“Travma sonrası reabilitasiya insanın əvvəlki sağlamlıq vəziyyətinə və həyat keyfiyyətinə qayıtması baxımından son dərəcə vacib bir mərhələdir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində travmatoloq Murad Davudov deyib.
Onun sözlərinə görə, travma yalnız sümük sınığı deyil, eyni zamanda əzələ, bağ, sinir və oynaq zədələnmələrini də əhatə edir:
“Belə hallar olduqda, ilkin tibbi yardım nə qədər əhəmiyyətlidirsə, düzgün və zamanında aparılan reabilitasiya da bir o qədər vacibdir. Hər travma reabilitasiya tələb etməsə də, xüsusilə ağır və təkrarlanan travmalarda bu proses mütləq şəkildə həyata keçirilməlidir.
Yüngül travmalarda bəzən istirahət, yüngül fiziki hərəkətlər və sadə fizioterapevtik tədbirlərlə vəziyyət stabilləşə bilir. Lakin bud, çanaq, onurğa, diz, çiyin və aşıq-baldır nahiyəsindəki sınıqlar zamanı funksional pozğunluqların qarşısını almaq üçün daha genişmiqyaslı və mərhələli reabilitasiya tələb olunur. Travma sonrası bərpa müalicəsi sümük və oynaqların sağalması ilə yanaşı əzələ gücünün, koordinasiyanın və hərəkətliliyin bərpasını da əhatə edir”.
Travmatoloq bildirib ki, reabilitasiya prosesi xəstənin travmasının növünə və yerləşdiyi nahiyəyə uyğun olaraq planlaşdırılır:
“Prosesin əvvəlində əsas məqsəd ağrının və şişkinliyin idarə olunmasıdır. Daha sonra isə fizioterapevtin nəzarəti altında aktiv və passiv hərəkətlərə başlanılır. Bu mərhələdə oynaqların hərəkət qabiliyyətinin bərpası və əzələlərin tədricən gücləndirilməsi əsas götürülür. Əlavə olaraq ultrasəs, maqnitoterapiya, elektrostimulyasiya kimi fizioterapevtik üsullarla toxumaların sağalması sürətləndirilir. Müalicə zamanı tətbiq edilən masaj və əzələ məşqləri də xəstənin əvvəlki funksional səviyyəyə qayıtmasına kömək edir”.
M.Davudov qeyd edib ki, xüsusilə böyük oynaqlarda, çoxsaylı və ya açıq sınıqlarda, eləcə də sinirlərin zədələndiyi hallarda reabilitasiya daha uzun müddət tələb edir:
“Bu cür travmalardan sonra xəstənin gündəlik həyatına qayıtması yalnız mərhələli və davamlı bərpa tədbirləri ilə mümkündür. Reabilitasiya prosesi yalnız fiziki deyil, həm də psixoloji dəstək tələb edir. Travmadan sonra insanlarda qorxu, inamsızlıq və psixoloji çətinliklər yarana bilər. Bu baxımdan peşəkar dəstək vacib rol oynayır”.
Bakı 



