• Bakı 14° C

    3.53 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

İrəvanda seçkiöncəsi gərginlik:  Paşinyan-rəqiblər qarşıdurması necə nəticələnəcək?

SİYASƏT

01 Dekabr 2025 | 14:36

İrəvanda seçkiöncəsi gərginlik:  Paşinyan-rəqiblər qarşıdurması necə nəticələnəcək?

Xəbər verildiyi kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkiləri üçün namizədliyini irəli sürüb.

Bakıvaxtı.az xatırladır ki, o, hakim Vətəndaş Müqaviləsi Partiyasından namizədliyini irəli sürdüyünü açıqlayıb. Paşinyanın ardınca Ermənistan parlamentinin spikeri Alen Simonyan da həmin partiyadan namizədliyini irəli sürüb.

Bundan başqa, Paşinyanın siyasətini tənqid edən rəqib partiyalardan Ermənistanın keçmiş Prezidenti Robert Koçaryan, keçmiş Ombudsman Arman Tatoyan və hazırda İrəvanda həbsdə olan oliqarx Samvel Karapetyan bir neçə ay əvvəl seçkilərdə iştirak edəcəklərini bəyan ediblər. Vətəndaş Müqaviləsi Partiyası seçkilərdə namizəd olmaq istəyən üzvlərini noyabrın 30-dək öz namizədliklərini təsdiqləməyə çağırıb.

Paşinyan hökumətinə qarşı həm Rusiyayönlü, həm də kilsə institutları tərəfindən təzyiqlərin artdığı hər kəsə məlumdur. Belə ki, İrəvanın Qərbə inteqrasiya xəttinə qarşı daxili müqavimət güclənib.

Bu kontekstdə 2026-cı il iyunun 7-də keçiriləcəyi gözlənilən parlament seçkiləri hansı dəyişikliklərə səbəb ola bilər? Paşinyan parlament seçkilərində qalib gələ bilərmi?

Mövzu ilə bağlı politoloq Samir Hümbətov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, Paşinyanın artıq oturuşmuş bir komandası var. Paşinyan yalnız Qərbin xəttini tutmayıb, həm də Azərbaycanla bağlı sülhə doğru müəyyən addımlar atıb. Bu isə onun cəmiyyət daxilində əlini gücləndirib:

"Düzdür, Azərbaycanla sülh müqaviləsinin paraflanmasına dair atdığı addımın Paşinyanın gücünü zəiflətdiyi bildirilir. Lakin bunun əksi olaraq düşünürəm ki, erməni cəmiyyəti yavaş-yavaş Paşinyanın öz ölkəsi üçün ən doğru seçim etdiyini anlamağa başlayıb. Bu isə Paşinyan hakimiyyətini daha da möhkəmləndirib. Həmçinin Paşinyan 2021-ci ilin iyun ayında keçirilən seçkilərdən indiki vaxta kimi ordunu özünə tabe etməyi bacarıb. Üstəlik, kəşfiyyat və əks-kəşfiyyat idarələrinin güc strukturlarını əlində cəmləşdirib. Bundan başqa, iqtisadi elitanı müəyyən mənada formalaşdırıb”.

Müsahibimizə görə, demək olar ki, Paşinyan komandası dövlət idarəetməsini ciddi şəkildə formalaşdırmağa nail olub. Ona görə də indiki halda Paşinyanın parlament seçkilərində qalib gəlmək şansı çox yüksəkdir.

Samir Hümbətov: Müəyyən etiraz aksiyaları da keçirilə bilər, amma...

Politoloqun fikrincə, hazırda Rusiya və ordudakı Rusiyaya bağlı müəyyən qruplar Paşinyana təsir etməyə çalışır.

"Bundan əlavə, mövcud müxalifət nümayəndələri və müxtəlif regionlara bağlı olan qüvvələr Paşinyana təzyiq etməyə cəhd edirlər. Hətta müəyyən etiraz aksiyaları da keçirilə bilər. Lakin düşünmürəm ki, bu qüvvələr Paşinyanı məğlub edə bilsin və onun hakimiyyəini sonlandırsın", - deyə Samir Hümbətov əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR