Azərbaycanın Səhiyyə Nazirliyində Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüş keçirilib.
Bu barədə Bakıvaxtı.az-a Səniyyə Nazirliyindən bildirilib.
Məlumata görə, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələrin, dostluq və qardaşlıq münasibətlərin dərin tarixi köklərə əsaslandığını diqqətə çatdırıb: “Azərbaycan ilə Türkiyə arasında etimada, qarşılıqlı hörmətə, dostluq və qardaşlığa əsaslanan tərəfdaşlıq özünün ən yüksək mərhələsindədir”.
Müasir Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən səhiyyə qurumlarımız arasında rəsmi münasibətlərin qurulmasını qeyd edən Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də qardaş ölkə ilə əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb: “Ankarada keçirilən XI Türk Tibb Dünyası Qurultayında Azərbaycanın nümayəndə heyəti geniş tərkibdə iştirak edib. Belə beynəlxalq platformalar təkcə təcrübə mübadiləsi üçün deyil, həm də gələcəkdə ortaq prioritetlərimizi müəyyən etmək baxımından əvəzsizdir”.
Teymur Musayev səhiyyə sisteminin rəqəmsallaşdırılmasını Azərbaycan Səhiyyə Nazirliyinin qarşısına qoyulan prioritet məsələlərdən biri olduğunu vurğulayıb: “Süni intellekt və rəqəmsallaşmanı mənimsəyən həkimlərin yetişdirilməsi Səhiyyə Nazirliyinin qarşısında duran əsas hədəflərindən biridir”.
Çıxışının sonunda nazir gələcəkdə elmi-tibbi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Birol Akgün vurğulayıb ki, möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bizim birlik və həmrəyliyimizin bariz göstəricisidir. Səfir, xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolunu diqqətə çatdırıb.
XI Türk Tibb Dünyası Qurultayının mahiyyətini qeyd edən Birol Akgün bildirib ki, belə tədbirlərin keçirilməsi ölkələrimizin səhiyyə sistemlərinin yaxınlaşması, eləcə də qlobal tibbin inkişafına töhfə baxımından olduqca əhəmiyyətlidir.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə səhiyyə sahəsində əməkdaşlıq ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Bakı 




