• Bakı 11° C

    9.2 m/s

  • USD - 1.7

    EUR - 1.9791

    RUB - 2.1951

Moskva görüşünün nəticələri: real mənzərə və dayanıqlı sülhün mümkün perspektivi

DÜNYA

03 Dekabr 2025 | 13:52

Moskva görüşünün nəticələri: real mənzərə və dayanıqlı sülhün mümkün perspektivi

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında beş saata yaxın davam edən görüşün nəticəsiz qalması ilk baxışda sadə diplomatik ifadə kimi görünsə də, əslində mövcud geosiyasi balansın nə qədər mürəkkəb olduğunu göstərir.

Görüşün detallarının açıqlanmaması, Dmitri Peskovun “megafon diplomatiyası faydasızdır” sözləri və tərəflərin qapalı rejimdə müzakirə aparması göstərir ki, proses həm həssasdır, həm də real olaraq konkret nəticə əldə etmək üçün uyğun şərait formalaşmayıb. Moskvanın Pokrovskda irəliləyişini görüş ərəfəsində elan etməsi Rusiya tərəfinin danışıqlara əlini gücləndirərək getdiyini göstərən aydın siyasi siqnal idi. Bu, yalnız hərbi uğurun nümayişi deyil, həm də Vaşinqtona mesajdır: Kreml sülhə yalnız üstün mövqedən danışmağa hazırdır.

ABŞ-ın Uitkoff-Kuşner xətti ilə həyata keçirdiyi diplomatik təşəbbüs Avropanın prosesdən kənarlaşdırılmasına yönəlmiş yeni modelə bənzəyir. Bu isə Putinin uzun müddətdir güddüyü strategiyanın - ABŞ ilə Avropa arasında ziddiyyətləri dərinləşdirmək və Vaşinqtonu NATO müttəfiqlərindən mümkün qədər uzaqlaşdırmaq, müəyyən mənada nəticə verdiyini göstərir. Britaniyanın “The Spectator” jurnalının köşə yazarı Ouen Mettyusun vurğuladığı kimi, amerikalıların Moskva ilə sakitləşdirici xətt qurmağa hazır görünməsi, Avropanın isə tələbləri sərtləşdirməsi nəticəsində Qərb bloku Ukrayna məsələsində vahid mövqe sərgiləyə bilmir. Floridadakı ABŞ-Ukrayna danışıqlarında tərəflərin heç bir əsas maddədə razılığa gələ bilməməsi, Kiyevin Donetskdən çəkilməyə dair təklifi “konstitusiya məhdudiyyəti” ilə rədd etməsi və Avropanın Ukraynaya maliyyə dəstəyi mövzusunda dağınıq mövqeyi bu ziddiyyətlərin daha da dərinləşdiyini ortaya qoyur.

Putinin güzəştə getmək istəməməsinin əsas səbəbi həm hərbi sahədə irəliləyiş, həm də siyasi planda üstünlük əldə etdiyini düşünməsidir. Rusiya noyabr ayından bəri 500 kvadrat kilometrdən çox əraziyə nəzarəti ələ keçirdiyini elan edir, Ukraynada isə siyasi böhran dərinləşir: Zelenskinin komandasında korrupsiya ittihamları, ölkənin 50 milyard avroluq kəsirlə üzləşməsi, Avropanın əlavə dəstəkdən imtina etməsi və dondurulmuş Rusiya aktivlərinin səfərbəriyyəsində razılaşmanın əldə olunmaması Kiyevin mövqeyini zəiflədir. Bu fonda Kremlin “sülh şərtlərini diktə edən tərəf” kimi davranması Mettyusun ifadəsiylə desək, artıq reallığa çevrilir. ABŞ-ın isə müharibəni uzatmağın əhəmiyyətsiz olduğu qənaətinə gəlməsi və Tramp administrasiyasının “münaqişəni birbaşa razılaşma ilə dondurmaq” istiqamətində atdığı addımlar Moskva üçün əlavə üstünlük yaradır.

Nəticə etibarilə Moskva görüşü göstərdi ki, tərəflər arasında hansısa razılaşmanın baş tutması üçün geosiyasi mühit hazır deyil. Rusiya özünü üstün mövqedə görür və hərbi situasiyanı masadakı əsas arqumentə çevirib. ABŞ prosesi nəzarətdə saxlamağa çalışsa da, Avropanın dağınıq mövqeyi və Ukraynanın zəifləyən resursları Vaşinqtonun manevr imkanlarını məhdudlaşdırır. Bu şəraitdə Ukrayna üçün əlverişli sülhün yaxınlaşdığına dair heç bir real işarə yoxdur. Zelenskinin həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə mövqeyinin zəiflədiyi bir zamanda Putin danışıqlar masasında tələblərini daha da sərtləşdirmək imkanı qazanıb. Moskva görüşünün nəticəsiz qalması, əslində, Rusiya üçün nəticədir: proses səngimir, əksinə, Kremlin diktə etdiyi ritmlə davam edir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

02 Dekabr 2025