizə kələk gəlirsən.

Xocalıdan bütün ailəsini itirən, əlində uşaq, qarda əliyalın dona-dona, ayaqları donub kəsilmiş adam gəlib, heç o travma almadı. Amma buna uşaqlığında almanın balacasın, qardaşın yekəsini veriblər, buna görə deyir “mən travma aldım, nifrət edirəm valideynlərimə”. Elə şey olmur. İndi hamı psixoloji və tibbi terminlərlə spekulyasiya edir. Bu, belə deyil. Affektin xüsusi kriteriyaları var. Əhməd Əhmədov (ailəsinin 5 üzvünü qətlə yetirən şəxs – red.) planlı şəkildə bacısını, onun uşağını öldürüb, ata-anasını qətlə yetirib. Soruşanda da deyir, “belə lazım idi, etmişəm”. Bununla kimisə aldatmağa çalışmasın.

- Gəlin bir az da sosial şəbəkələrdən danışaq. Bu gün bir çox insan sosial şəbəkədə izləyici toplamaq üçün hər yola əl atır. Sosial şəbəkələr insanların gələcəyini hara sürükləyir?

- Burda günah onu istifadə edəndədir. Xeyirə istifadə etmək də var, şərə istifadə etmək də. Amma bu, bir faktdır ki, bu gün sosial şəbəkələr vasitəsilə çox böyük cinayətlər və əxlaqsızlıqlar baş verir. Burda nəyəsə görə “Tiktok”un, “Instagram”ın adını qaralayırlar. Amma yox… İstər sosial verilişlərdə, istər öz praktikamdan görürəm, camaat gəlir ki, məni alladıblar, dələduzluğun qurbanı olublar. İnanın bu dələduzluqla camaatın pulunu oğurlayanlar da bunu “Facebook”dan edir, ərinə xəyanət edən qadınlar da, arvadına xəyanət edən kişilər də bunu “Facebook”dan tapır. “Tiktok”un, “Instagram”ın adı pis çıxıb deyə çoxu qorxur. Elə “Facebook”dadır bütün namussuzluqlar, oğurluqlar. Amma yenə də adamın özündən asılıdır. İndi heç kim telefon işlətməsin ki, telefondan nəsə olur? Heç kim odun doğramağa balta almasın ki, Əhməd balta ilə ailəsin öldürüb? Yəni problem insanın özündədir. Ailələrdə, ailələrdə, yenə də ailələrdə. Verilişlərdə də deyirlər ki, valideynlərə heç nə deməyin, acıqlarına gəlir. Neynəyək bəs? İnsanları günahlandıraq? Hamısının səbəbkarı valideynin səhlənkarlığıdır. Əgər uşaqlarını vaxtında ən azı müayinə məqsədi ilə gətirsələr, inanın şizofreniyanın, əhmədlərin, narkomaniyanın qarşısını almaq olar. Uşaq vaxtı əgər uşağı düzgün yönləndirəriksə, ən ağır xəstəliklərin, hər bir problemin qarşısını almaq olar. Nə qədər ağır xəstəlik geni daşısa da düzgün psixoterapiya alanda o uşaqlar xəstəliyə tutulmur. Simptonlar hamısı nə vaxt başlayır? 15-16 yaşlarda. Sonra da deyirlər “filankəsin qızı oxumaqdan ağlını itirdi”, “Filankəsin oğlu aşiq oldu”. Ay bala, sənin uşağında şizofreniya başlayıb. Nə oxumaqdan ağlını itirdi? Kənardan deyirlər əşi aparma, adının üstünə ad qoydurma. Keçid dövrüdür. Keçid dövrü nə ilə bitir? Şizofreniya, qumarbazlıq, narkomanlıq və Əhmədlə...

- Camaat nə deyər düşüncəsi...

- Camaat indi nə deyir bəs? Yenə də hamıdan çox qınanılan Bikədir, anadır. Allah elə etsin ki, heç kimin cinayəti kiminsə başında çatlamasın. Heç bir Azərbaycan vətəndaşı başqalarına görə əziyyət çəkməsin. Kimsə göyə daş atırsa da, o daş onun öz başına düşsün. Onsuz da axırda çanaq yenə də valideynin başında çatlayır. Bütün insanlara dərs olsun ki, psixoloqa, həkimə gətirməməyin nəticəsi budur.

Bütün problemləri məktəbin, müəllimlərin üstün yıxmaqla deyil

- Məktəblərdə vəziyyət nə yerdədir? Məktəbdə baş verən hadisələrdə məsuliyyət valideynin, yoxsa məktəbin üzərinə düşür?

- Təhsildə böyük problemlər var. Bunu aidiyyatı adamlar qulaqlarını açıb yaxşı-yaxşı eşitsinlər. Cavan-cavan qızları yanağından öpüb vəzifəyə qoymaqla deyil. Təhsildə böyük islahatlara ehtiyaclar var. Biabırçılıqdır baş verənlər. Gəlin həqiqətin içinə baxaq. 7 yaşına kimi insanın xarakterinin vacib məqamları artıq formalaşır. Bu uşağın məsuliyyəti məktəbdən əvvəl birinci növbədə valideynin üzərindədir. Digər tərəfdən, bu məktəb olmasın, başqa məktəb olsun. Sabah köçdün getdin Afrikada, Avstraliyada yaşadın. Yenə də uşaq səninkidir. Hər şeyi məktəbin üzərinə yıxmaqla iş bitmir axı. Bəzi valideynlər uşağı başından edir. Göndərsin məktəbə, sonra da desin günahkar məktəbdir. Məktəbdəki problemləmləri də kim yaradır? Ailəsində problemi olan uşaqlar. Normal ailədən gələn uşaq məktəbdə problem yaratmır. Ona görə də valideynlər məsuliyyətlərini dərk etməlidirlər. Əksər valideynlər problemlidir. Məktəblərə bəzən dəvət edirlər. Baxıram ki, bəzi valideynlər uşaqlarından betər davranış göstərirlər. Yazığım gəlir o məktəbdəki müəllimlərə, xüsusəndə ibtidai sinif müəllimlərinə. Vallah, imkanım olsa ibtidai sinif müəllimlərinə qızıl heykəl qoyduraram. İbtidai sinif müəllimləri çox yüksək əmək haqqı almalıdır.

Mən düşünürəm ki, hər şey düzgün aparılan islahatlar zəminində mümkündür. Uşaqlarımız niyə intihar etməlidir? Abituriyentlər niyə həyatlarına son qoymalıdır? Bu sualıma cavab tapmaq istəyirəm.

- Qəbul imtahanları demişkən, qarşıdan qəbul imtahanları gəlir. Hər il imtahandan sonra intiharlar artır…

- Valideynlər başa düşməlidirlər ki, uşaqların sağlamlığı hər şeydən önəmlidir. Əziz valideynlər, imtahan insanın sağlığından və həyatından dəyərli ola bilməz. Valideynlər bir-biri ilə rəqabətə girirlər, özlərini kiməsə göstərməyə çalışırlar, “sənin uşağın bu qədər bal topladı, mənimki bu qədər”. Uşaqlarını qurban etməsinlər. Onsuz da sistem problemlidir. Üstəgəl valideyn də bir yandan. Belə olmaz.

- Əgər uşaq imtahandan az bal toplayıb deyə evdən qaçırsa, burda problem valideyn basqısıdır, ya uşağın psixoloji durumu?

- Uşağın psixologiyasında problemin olması kimdən qaynaqlanır? Yenə də valideyn günahkardır. Düzdür, mən də bilirəm məktəbdə psixoloji xidmət olmalıdır. Amma gəlin yaddan çıxarmayaq ki, məktəbdəki psixoloji xidmət klinik tibbi psixoloji xidmət deyil. O, ümumi məktəbin atmosferi üçündür. Problemli uşaqları aşkarlamaq üçündür. Məktəbdəki psixoloq müalicə etməklə məşğul olmalı deyil. Yalandan problemi onların üstünə yıxmaqla deyil. O ayrı məsələdir ki, məktəbdə psixoloqun hazırlığı qənaətbəxşdir, ya yox. Amma onun nə maaşı var ki, Avstriyada gedib kurs keçsin. Amma hər bir halda o 1 nömrəli mütəxəssis də olsa, məktəb bu işlə məşğul olmalı deyil. O uşağın psixologiyasındakı sarsıntının da arxasında ailədəki nataraz durumlar durur.

Nikaha girənlər psixoloji və psixoterapevtik müayinə edilməlidir

- Yəqin ki, xəbərləri izləyirsiniz. Həyat yoldaşını öldürən qadınlar, bəylər, uşağının həyatına son qoyan analar, atalar var. Evlilikdən qabaq bir çox analiz verilsə də, psixoloji analiz verilmir. Evlilikdən öncə niyə insanlardan bu analiz tələb olunmur?

- Mən illərdir deyirəm ki, psixoloji və psixoterapevtik müayinə və dəyərləndirmələr də mütləq aparılmalıdır. Özü də ayrı-ayrı. Psixoloji-terapevtik ayrı, psixiatrik ayrı. Bunlar çünki eyni deyil. Gedib yoxlanacaq, psixiatr deyəcək bu adam şizofren deyil, sağlamdır. Amma psixoloji və psixoterapevtik baxımdan bu adam münasibdirmi? Bunun xarakteri nədir? Bunun davranışı nədir? Ona görə bunlar da vacib olmalıdır. İnsanlar öz həyatları ilə oynayırlar. Baxırsan ki, maşın alanda daha diqqətli olur, nəinki ailə quranda.

- Son olaraq insanlara nələri tövsiyyə edərdiniz?

- Deyiləcək o qədər söz var ki... Sadəcə olaraq cəhalətdən, nadanlıqdan uzaq olsunlar. Həyata obyektiv, odekvat, zəka və ziya nəzəri ilə baxsınlar. Bu gün siz övladınızı mütəxəssis yanına gətirməyəndə, sabah onları ağır xəstəliklərlə psixiatrik xəstəxanalara yerləşdirməli olursunuz... Həbsxanada yanına yemək aparmalı olursunuz... Narkoloji dispanserlərə getməli olursunuz... Ən pisi gedib Suriyada onun cənazəsini axtarırsınız ki, terror edəndə harda ölüb... Ona görə də çəkinməsinlər, cəhalətə yox desinlər. Tarixdə xilasın bir növü var: ziya, zəka, elm yolu... Gözəl deyiblər, “Qüdrət elmdədir, başqa çür kimsə kiməsə üstünlük edə bilməz”. Cəhalətdən uzaq olsunlar ki, Əhmədlərin sayı çoxalmasın...

Mina Mikayılova

Fotolar: İmran Qurbanov


SON XƏBƏRLƏR

29 Aprel 2024