• Bakı 30° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Azad sahibkarlıq azad iqtisadiyyatın başlıca şərtidir

LAYİHƏ

11 Iyul 2025 | 12:44

Azad sahibkarlıq azad iqtisadiyyatın başlıca şərtidir

6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Məlumdur ki, azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən biridir. 

Bakıvaxtı.az bildirir ki, liberal iqtisadiyyat xalqlar arasında ticarətin əlçatanlığını təmin edir. Burada məhsul və xidmətin azad hərəkəti, tərəflərin hər birinin yüksək səviyyədə yararlana biləcəyi iqtisadi fəaliyyət nəzərdə tutulur. Hər bir ölkədə sosial sahənin inkişafı iqtisadiyyatın, biznesin inkişafından asılıdır. İqtisadiyyatı möhkəm olmayan bir ölkədə heç bir sosialyönümlü məsələlərin həllindən danışmaq mümkün deyil. Məhz buna görə də ölkə başçısı İlham Əliyev sahibkarlığın inkişafına böyük önəm verir, ölkənin sosial-iqtisadi tərəqqisində onların rolunu xüsusi qeyd edir. Ölkəmizdə yeni iş yerlərinin yaradılmasında, işsizliyin və yoxsulluğun azaldılmasında özəl sektorun xüsusi payı var. Artıq Azərbaycanda iri şəhərlərlə yanaşı, regionlarda da sahibkarlığın inkişafına əlverişli şərait yaranıb. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərcivəsində görülən işlər bölgələrin infrastruktur təminatını yaxşılaşdırıb, kökündən dəyişib. Bu isə öz növbəsində sahibkarlığın inkişafına təkan verib və əhalinin rifahının yüksəlməsinə səbəb olub.

Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsində böyük rol oynayan sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiqi ölkəmizdə geniş vüsət alıb. Çünki bazar iqtisadiyyatı şəraitində sahibkarların fəaliyyətinə normal şərait yaratmadan ölkənin qarşısında duran strateji vəzifələri gerçəkləşdirmək, iqtisadi yüksəlişi təmin etmək, işsizliyin səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, eləcə də sosial xarakterli digər problemlərin həllinə nail olmaq mümkünsüzdür. Təsadüfi deyil ki, son 15 ildə dövlət tərəfindən sahibkarlara göstərilən diqqət və qayğı daim artırılıb, onlara maddi vəsaitindən tutmuş hüquqi biliklərinin artırılması, informasiya təminatının gücləndirilməsi, yeni iqtisadi şəraitdə iş təcrübəsinin mənimsənilməsinə qədər müxtəlif yardımlar göstərilib. 

Bu istiqamətdə mühüm sənədlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevin 30 aprel 2007-ci il tarixində imzaladığı «Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» fərman olub. Sahibkarlığa mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki addımların ardıcıl və davamlı səciyyə daşımasını özündə ehtiva edən həmin fərman o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həllinə, o cümlədən, süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılmasına hesablanıb. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapıb.  Elektron hökumətin əsas elementlərindən olan "bir pəncərə" sistemi məlumatların bir mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla, bütün inzibati qeydiyyatların tamamilə sinxronlaşdırılmasını nəzərdə tutur. İş adamlarının mərkəzi sistemlə avtomatik, onlayn və davamlı əlaqəsi yaranır. Faktiki olaraq, bu, lisenziyaların mərkəzləşdirilmiş qaydada və elektron şəkildə təqdim edilməsi deməkdir. Bu zaman qeydiyyat prosedurlarının sayı azalır və vaxt itkisinin qarşısı alınır. 

Qeydiyyatın "bir pəncərə" prinsipi üzrə aparılması sahibkarlıq sektoruna marağın güclənməsinə və biznesin inkişafına təkan verib. Digər tərəfdən, "bir pəncərə" sisteminin tətbiqi investisiya mühitinin daha da yaxşılaşdırılmasına, sahibkarların dövlət qurumlarından asılılığının azalmasına, uzunmüddətli qeydiyyat prosedurlarının ləğv olunmasına və sadələşdirilməsinə təkan verən mühüm amillərdən biridir. 

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc öz fikirlərini Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, azad sahibkarlığın inkişafında ölkə başçısının diqqəti danılmazdır. Sahibkarlara verilən dəstək məhz prezident İlham Əliyevin diqqət mərkəzində olmasından irəli gəlir:

"Hazırda ölkədə bir sıra qurumlar öz fəaliyyətində həm də sahibkarlara dəstək verməklə məşğuldur. Bu istiqamətdə fəaliyyət göstərən qurumlara Kiçik və Orta Biznesin İnkişafı Agentliyini (KOB), Aqrar Kredit və İnkişaf Agentliyini misal çəkmək olar. Bu qurumlar sahibkarların problemlərinin vaxtında həll olunması üçün hüquqi və təmas yardımlarının təminatı istiqamətində çox mühüm addımlar atır. Eyni zamanda Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı kreditlərinin ayrılması və kənd təsərrüfatının inkişafı istiqamətində sahibkarların daha uyğun və sərfəli kreditlərlə təminatına dəstək verir.

Vüqar Oruc: Kreditlərin alınması və müəyyən əməliyyatların aparılması üçün münbit şərait yaradılıb

"Ölkəmizdə azad sahibkarlığa dəstək məqsədilə bir sıra addımlar atılıb. Bu addımlardan birini xüsusilə vurğulamağa çox böyük ehtiyac var. Bu, Rəqabət Məcəlləsinin qəbul olunmasıdır. Sözügedən qərar sahibkarların bərabərhüquqlu, ədalətli və obyektiv şəraitə uyğun şəkildə fəaliyyət göstərməsini təmin edib. Bundan başqa, lisenziyalar və icazələr haqqında, "Sahibkarlıq fəaliyyəti haqqında" qanunlar qəbul olunub. Bu qanunlara əsasən, ölkədə sahibkarlıq fəaliyyəti, maliyyə hesabatlığı və şəffaflıq yüksək səviyyədə təmin olunub. Son illər vergi islahatları da həyata keçirilib ki, sahibkarlar bu addımın öz fəaliyyətlərinə müsbət təsir etməsini arzu edirlər. Onu da qeyd edim ki, kreditlərin alınması və müəyyən əməliyyatların aparılması üçün münbit şərait yaradılıb. Xüsusən də rəqəmsallaşmanın tətbiqi olduqca təqdirəlayiq addımdır". 

İqtisadçı vurğulayıb ki, investisiya təşviqi sənədlərini təqdim edən qurumlar isə sahibkarların vergi və gömrük rüsumlarından azad olmasına imkanlar yaradır və sözügedən sahələrin inkişafını stimullaşdırır. Həmçinin bir sıra özəl və dövlət  platformalarında sahibkarlar arasında körpü yaradılması, sahibkarların problemlərinin dövlət qurumlarına çatdırılması istiqamətində mühüm addımlar atılır. Buna Azərbaycan Sahibkarlar Konfederasiyasını misal çəkmək olar. 

"İxracın təşviqi proqramları və "Made in Azerbaijan" brendinin müxtəlif platformalarda və xaricdə dəstəklənməsi məhz ölkə sahibkarlarının fəaliyyətinin daha geniş spektrdə təmin olunması üçün şərait yaradır. Onu da qeyd edim ki, Azərbaycan dövləti liberal iqtisadiyyatın inkişafı üçün də müəyyən addımlar atır. Çünki azad sahibkarlıq azad iqtisadiyyatın başlıca şərtidir. Bu istiqamətin daha da inkişafı üçün mövcud siyasət davam etdirilməli və Rəcabət Məcəlləsinin daima işlək vəziyyətdə olması təmin olunmalıdır".

Vüqar Oruc qeyd edib ki, peşə bilikləri və assosiasiyaların fəaliyyətinin tənzimlənməsinə, dövlət yardımının təmin edilməsinə və yeni qanunun qəbuluna da ehtiyac var:

"O cümlədən, şikayətlərə operativ reaksiya verilməsi üçün ictimai nəzarət mexanizmləri tətbiq olunmalıdır. Bundan əlavə, sonuncu dəfə 2015-ci ildə dəyişdirilən əlavə dəyər vergisinin limitinin yenilənməsinə ehtiyac var. Bu, sahibkarlığın inkişafına mane olan əngəldir. Əlavə dəyər vergisinin limiti ən azı iki dəfə artırılmalıdır ki, sahibkarlığın inkişafına təkan versin və vergidən yayınma hallarını sıradan çıxsın".

Gülşən Şərif

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR