İyulun 15-də Brüsseldə Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, iclasda müzakirə olunacaq mövzulardan biri Gürcüstanda mövcud durumun nəzərdən keçirilməsi ilə bağlı olacaq. Belə ki, nazirlər hakimiyyətin artan repressiyalarına cavab olaraq mümkün tədbirləri müzakirə edəcəklər.
Maraqlıdır ki, Avropa İttifaqının Gürcüstan məsələsini sıx şəkildə gündəmə gətirməsinin səbəbi nədir? Aİ-nin Gürcüstanla bağlı planları nədir və reallaşma ehtimalı nə qədərdir?
Mövzu ilə bağlı politoloq Xəyal Bəşirov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Avropa Gürcüstanı avropayönümlü dövlətə çevirmək üçün əlindən gələni edir. Avropanın Gürcüstana qarşı münasibəti və siyasəti dəyişməsə də, son zamanlar baş verən proseslər və xüsusən də Donalıd Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ ilə Avropanın Gürcüstana qarşı münasibətində müəyyən fikir ayrılıqları var.
Onun sözlərinə görə, Gürcüstanda baş verən proseslər və Avropa İttifaqı ölkələrinin Gürcüstanla münasibətdə atdığı addımlar onu göstərir ki, tərəflər arasında olan mövcud problemlər hələ də öz həllini tapmayıb:
“Bu proses ötən il daha üst səviyyədə idi. Qarşıdurmanın pik həddi ölkədə keçirilən parlament və prezident seçkiləri, eyni zamanda "Xarici Agentlər haqqında" qanunun, cinsi azlıqlarla bağlı qanunun qəbul edilməsindən sonra yaşanmışdı. Belə ki, Avropadan olan ayrı-ayrı dövlətlərin diplomatları, parlamentariləri və digər şəxslər bu proseslə bağlı Gürcstanda keçirilən etiraz aksiyalarına da qoşulmuşdu. Bu, məsələnin Avropa üçün nə dərəcədə prinsipial olduğunun bariz nümunəsi idi".
Müsahibimiz qeyd edib ki, Avropa öz sərt və prinsipial mövqeyindən əl çəkmək istəmir. Avropanın əsas istəyi Gürcüstanda hazırkı hakimiyyətin mövqeyinin dəyişdirilməsi və ya ümumiyyətlə, hakimiyyətin dəyişdirməkdir.
Xəyal Bəşirov: Gürcüstanın təzyiqlər fonunda geri addım atacağı gözlənilən deyil
"Cənubi Qafqazda uzun müddət idi ki, Mixeil Saakaşvilinin hakimiyyətə gəldiyi 2000-ci illərdən bəri Gürcüstanla Rusiya arasında fikir ayrılığı yaranmışdı. Hətta yekunda 2008-ci ildə müharibəyə səbəb oldu. Nəticədə Cənubi Abxaziya və Cənubi Osetiya problemləri meydana çıxdı. Lakin Gürcüstanda hazırkı hakmiyyətlə Rusiya arasında yaxınlaşma olmasa da, qarşıdurma da yoxdur. Sanki ortada bir susqunluq var və hadisələrin necə cərəyan edəcəyi müşahidə olunur. Yəqin ki, Rusiya bu şəraitdən istifadə etməyə cəhd göstərəcək. Lakin Avropa hələ də əvvəlki qərbyönümlü Gürcüstanı formalaşdırmaq istəyir. Ona görə də iyulun 15-də keçiriləcək iclasda Gürcstana qarşı hansısa addımların atılması və sanksiyaların qəbul edilməsi gözləniləndir. Avropa Gürcüstana siyasi və diplomatik təzyiqlər göstərməyə davam edəcək. Ancaq Gürcüstanın bu təzyiqlər fonunda geri addım atacağı gözlənilən deyil", - Xəyal Bəşirov əlavə edib.
Politoloq hesab edir ki, Avropa İttfaqının Gürcüstan məsələsini sıx şəkildə gündəmə gətirməsinin digər səbəbi Ukrayna münaqişəsi bitəndən sonra Rusiyanın Cənubi Qafqaza, o cümlədən Gürcüstana münasibətdə siyasətinin qarşısını almaqdan ibarətdir. Yəni, Aİ Gürcüstanla bağlı Rusiyanın qarşısına yeni maneələr qoymaq istəyir. Aİ-nin bu məqsədinə çatacağı isə sual altındadır:
"Bu gün Avropanın kifayət qədər ciddi problemləri var. Ən böyük problemlərdən biri Rusiya-Ukrayna müharibəsidir. Bu müharibəylə bağlı ABŞ ilə yaranan fikir ayrılıqları, Aİ-nin üzləşdiyi zərərlər və enerji məsələləri ilə bağlı problemlər Avropanı daha çox məşğul edir".
Gülşən Şərif