ABŞ Prezidenti Donald Trampın Ukraynaya silah tədarükünü bərpa etməsi yeni administrasiyanın ilk ciddi xarici siyasət addımlarından biri kimi dəyərləndirilir. Bu qərar Rusiya ilə danışıqlar prosesini daha mürəkkəb mərhələyə keçirə bilər.
Moskvanın ilkin reaksiyası ehtiyatlı və ritorik baxımdan “yumşaq” görünsə də, bu, Kreml üçün vəziyyətin ciddiliyini azaltmır. Rusiya bu addımı Qərbin yenidən eskalasiyanı gücləndirməsi kimi təqdim edəcək və cavabını daha çox hibrid alətlərlə verəcək.
Hazırkı situasiyada BMT və ATƏT kimi beynəlxalq təşkilatların vasitəçilik imkanları simvolik səviyyədə qalır. Tramp administrasiyası bu qurumlara etimad göstərmir, Rusiya isə onların neytrallığına inanmır. Bu səbəbdən real diplomatik vasitəçilik ya regional aktorlar, ya da neytral dövlətlər vasitəsilə baş verə bilər. Eyni zamanda, Avropa İttifaqı daxilində sülh təşəbbüslərinin aktivləşməsi gözlənilir.
NATO və Avropa İttifaqı bu qərarın fonunda öz müdafiə strategiyalarını yenidən gözdən keçirə bilərlər. Brüsseldə ABŞ ilə koordinasiyanı gücləndirmək, amma eyni zamanda öz sərbəst təhlükəsizlik mexanizmlərini inkişaf etdirmək xətti aktuallaşır. Xüsusilə Şərqi Avropa ölkələri Trampın qərarını müsbət qarşılayır, lakin Qərbi Avropada ehtiyatlılıq müşahidə olunur.
Silah tədarükünün artması ilə paralel şəkildə sülhə nail olmaq prinsipcə mümkündür, lakin bu, yalnız o halda baş verə bilər ki, hərbi dəstək diplomatik təzyiqin tərkib hissəsi kimi qəbul edilsin. Əgər bu addım masada daha əlverişli şərtlərin əldə olunmasına xidmət edərsə, sonda kompromis əldə etmək mümkündür. Əks halda, bu, danışıqların uzanmasına və münaqişənin dondurulmuş, lakin gərgin fazaya keçməsinə səbəb ola bilər.
Ruslan Zəngəzur