Son aylarda Hindistanla Ermənistan arasında dərinləşən münasibətlər Cənubi Qafqazda maraqlı geosiyasi konturları ortaya çıxarır.
Əgər bir neçə il öncə bu əlaqələr əsasən ticarət və inkişaf layihələri ətrafında cəmlənirdisə, son dövrlərdə xüsusilə hərbi sahədə yaxınlaşma müşahidə olunur. Hindistanın Ermənistana silah tədarük etməsi və müdafiə sahəsində əməkdaşlığı genişləndirməsi regionun təhlükəsizlik balansına təsir göstərən faktorlardandır.
Bütün bunların fonunda Hindistan daxilində bəzi dairələr tərəfindən “erməni soyqırımı”nın tanınması ilə bağlı səsləndirilən çağırışlar diqqət çəkir. Bu cür təşəbbüslər tarixi reallıqlardan daha çox siyasi motivlərlə bağlıdır. Belə ki, son illərdə Azərbaycanın Pakistanla strateji müttəfiqliyinin güclənməsi, Kəşmir məsələsində beynəlxalq hüququn yanında mövqe sərgiləməsi Hindistanın bəzi çevrələrində narahatlıq doğurub. Bu narazılığın nəticəsi olaraq Azərbaycana qarşı kampaniyaların başladıldığı, bəzi turizm qurumlarının ölkəyə səfər etməməklə bağlı çağırış etdiyi məlumdur.
Bununla belə, statistika göstərir ki, Azərbaycan Hindistan vətəndaşları üçün populyar istiqamət olaraq qalır. Turist axınının davam etməsi göstərir ki, hökumətlərarası bəyanatlar və ya lokal təzyiq qruplarının çağırışları əhalinin real davranışına ciddi təsir etmir.
Həmçinin, Azərbaycanın Hindistanla münasibətləri korlamaq niyyəti yoxdur. Azərbaycan öz strateji tərəfdaşlığını Pakistanla davam etdirməklə yanaşı, digər beynəlxalq platformalarda Hindistanla əməkdaşlığı da qorumağa çalışır.
Uydurma “soyqırımı” məsələsinə gəldikdə isə, bu mövzu Ermənistan daxilində belə vahid şəkildə dəstəklənmir. Hazırkı rəsmi Yerevanın bölgədə sabitliyə yönəlmiş siyasət aparmaq istəyi fonunda bu kimi təşəbbüslər daxili revanşist qüvvələrin və xaricdəki diasporun fəaliyyətindən qaynaqlanır. Belə bir addım Hindistan üçün də siyasi və iqtisadi risklər doğura bilər. Belə ki, regionda tərəfsizlik imicini itirmək, həm Cənubi Qafqaz, həm də islam ölkələri ilə münasibətlərə zərbə vura bilər.
Nəticə etibarilə, Hindistanın “soyqırımı”nı tanıması ehtimalı aşağı görünür. Bu məsələ daha çox simvolik təzyiq vasitəsi kimi gündəmə gətirilir və real dövlət maraqları bu cür tanıma aktlarının qarşısında dayanan əsas maneədir. Azərbaycanın bu situasiyada nümayiş etdirdiyi təmkinli, lakin prinsipial mövqe isə onu göstərir ki, rəsmi Bakı emosional deyil, strateji xətt üzrə addımlarını davam etdirir.
Züriyə Qarayeva