• Bakı 14° C

    1.15 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.1924

Cənubi Qafqazda yeni geosiyai nizam: Rusiya gedir, Türk dünyası gəlir

SİYASƏT

01 Dekabr 2025 | 17:21

Cənubi Qafqazda yeni geosiyai nizam: Rusiya gedir, Türk dünyası gəlir

Cənubi Qafqazda Ukrayna müharibəsi fonunda zəifləyən Rusiya təsiri bölgədə yeni geosiyasi düzənin formalaşmasına yol açıb. 

Bu dəyişikliklər fonunda diqqət mərkəzində qalan əsas məsələ isə geosiyasi boşluğun kimlər tərəfindən doldurulduğu və üçtərəfli rəqabətin hansı istiqamət almasıdır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Azər Həsrət bildirib ki, Rusiyanın mövqelərinin zəifləməsi, xüsusən də türk faktorunun daha ön plana çıxması üçün əlavə imkanlar yaradır və Azərbaycan, qardaş Türkiyə, eləcə də digər türk dövlətləri bu imkanlardan yetərincə yararlanırlar. Hazırda bu şəraitdən maksimum şəkildə faydalanmaq üçün çox ciddi və səmərəli addımlar atılır:

"Bu addımların ən önəmlisi, əlbəttə ki, Türk Dövlətləri Təşkilatının daha effektiv quruma çevrilməsi istiqamətində görülən işlərdir. Azərbaycan başda olmaqla bu yöndə ardıcıl addımlar atılır. Son 10 gün ərzində Bakıda Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilmiş iki böyük tədbiri xüsusi vurğulamaq olar".

Onun fikrincə, bunlardan birincisi, Türk Dövlətləri Təşkilatının QHT Forumunun yaradılması idi. Bu tədbir əvvəlcə Bakıda keçirildi, daha sonra isə Naxçıvanda təsis yığıncağı baş tutdu. Ekspertin sözlərinə görə, ikinci mühüm tədbir isə Türk Dövlətləri Təşkilatının Media Forumunun keçirilməsi idi. Bu forum da Bakıda daha effektiv şəkildə təşkil olundu. Yəni faktiki olaraq Azərbaycan və digər türk dövlətləri yaranmış imkanlardan maksimum istifadə etməyə çalışırlar:

"Türkiyə-Avropa Birliyi-Çin üçbucağında mövcud vəziyyətdən yararlanmasına gəlincə, əlbəttə ki, hər tərəfin öz maraqları var. Çin illərdir Rusiyanın bölgədəki boşluğunu doldurmağa çalışır və bəzi hallarda buna nail olur - xüsusilə Türküstan və Orta Asiyada. Digər tərəfdən, Avropa Birliyi də aktiv şəkildə Orta Asiya dövlətləri və Güney Qafqaz, o cümlədən Azərbaycanla işləyir və bu boşluğu doldurmağa çalışır".

Azər Həsrət: Çin illərdir Rusiyanın bölgədəki boşluğunu doldurmağa çalışır

Həmsöhbətimiz bildirib ki, üçüncü tərəfdən qardaş Türkiyə də prosesdən kənarda qalmır. Digər iki böyük dövlət və ya dövlətlər birliyindən fərqli olaraq, Türkiyənin imkanları burada daha üstündür. Çünki etnik bağ faktoru mövcuddur: bu amil Türkiyə ilə digər türk dövlətlərinin daha da yaxınlaşmasını təmin edir. Coğrafi mövqe də bizim xeyrimizə işləyir. Çin də Orta Asiya dövlətləri ilə həmsərhəddir, lakin Türkiyə həm bizlə həmsərhəddir, həm də Azərbaycan üzərindən Orta Asiyaya açılır. Orta Asiyadakı türklər də daha çox Türkiyəyə meyl edirlər:

"Beləliklə, bu üçlüyün arasında gedən şərti olaraq “mübarizə” adlandırıla biləcək proses təbii olaraq Türkiyənin xeyrinə nəticələnir. Çünki bölgə uğrunda aparılan mübarizədə həlledici söz bölgə xalqlarınındır və bu səs Türkiyənin tərəfindədir. Nə Avropa Birliyi, nə də Çin bu məsələdə önə çıxa bilir. Əksinə, Türkiyə bu istiqamətdə daha rahat irəliləyir".

Bunun sadəcə Türkiyənin deyil, həm də bizim istəyimiz olduğunu vurğulayan müsahibimiz, bunun ardınca, Çin, Avropa Birliyi, Amerika Birləşmiş Ştatları, digər təşkilat və dövlətlərlə də əməkdaşlıq edə biləcəyimizi qeyd edib. Bildirib ki, o mərhələdə isə maraqlarımıza uyğun addımlar atılacaq.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR