“Bir neçə aydır davam edən müsabiqədə 350 mindən artıq şagird iştirak edib. Qalib komanda arasında hazırlanan layihələr artıq peşəkarların və startapların təqdim etdiyi səviyyədədir”.
Bakıvaxtı.az xəbər verir ki. bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, onların kommersiyalaşdırılması növbəti mərhələnin işidir:
“Amma bizi sevindirən odur ki, uşaqlar məktəbdə yalnız öyrənməklə kifayətlənmir, öz əlləri, bacarıqları və kreativ düşüncələri ilə artıq məhsul hazırlamağa başlayıblar”.
H.Həsənli qeyd edib ki, bu, məktəb məzmunu çərçivəsində aparılan islahatların nəticəsidir:
“Məktəblərimizdə artıq STEAM təhsili və rəqəmsal bacarıqlar geniş vüsət alıb və biz bunun ilk nəticələrini görməyə başlayırıq. İnanırıq ki, gələcəkdə bu uşaqların sayı artdıqca, onlar məzun olduqca əmək bazarında daha hazırlıqlı nəsil və peşəkar kimi çıxış edəcəklər və ölkənin iqtisadi inkişafına töhfə verəcəklər”.
Nazir müavini bildirib ki, ali təhsildə həyata keçirilən dəyişikliklər də bunu göstərir. Bu ixtisaslara qəbul yerləri dəfələrlə artırılıb. Dediyinə görə, son 10 ilə baxsaq, görərik ki, əmək bazarının tələbi həm ölkəmizdə, həm də qlobal miqyasda məhz bu sahələrə yönəlib:
“Sevindirici haldır ki, ölkəmizin aparıcı universitetlərində bu ixtisaslara maraq çoxdur və yüksək bal toplayan şagirdlər bu sahələri seçir. Onlar da görürlər ki, əmək bazarında bu bacarıqlara böyük tələbat var və gələcəklərini bu istiqamətdə qururlar. Bu da ölkədə mütəxəssislərin sayının artmasına səbəb olur”.
H.Nəsənli gələcəkdə həmin mütəxəssislərin iqtisadiyyatımızın yenilənməsinə və güclənməsinə xidmət edəcəklərini vurğulayıb. Onun sözlərinə görə, bu da Azərbaycanın mövcud iqtisadi və coğrafi məkanda öz sözünü deməsinə şərait yaradacaq.
Həsənli onu da vurğulayıb ki, regionlarda internet və kompüterlə təminat problemi yoxdur:
“Bunun nəticəsidir ki, şagirdlərimiz məktəbdə hazırlıq keçə bilir, müəllimlərimiz mentor kimi işləyə bilir. Bir rəqəmə baxmaq kifayətdir: 600 min şagird rəqəmsal bacarıqlar layihəsinə, 300 min şagird isə STEAM layihəsinə cəlb olunub”.
Zeynəb Rzayeva
Bakı 



