Terror təşkilatı PKK-nın bir qrup üzvü İraqın Süleymaniyyə şəhərinin 50 kilometr qərbində yerləşən Casene mağarasında tərk-silah prosesinin ilk addımı olaraq silahlarını yandırıb. Mərasim üçün diqqətlə seçilən mağaranın tarixçəsi maraq doğurub
Oktyabrın 22-də Dövlət Baxçalının çağırışı ilə başlayan proses bu gün Süleymaniyyənin qərbində yerləşən Casane mağarasında PKK qruplaşmasının silahlarını yandırması ilə yeni mərhələyə qədəm qoyub.
Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-nın silah qoyma mərasimi üçün DEM Partiyasının həmsədrləri, çox sayda jurnalist və qeyri-hökumət təşkilatının üzvləri Süleymaniyyəyə dəvət edilib, silah qoyma mərasimi üçün Casene mağarası seçilib.
Simvolik əhəmiyyətinə görə diqqətlə seçilmiş mağara son 100 ildə bir çox tarixi hadisələrə səhnə olub.
1923-cü ildə İngiltərə bombardmanından qaçarkən Şeyx Mahmud Hafidin sığındığı bu mağara daha sonra ilk kürd qəzetlərindən birinin çap olunduğu mətbəə kimi istifadə edilib.
Zamanla mağara 1991-ci ildə Səddam rejiminə qarşı üsyan edən kürdlərin episentrinə çevrilib. Bu səbəbdən Casene mağarası təşkilat tərəfindən "tarixi simvol" yeri olaraq seçilib.
Süleymaniyyədən 50 kilometr qərbdə yerləşən mağara sıldırım dağlar arasında yerləşməsi ilə diqqət çəkir. Bu məkan son illərdə təşkilat tərəfindən aktiv istifadə edilməsə də, bölgəyə gələn turistlərin tez-tez ziyarət etdiyi məkana çevrilmişdi.