Bu gün regionda baş verən siyasi və iqtisadi proseslər fonunda Azərbaycan–Rusiya münasibətləri xüsusi əhəmiyyət kəsb edir.
Tarix boyu bir çox sınaqlardan keçmiş bu münasibətlər müasir dövrdə həm siyasi sabitlik, həm də iqtisadi əməkdaşlıq baxımından yeni mərhələyə qədəm qoyub. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri həmişə balanslaşdırılmış, qarşılıqlı hörmətə və milli maraqlara əsaslanan qonşuluq siyasəti olub.
Rusiya ilə əlaqələr də məhz bu prinsiplər üzərində qurulub və inkişaf etdirilib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Elşad Həsənov bildirib ki, Rusiya Azərbaycanın böyük və mühüm qonşusudur. Bu ölkə həm geniş bazara, həm də mühüm iqtisadi potensiala malikdir. Üstəlik, Rusiyada üç milyondan artıq soydaşımız yaşayır. Ona görə də Azərbaycan həmişə çalışıb ki, Rusiya ilə münasibətlərini normal və qarşılıqlı hörmət prinsipləri əsasında qursun. Ölkəmiz bütün dövrlərdə balanslaşdırılmış və düşünülmüş siyasət yürüdür:
"Baxmayaraq ki, tarix boyu xalqımız dəfələrlə işğallara, sərvətimizin talanına məruz qalıb, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da Rusiya öz təsir dairəsini qorumağa cəhd edib. Lakin şükürlər olsun ki, düzgün və uzaqgörən siyasət nəticəsində Azərbaycan Rusiyanın hərbi qüvvələrini ölkə ərazisindən tam çıxarmağa nail oldu, suverenliyini bərpa etdi və torpaqlarını erməni işğalçılarından azad etdi. Bu nailiyyətlərdən sonra Azərbaycan-Rusiya münasibətlərində müəyyən gərginliklər yaşandı. Xüsusilə, ötən ilin 25 dekabrında “AZAL” təyyarəsinin Rusiya hava məkanında vurulması və ardınca 27 iyun tarixində Yekaterinburqda iki azərbaycanlının döyülərək öldürülməsi vəziyyəti daha da gərginləşdirdi. Bununla belə, iqtisadi əlaqələr dayanmadı, əksinə, inkişaf etməyə davam etdi".
Elşad Həsənov: Hazırda da münasibətlərin normallaşması istiqamətində addımlar atılır
Onun sözlərinə görə, Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB sammiti çərçivəsində Azərbaycan və Rusiya prezidentləri arasında baş tutan görüşdə Rusiya prezidenti Vladimir Putin baş vermiş hadisəyə görə bir daha üzr istədi, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan tələblərinin yerinə yetiriləcəyini bəyan etdi:
"Hazırda da münasibətlərin normallaşması istiqamətində addımlar atılır. Məsələn, bu gün Bakıda Rusiya Baş nazirinin müavini Aleksandr Avetskun, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və infrastruktur naziri ilə birgə “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə yükdaşımaların genişləndirilməsi və inkişafı ilə bağlı mühüm görüş keçirilir. Unutmaq olmaz ki, Rusiya ilə münasibətləri yalnız “pisdir” deyib kənara atmaqla məsələ həll olunmur. Biz normal qonşuluq prinsipləri çərçivəsində yaşamaq və əməkdaşlığı davam etdirmək istəyirik. Azərbaycan heç vaxt təzyiq qarşısında geri çəkilməyib, daim dirəniş göstərib. Nəticədə Rusiya da anlayıb ki, Azərbaycan müstəqil dövlətdir və öz hüquqlarına sahibdir".
Həmsöhbətimiz əlavə edib ki, bu gün Avropada sanksiyaların təzyiqi altında olan Rusiya Azərbaycanı özünə strateji tərəfdaş, bir növ “nəfəslik” kimi görür. Çünki Azərbaycan üzərindən Şərq dəhlizi vasitəsilə Rusiya sanksiyalara məruz qalmış bəzi məhsul və yanacaq ehtiyatlarını ixrac edə bilir. Bu isə həm Rusiya, həm də region üçün mühüm iqtisadi əhəmiyyət daşıyır:
"Azərbaycanla Rusiya arasında qarşılıqlı maraqlara əsaslanan əlaqələr bundan sonra da davam edəcək. Biz Rusiyaya nə qədər lazımlıyıqsa, Rusiya da bizə o qədər vacibdir. Orada milyonlarla soydaşımız yaşayır, ölkəmizin məhsulları — xüsusən də kənd təsərrüfatı məhsulları — Rusiya bazarlarında öz yerini tapır. Bu da Azərbaycana ciddi iqtisadi dividendlər qazandırır. Odur ki, biz bütün qonşularımızla olduğu kimi, Rusiya ilə də qarşılıqlı hörmət, bərabərlik və əməkdaşlıq əsasında münasibətlərimizi qorumağa və inkişaf etdirməyə sadiqik".
Əli Hüseynov