İran daxilində Zəngəzur dəhlizi ilə bağlı yaranmış fikir ayrılığı təkcə daxili siyasi qarşıdurmanın əlaməti deyil, həm də regionda formalaşan yeni geosiyasi arxitekturanın Tehranda yaratdığı narahatlığın göstəricisidir.
SEPAH-ın sabiq komandiri Mənsur Həqiqətpurun “Tehran maraqlarını təmin etməzsə, alternativ planlar hazırlanmalıdır” çağırışı əslində İranın bu dəhlizi yalnız nəqliyyat layihəsi kimi deyil, strateji təsir məsələsi kimi gördüyünü göstərir.
Bu fikrin arxasında bir neçə mühüm siyasi mesaj dayanır.
Birincisi, Həqiqətpur açıq şəkildə bildirir ki, İran Zəngəzur dəhlizinin regionda yeni əlaqə xəritəsi yaratdığını anlayır və bu prosesdə kənarda qalmaq istəmir. Azərbaycan-Türkiyə inteqrasiyasının dərinləşməsi, Naxçıvanın Bakı ilə birbaşa bağlı duruma gəlməsi və Transxəzər-Orta Dəhliz xəttinin güclənməsi İran üçün iqtisadi və geosiyasi rəqabət baxımından çətinlik yaradır. Bu səbəbdən “alternativ planlar” ifadəsi dolayısı ilə Tehranı daha sərt mövqeyə sövq edən siqnal kimi görünür.
İkincisi, İran daxilində mövqelərin bölünməsi təsdiq edir ki, siyasi dairələr məsələni diplomatik şəkildə tənzimləməyə çalışsa da, SEPAH və təhlükəsizlik strukturları Zəngəzur dəhlizini İranın regiondakı təsirinin zəifləməsi kimi dəyərləndirir. Həqiqətpurun “pantürkizmlə uyğunlaşdırılmış siyasət” tənqidi bu narahçılığın ideoloji ölçüsünü açıq ortaya qoyur.
Üçüncüsü, İran Zəngəzur dəhlizi məsələsində yalnız Azərbaycan və Türkiyənin deyil, həm də ABŞ və İsrailin artan təsirinin olduğunu düşünür. Bu səbəbdən Həqiqətpurun “alternativ planlar” ifadəsi həm də SEPAH-ın “müqavimət oxu” çərçivəsində regionda balansı dəyişə biləcək addımlar atmağa hazır olduğu mesajını verir. Bu addımlar sərhədboyu hərbi təzyiqdən tutmuş diplomatik manevrlərə, nəqliyyat xəttinin yönləndirilməsinə və ya Ermənistanla yeni əməkdaşlıq paketlərinə qədər geniş spektri əhatə edə bilər.
Tehran Trampın adını daşıyan Zəngəzur marşrutu fonunda konkret olaraq hansı alternativ addımlar ata bilər?
Bunlar üç istiqamətdə cəmlənə bilər:
Birincisi, İran Ermənistan üzərindən keçən “Arazboyu alternativ dəhliz” ideyasını gücləndirərək bölgədə öz nəqliyyat rolunu artırmağa çalışa bilər. Tehran uzun müddətdir Naxçıvan-Ermənistan-İran-Azərbaycan xəttinin Zəngəzura rəqib olmasını istəyir.
İkincisi, İran Ermənistanla siyasi və təhlükəsizlik əməkdaşlığını gücləndirərək bölgədə balans yaratmağa cəhd göstərə bilər. Bu, SEPAH-ın sərhəddə mövcudluğunu artırması, hərbi sənaye əlaqələrinin genişlənməsi ilə müşayiət oluna bilər.
Üçüncüsü, Tehran Orta Dəhlizin böyüməsini yavaşlatmaq üçün regionda təsir sahələrini aktivləşdirə bilər. Məsələn, siyasi təzyiq, iqtisadi maneələr və ya sərhəd tənzimləmələri vasitəsilə bu, icra olunar.
Nəticə etibarilə, Həqiqətpurun “alternativ planlar” çağırışı İranın dəhlizə hərbi müdaxiləyə hazırlaşması anlamına gəlmir, lakin Tehranın bu prosesdə kənar müşahidəçi olmaq istəmədiyini açıq şəkildə ortaya qoyur. İran Zəngəzur dəhlizini regionda yeni güc balansının başlanğıcı kimi qiymətləndirir və bu balansda öz yerini qorumaq üçün həm diplomatik, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində paralel strategiyalar hazırlayır.
Ruslan Zəngəzur
Bakı 



