Bakıda Medianın İnkişafı Agentliyi (MEDİA) və "Azerconnect Group"un birgə əməkdaşlığı çərçivəsində Milli Mətbuatımızın 150 illiyi münasibətilə “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə dövlət və özəl sektorun nümayəndələri, ölkənin aparıcı media qurumları, ali təhsil müəssisələrinin təmsilçiləri, eyni zamanda jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan gənclər iştirak ediblər.
Forumun məqsədi gənclərin media sahəsində peşəkar inkişafının dəstəklənməsi, təcrübəli media nümayəndələri ilə görüş və fikir mübadiləsinin təşkili, həmçinin rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi ilə bağlı praktiki biliklərinin artırılmasıdır.
Forumda açılış nitqi ilə çıxış edən “Azerconnect Group”un baş direktoru Emil Məsimov tarixin ən önəmli anlarında medianın ölkənin milli maraqlarının qorunmasına öz töhfəsini verdiyini vurğulayıb. Müasir dövrdə media anlayışının rəqəmsal texnologiyalar və yeni kommunikasiya vasitələri ilə yenidən formalaşdığına diqqət çəkən baş direktor bu transformasiyada gənc nəslin həlledici rol oynadığını qeyd edib.
MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Azərbaycanda gənclərin özünü ifadə etməsi, öz potensialını reallaşdırması üçün olduqca münbit və əlverişli şərait mövcuddur.
Mətbuat Şurasının sədri Rəşad Məcid isə çıxışında qeyd edib ki, bu tarixi irs indi də medianın əsas missiyasını müəyyənləşdirir və yeni nəsil jurnalistlərin formalaşmasında mühüm rol oynayır.
"Gələcəyin mediasına baxış: jurnalistika gələcəyin peşəsi kimi" keçirilən panel sessiyada çıxış edən "Baku Tv"nin rəhbəri Ramin Cəfərov deyib ki, ölkədə xeyli kreativ və müasir gənclər var: "Gələcəyin yeni media üslubu güvənli əllərdədir. Gənclər indi müasir texnologiyaları, idarəetmə mexanizmlərini öyrənməlidirlər".
"Oxu.az" portalının baş redaktoru Ülvi Səfərov qeyd edib ki, insanları cəlbedici başlıqlarla xəbərə cəld etmək tendensiyası bitir: "Oxucu ciddi xəbər axtarır. Media öz etibarlılığını, dəqiqliyini itirmədiyi müddətdə sosial şəbəkələr onu əvəz edə bilməyəcək".
Tədbir “Media peşəkarlığı və yeni nəsil jurnalistika” mövzusunda panel sessiyalarla davam etdirilir.
Qeyd edək ki, foruma ADA Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Azərbaycan Dillər Universitetindən jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin digər ali məktəblərdən bu sahəyə maraq göstərən 100-ə yaxın gənc qatılıb.