• Bakı 15° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.97

    RUB - 2.1803

Qərbin Orta Dəhliz fəallığı regionun strateji qərarlarını necə dəyişir?- AÇIQLAMA

SİYASƏT

01 Dekabr 2025 | 10:57

Qərbin Orta Dəhliz fəallığı regionun strateji qərarlarını necə dəyişir?- AÇIQLAMA

Orta Dəhliz və Aralıq dənizi ətrafında ABŞ və Avropa İttifaqının artan fəallığı regionda geosiyasi rəqabəti daha da kəskinləşdirib.

Bu fonda Qərbin bu siyasəti region ölkələrinin strateji qərarlarına və reaksiya mexanizmlərinə necə təsir göstərir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Sultan Zahidov bildirib ki, ABŞ və Avropa İttifaqının Orta Dəhliz siyasəti ümumilikdə uyğun gəlir və bu siyasətin məqsədi ilk növbədə Avropa İttifaqına, eyni zamanda ABŞ-yə Rusiya və İranı baypas edən nəqliyyat-kommunikasiya xətləri vasitəsilə iqtisadi dividendlər qazandırmaqdan ibarətdir:

"Bildiyiniz kimi, Orta Dəhlizin Avropa İttifaqının nəzərində geostrateji önəmi var. Çünki bu dəhliz İran və Rusiyadan keçmir. Hazırda Rusiyada Ukrayna müharibəsi fonunda risklər mövcuddur, Cənub dəhlizi isə Qırmızı dənizdə husilərin hücumları səbəbilə təhlükəlidir. Yəni söhbət dəniz yolundan gedir. Bu səbəbdən Avropa İttifaqı üçün əsas alternativ İran üzərindən keçməmək şərti ilə Orta Dəhlizdir".

Sultan Zahidov: Avropa İttifaqı üçün əsas alternativ Orta Dəhlizdir

Politoloqun sözlərinə görə, ABŞ-nin Zəngəzur dəhlizinə müəyyən mənada dəstək verməsinin bir səbəbi də budur: bu xətt vasitəsilə Aİ Rusiyadan enerji asılığını azaltmaq imkanı əldə edir. Çünki bu kommunikasiya xətti yalnız yük daşımaları üçün deyil, həm də enerji daşıyıcılarının nəqli üçün nəzərdə tutulur. Buraya qaz kəmərləri, neft kəmərləri, habelə alternativ yaşıl enerjidən istehsal olunan elektrik ötürülməsi daxildir:

"Reaksiya mexanizmlərinə gəldikdə isə, İran və Rusiya layihədən kənarda qaldıqları üçün prosesi müsbət qarşılamırlar. Rəsmi olaraq bunu açıq deməsələr də, Rusiya Avropa İttifaqının özündən asılığını azaltmasını və alternativ marşrutlarda uğur qazanmasını istəmir. Bu baxımdan Orta Dəhliz Rusiyanın geosiyasi və geoiqtisadi maraqlarına uyğun gəlmir. Orta Dəhlizin Rusiyadan keçən xətlərlə birləşdirilməsi mümkün olsa, bu onlar üçün maraqlı ola biləcək istisnadır. Azərbaycan artıq Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inteqrasiyası təklifini irəli sürüb. Tərəflərin reaksiyasının necə olacağını isə zaman göstərəcək".

Müsahibimiz qeyd edir ki, İran isə ümumiyyətlə Orta Dəhlizin öz ərazisindən keçməsini istəyir. Buna görə də Azərbaycanın Qafqaz və Trans-Xəzər üzərindən keçən xəttini öz geosiyasi maraqlarına uyğun hesab etmir və bu səbəbdən Orta Dəhlizin mühüm hissələrindən biri sayılan Zəngəzur dəhlizinə qarşı çıxır:

"Çin “Bir kəmər, bir yol” təşəbbüsünün müəllifidir və bu layihə 2013-cü ildən gündəmdədir. Çin bu təşəbbüs çərçivəsində fərqli kommunikasiya xətlərini şaxələndirməklə öz məhsullarının Avropaya çatdırılmasını təmin edir. Bu baxımdan Çin üçün şimal, orta və ya cənub dəhlizi arasında ciddi fərq yoxdur. Əsas məsələ odur ki, məhsullar qısa və təhlükəsiz marşrutla bazarlara çatsın. Sadəcə Zəngəzur dəhlizi ilə bağlı Çinin mövqeyi hələlik qeyri-müəyyəndir. Ola bilər ki, ABŞ-nin burada iştirakı Çin üçün qənaətbəxş olmasın".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

30 Noyabr 2025