• Bakı 30° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Yeməkdən sonra niyə yuxulayırıq? – Terapevt AÇIQLADI

CƏMİYYƏT

11 Iyul 2025 | 12:39

Yeməkdən sonra niyə yuxulayırıq? – Terapevt AÇIQLADI

Demək olar ki, hər kəs qida qəbulundan sonra yorğunluq, yuxululuq halından şikayətçidir. Bu hal gündəlik fəaliyyətə, əhval-ruhiyəyə, görülən işin keyfiyyətinə təsir edir.

Maraqlıdır, bunun qarşısını almaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən terapevt Günay Lətifova bildirib ki, bu vəziyyət daha çox hormonal təsirlərlə bağlıdır. Onun sözlərinə görə, səhərlər oyandığımızda bədənimizdə gecə ifraz olunan hormonların təsiri davam edir. Gündüz isə bədənimizi yeni günə hazırlayan insulin hormonu fəaliyyətə başlayır.

G.Lətifova qeyd edib ki, bəzi insanlar səhər yeməyinə üstünlük verir və günün ilk saatlarında daha çox qida qəbul edirlər. Digərləri isə gün ərzində demək olar ki, yemək yemir, yalnız axşam saatlarında qidalanırlar.

“Bu vərdişin düzgün və ya səhv olması isə müzakirəyə açıqdır. Çünki elə bəzi patologiyalar var ki, həmin insanlara səhər yox, axşam saatlarında qidalanmaq daha uyğundur. Və ya əksinə”.

Terapevt nəzərə çatdırıb ki, əgər bir insan gün ərzində qida qəbul etməyib və yalnız axşam yemək yeyirsə, bu zaman insulin “ac” olur. Müsahibimiz izah edib ki, bu zaman orqanizm qida gözləyir ki, həmin hormon ifraz olunsun və qlükozanı beyinə daşıya bilsin.

Həkim vurğulayıb ki, əgər qida qəbuluna birbaşa şirniyyatla başlanılırsa, insulin sürətlə işə düşür, qlükozanın miqdarı yüksəlir və beyin bu yükü daşımalı olur. Bu da bir növ həddindən artıq yüklənmə yaradır və nəticədə insan özünü ağır və yorğun hiss edir:

“Axşam yeməyinə ilk olaraq bir stəkan su ilə başlamaq lazımdır. Ardınca isə az miqdarda sulu yeməklər qəbul edilməsi məsləhətdir. İkinci öyündə tərəvəzlərə üstünlük verilməsi daha faydalıdır. Ağır karbohidratlardan mümkün qədər uzaq durmaq lazımdır. Ümumiyyətlə, karbohidratlar günorta saatlarında qəbul edilsə daha yaxşı olar. Çünki onların enerjiyə çevrilməsi üçün fiziki hərəkət tələb olunur”.

Günay Lətifova: Əgər yeməkdən sonra fiziki aktivlik planlaşdırılmırsa, ağır yeməklərdən uzaq durmaq lazımdır

“Sadəcə orqanizmi deyil, hormonları da yükləmək olmaz” deyən həkim əlavə edib ki, qidalanmada lifli məhsullara üstünlük verilməlidir. G.Lətifova bildirib ki, liflər bədənin tarazlığını qorumağa kömək edir:

“Əks halda mədə-bağırsaq sistemi, eləcə də hormonal sistem yüklənir və bu, ümumi halsızlıq və yorğunluğa səbəb olur. Əgər yeməkdən sonra fiziki aktivlik, məsələn, yürüş planlaşdırılmırsa, ağır yeməklərdən xüsusilə də karbohidratlardan mümkün qədər uzaq durmaq lazımdır”.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, insanın özünü davamlı olaraq yorğun hiss etməsi, artıq bu vəziyyətin xroniki hal alması deməkdir. Söyləyib ki, bu, çox vaxt vitamin çatışmazlığının, xüsusilə də D vitamini əksikliyinin göstəricisidir.

Terapevt həmçinin heç bir halda özbaşına dərman və vitamin qəbul edilməməsi barədə insanlara xəbərdarlıq edib:

“İldə ən azı bir dəfə ümumi qan analizi, hormonlar, eləcə də insulin səviyyəsinin yoxlanılması tövsiyə olunur. Çünki bir çox sağlamlıq probleminin əsas səbəbi məhz bu göstəricilərlə bağlı olur”.

Mina Mikayılova


SON XƏBƏRLƏR