“İranın xarici siyasətində hər bir fəaliyyət həm daxili, həm də beynəlxalq müəyyənedici amillərin harmoniyasından təsirlənir. Prezident Məsud Pezeşkian daxili və xarici ölçülərlə geosiyasətdə zəif vəziyyətə düşmüş İranda sosial, etnik və iqtisadi münasibətlərdəki dağınıqlarları mərkəzləşdirmək üçün hərəkətə keçib”.
Bu barədə Bakıvaxtı.az-a analitik Aqşin Kərimov bildirib.
O qeyd edib ki, Məsud Pezeşkianın prezidentliyi dövrü İranın daxildə parçalanmaq ehtimalı ilə üzləşmiş ideoloji çərçivələri toparlamaq prioritetlərini əhatə edir:
“İranın ali rəhbəri Seyid Əli Xamenei bu prosesi idarə edən əsas qüvvədir, hərçənd ki, görüntüdə prezidentlə mühafizəkar qüvvələr arasında ziddiyyətlər var. Lakin bu, daha çox fasaddır və əlavə olaraq prosesdəki paradoksal görünən məqamlar İran elitasındakı rəqabəti xarakterizə edir”.
Müsahibimiz qeyd edib ki, İran ictimai-siyasi atmosferində artan Rusiya təsiri ilə bağlı həyəcan təbilinin çalınması daha orijinal bir anı əks etdirir. Yəni, Rusiyanın İran daxilində geosiyasi nüfuz dairəsi cızmasında nəzərəçarpacaq dərəcədə dinamiklik müşahidə oluna bilər:
“Bu, Rusiya-İran ikitərəfli münasibətlərinin ənənəvi olaraq əməkdaşlıqla yanaşı, rəqabət səhnəsinin canlanmasından irəli gəlir”.
Analitik hesab edir ki, Rusiyanın İran daxilində təsir rıçaqları aramaq cəhdləri məntiqli hesab olunur və Kremlin şüurunda bu məntiqi dəstəkləyən bir neçə xüsusiyyət axtarmaq mümkündür:
“Birincisi, İsraillə İranın 12 günlük müharibəsində Moskvanın Tehrana dəstəyi sönük siyasi bəyanatlarla kifayətləndi. Ümumiyyətlə Rusiya heç zaman Moskva-Tehran əməkdaşlığını özünün İsraillə olan əlaqələrinin fövqünə çıxarmır. Bu, İsraillə Rusiya arasında gizli razılaşmalara diqqət yönəldir.
İkincisi, Rusiyanın Ukraynadakı ərazi nailiyyətləri, ABŞ-nin Venesuelaya hərbi müdaxilə ehtimallarının yüksəldiyi bir zamanda İran elitasında Moskva təsirlərinin artmasına dair siqnalların verilməsi yeni geosiyasi bölgü planlarından xəbər verir.
Üçüncüsü, İranın Rusiyadan yeni qırıcılar və hava hücumundan müdafiə sistemləri almaq üçün göstərdiyi səylər Moskvanın Tehrana müttəfiq dəstəyi kimi təsvir edilə bilməz. Rusiya yeni silah partiyaları ilə əslində İranın müdafiə və təhlükəsizliyini özündən daha çox asılı vəziyyətə salmağı planlaşdırmış ola bilər.
Dördüncüsü, İranda bir müddət əvvəl parlamentin sədri Məhəmməd Bağer Qalibaf keçmiş prezident Həsən Ruhani və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifi Moskva ilə münasibətlərə xələl gətirən ifadələr işlətməkdə ittiham etdi. Parlament sədrinin hücumları Zərifin bu yaxınlarda İranın Qərblə münasibətlərinin normallaşdırılmasının “Rusiyanın qırmızı xətti” olduğunu deməsindən sonra sürətlənib”.

Aqşin Kərimov: İran indi geosiyasi zəifliklərlə bərabər daxili travmalar da yaşayır
A.Kərimovun qənaətincə, İran üzrə ixtisaslaşan “İranwire” qeyd edir ki, bu iddia isteblişment daxilindəki rusiyapərəst fiqurları qəzəbləndirib:
“Onlar Tehranın Moskvaya doğru dəyişməsini müdafiə etmək çağırışlarını gücləndirirlər. İran indi geosiyasi zəifliklərlə bərabər daxili travmalar da yaşayır, lakin bu, onun xarici siyasət kursuna köklü bir dəyişiklik gətirmir.
Belə olan təqdirdə, Rusiyanın İran daxilində ciddi geosiyasi zona yarada biləcəyi problematik görünür. Lakin Moskvanın buna təşəbbüs göstərdiyi də analitika baxımından gizlində görünmür.
Lakin prosesdə İranın başqa zəiflikləri ortaya çıxır, xüsusilə İran siyasətindəki diskussiyalar Seyid Əli Xameneinin varisliyinin ön planda durması anında baş verir. Bu, onun xarici siyasət konsepsiyasındakı parametrləri dəyişə bilər, ancaq Xamenei nə qədər yaşlansa da, İranın ən güclü fiquru olaraq qalır. Xamenei hələ də, iqtisadi, sosial əsaslı iğtişaşları, Qərb və İsraillə konflikt dilini idarə edə bilmək bacarığından uzaqlaşmayıb. Seyid Əli Xamenei bu prosesləri öz hakimiyyətini, o cümlədən varislik planını gücləndirmək üçün istifadə edəcək. Bunun fonunda İran daxilində Rusiyanın geosiyasi legitimliyini təcəssüm etdirməsinə xeyli çətinliklər yaranacaq”.
Aydın Baxış
Bakı 



