"Məktəbəqədər təhsilin əhatə dairəsi tədricən genişləndirilsə də, hədəflənən səviyyəyə tam çatılmayıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində deyib.
O bildirib ki, hazırda məktəbəqədər təhsilə cəlb olunan uşaqların səviyyəsi təxminən 10 faiz civarındadır: "Bu göstəricinin artırılması üçün qarşıda çoxlu işlər dayanır. Məqsədimiz 2026-cı ilin sonuna qədər bu rəqəmi 15 faizə çatdırmaqdır. Bu istiqamətdə strateji plan artıq yenilənib".
O qeyd edib ki, məktəbəqədər təhsilə cəlb olunan uşaqların böyük əksəriyyəti 5 yaş qrupuna aiddir: “1-6 yaşlı uşaqlara yönəlmiş məktəbəqədər təhsil proqramları mövcuddur, lakin 5 yaşlı uşaqlar arasında iştirak səviyyəsi daha yüksəkdir, 83-84 faiz civarındadır. 1-5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması üçün isə müxtəlif tədbirlər həyata keçirilir və bu proses mərhələli şəkildə genişləndirilir”.