• Bakı C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.7868

    RUB - 1.619

Zərdüşt Əlizadə: “III Dünya müharibəsi nüvə müharibəsi olacaq” - MÜSAHİBƏ

MÜSAHİBƏ

15 Aprel 2024 | 09:14

Zərdüşt Əlizadə: “III Dünya müharibəsi nüvə müharibəsi olacaq” - MÜSAHİBƏ

Politoloq Zərdüşt Əlizadə Bakıvaxtı.az-a müsahibə verib.

O, İsrail-İran gərginliyi, bu gərginliyin 3-cü dünya müharibəsinə gətirib çıxaracağına dair iddialar, qarşıdurmada Azərbaycan və Türkiyənin tutduğu və tutmalı olduğu mövqe barədə danışıb.

Müsahibəni təqdim edirik.

- İsrail-İran münasibətlərindəki gərginlik nədən qaynaqlanır və bu gərginliyin aktiv fazaya keçməsinə nələr səbəb oldu?

- Bu sualın cavabı o qədər çoxşaxəli və mürəkkəbdir ki, dəqiq bir fikir söyləmək çətindir. Müsəlman-İsrail, müsəlman-Qərb qarşıdurması mürəkkəb məsələdir. İsrail əslində Qərbin proksi qüvvəsidir. Qərb dünyası İsrail dövləti vasitəsilə müsəlman şərqinə nəzarət edir. Onlar İsrail vasitəsilə müsəlman dünyasını parçalayır, əziz, sındırır, sərhədlərinə sahib çıxır. Oradakı siyasi prosesləri və hadisələri idarə edir.

İsrail özbaşına deyil. Təkcə İran deyil, bütövlükdə müsəlman dünyası 1947-ci ildə sərt bir qərar çıxardı. İsrail dövlətini Birləşmiş Millətlər Təşkilatının (BMT) tanıdığı sərhədlər daxilində tanımadı və müharibə başladı. İran bir neçə dəfə uduzdu. İndi də uduza-uduza gedir. Qərb dünyası və İsrail ardıcıl Qərbin iradəsinə tabe olmaq istəməyən müsəlman dövlətlərini bir-bir dağıdır, parçalayır. Fikir vermisinizsə, İsraili əvvəl İordaniya tanıdı, Liviya, Tunis, Əlcəzair, Sudan, İraq və başqaları bir-bir “vuruldular”. Sonra isə Ərəb dövlətləri İsrailin mövcudluğunu tanımağa başladılar. Fələstin məsələsindən geri çəkilməyə başladılar. Fələstin Azadlıq Hərəkatını iki hissəyə - Fəth və HƏMAS - parçaladılar. Onlar da indi bir-biri ilə vuruşur. Mahmud Abbasın başçılıq etdiyi Fəth faktiki olaraq, İsrailin quluna çevrilib. Belə bir şəraitdə yeganə müsəlman ölkəsi İrandır ki, İsrailə qarşı barışmaz mübarizə aparır. Bununla belə İranın da diplomatik səhvi var.

- Məsələn?

- İranın səhvi ondan ibarətdir ki, İsrail dövlətinin, yəhudi xalqının mövcudluğunu tanımaq istəmir. Bununla belə İsrail dövləti özünü beynəlxalq hüququn bütün müddəalarını pozan bir terrorçu dövlət kimi aparır. Bu dövlətdə müsəlmanlar, ərəblər ikinci dərəcəli hüquqa malikdirlər, yəhudilər onları əzir, sındırır, hüquqlarını pozur, torpaqlarını zəbt edir. Beynəlxalq hüquqa tam etinasız yanaşır. Qərb isə onu dəstəkləyir. İsrail dövlətinin rəsmi ideologiyası olan sionizm əslində faşizmə yaxındır, amma Qərb onu tanıyır, özünün ən uğurlu siyasi aləti kimi Yaxın Şərqdə nəzarət mexanizmi kimi bəsləyir, qoruyur və silahlandırır. Maliyyə və ideoloji cəhətdən dəstəkləyir. O da ərəb xalqına qarşı amansız siyasət yürüdür. Ərəb xalqının iradəsini sındırmağa çalışır. Radikalların əli ilə ərəb xalqının ədalətli işini rüsvay etdi. Oktyabr hadisələri zamanı fələstinlilərin törətdiyi vəhşiliklər, hərbi cinayətlər imkan verdi ki, İsrail dünya ictimaiyyətinin rəğbətini qazansın və revanşist addım atsın. İsrail özü də terror törətdi, 12 mindən yuxarı günahsız uşağın öldürülməsi 32-33 min insanın qətlə yetirilməsi dünyanın vicdanını oyatdı. İsrailə qarşı etiraz kampaniyası başlandı. O cümlədən Amerika İsrailin bu barbar davranışını pislədi.

- Gərginlik niyə məhz indi şiddətləndi?

- İndi İsrail görür ki, informasiya və vətəndaş müharibəsini uduzur. HƏMAS-a tam qalib gələ bilmir. Hesab edir ki, ona müharibənin eskalasiyası lazımdır.

- Nə üçün?

- Çünki rəsmi Təl-Əviv istəyir ki, Amerikanı İrana qarşı müharibəyə çəksin. Ona görə də İranın Suriyadakı diplomatik təmsilçiliyini vurur. Bu, əslində İran dövlətinə qarşı təxribatdır ki, bu da cənub qonşumuzun əks-kəşfiiyyatının zəifliyinin sübutdur. Bu hücum müharibə bəhanəsidir. Rəsmi Tehran seçim qarşısında idi. İsraillə müqayisədə İranın texnoloji imkanları məhduddur. Bəşəri imkanları güclü olsa da, texnoloji imkanları zəifdir. İran əlindən gələni edib, raketi atıb vurub, Amerika aviasiyası İraq, İordaniyada qaldırıb, raketlərin çoxunu vurublar. Faktiki olaraq, İsrail ərazisinə heç bir ziyan dəyməyib.

 - Amerikanı “oyuna” çəkmək mümkün olacaqmı?

- Rəsmi Vaşinqtondan belə açıqlamalar gəldi ki, biz İsraili müdafiə edəcəyik, amma müəyyən həddə qədər. Bizi müharibəyə çəkmə və biz İrana qarşı geniş miqyaslı müharibə aparmağa hazır deyilik. Amerikanın içərisində də proseslər gedir. Bayden administrasiyasına xarici macəra və müharibə lazım deyil. Düşünürəm ki, bu raund bitdi. Növbəti raunda İsrail bir təxribat törədərsə, İran da onların küyünə gedib, cavab verə bilər. Amma İsrail-İran münasibətlərinin növbəti mərhələdə hansı şəkil alacağını şərh etmək çətindir.

- Bu qarşıdurmanın III Dünya müharibəsi üçün tətikləyici rol oynadığı anons edilir. Siz necə düşünürsünüz?

-III Dünya müharibəsi bəşəriyyətin sonu deməkdir. Heç kim ölmək istəmir. III Dünya müharibəsi labüd olaraq, nüvə müharibəsi olacaq. Nüvə bombalarını istifadə etsələr, Yerdən atmosferə o qədər toz qalxacaq ki, təxminən 1 il ərzində Yer səthinə günəş şüası düşməyəcək. Bütün bitkilər və canlılar öləcək. Ola bilsin ki, 40-50 santimetr dərinlikdə yanlız soxulcanlar qala bilərlər.

- İsrail-İran münasibətlərinin gərginləşdiyi bir məqamda Türkiyə hansı mövqedə dayanmalıdır, necə etməlidir ki, bu gərginlik ona təsirsiz ötüşsün?

- Türkiyə öz prinsipial mövqeyini sərgiləyib. İsraili kəskin tənqid edir. İsraillə iqtisadi münasibətlərini 500 min dollara endirib. O da yanlız Fələstinə verilən ərzaqla bağlıdır. Onu da köçürməsə Fələstin ərəbləri acından ölər. Düzdü, İran siyasi möhtəkirliklə məşğuldur. Türkiyəni ittiham edir ki, niyə İsraillə əlaqələr qurur? Amma düşünmür ki, Türkiyənin İsrailə verdiyi ərzaq Fələstin ərəblərinə çatır. Fələstin tacirləri ilə müqavilə bağlayıb. Fələstin tacirlərinə o ərzağı vermək üçün Fələstinin özünün dövlət sərhədləri, limanları, valyutası yoxdur. Ərzaq da İsrailin limanlarına gedir, oradan da Fələstin tacirləri alıb, Fələstin ərəblərinə satırlar ki, acından qırılmasınlar. Fələstin məsələsində Türkiyə çox peşəkar davranır. Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan bundan başqa neynəsin? Ərdoğan İsrailə hücum edə bilməz. Bunun üçün hüquqi əsası yoxdur. Türkiyə dünyanın jandarmı deyil.

- Bəs rəsmi Bakının davranışı və mövqeyi necə olmalıdır?

- Azərbaycan öz milli maraqlarından çıxış edir. Fələstini tanıyır. Fələstinə yardım edir, eyni zamanda İsraili də tanıyır və ona neft satır, silah alır. Bu da bizim milli maraq və mənafeyimizə cavab verir. Heç bir ölkə öz milli mənafeyini başqa bir xalqın, dövlətin mənafeyinə qurban verməz. Dünya eqoizm üzərində qurulub. Hər bir ölkə, dövlət özünə çalışır. Azərbaycan da öz mənafeyini güdür. Eyni zamanda müsəlman hərəyliyi nümayiş etdirir. Fələstinlilərə yardımlar göndərir.

 - Ötənlərdə İrandan belə bir təhdid gəlmişdi ki, İsrailin Azərbaycandakı səfirliyini vuracaqlar...

- İran parlamentində bir naşı deputat belə bir bəyanat verib ki, İran İsrailin Bakıdakı səfirliyini vurmalıdır. Belə deputatlar bizim Milli Məclisdə də var. Beləsi İranda da var. Ona fikir vermək lazım deyil. Azərbaycanda dövlət adına siyasi qərar verən prezident, xarici işlər naziri və prezidentin siyasi məsələlər üzrə müşaviridir. İranda isə rəhbər, prezident və XİN başçısıdır.

Aydın Baxış


SON XƏBƏRLƏR

04 Dekabr 2024