Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən səyyar qəbul çərçivəsində mədəniyyət naziri Adil Kərimli iyulun 11-də Lerik şəhərində vətəndaşlarla görüşüb.
Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən verilən məlumata görə, qəbuldan əvvəl Adil Kərimli və Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Lerik rayon Mədəniyyət Mərkəzində baş tutan qəbulda Lənkəran, Lerik, Astara, Masallı, Yardımlı və Cəlilabaddan olan vətəndaşların müraciətləri dinlənilib. Əsas məsələlər əməyin qiymətləndirilməsi, məşğulluq, iş yerinin dəyişdirilməsi, maddi-texniki təminat və digər sahələri əhatə edib.
Nazir vətəndaş müraciətlərinin operativ araşdırılaraq qanunvericiliyə uyğun həll ediləcəyini bildirib. Şəhid ailələri və qazilərin müraciətlərinə isə xüsusi həssaslıqla yanaşılması tapşırılıb.