• Bakı 20° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Əzilən tərəf İrəvan olur: Ermənistan ərazilərində Qərb-Rusiya rəqabəti üçün poliqon hazırlanır - MÜSAHİBƏ

MÜSAHİBƏ

04 Aprel 2024 | 13:41

Əzilən tərəf İrəvan olur: Ermənistan ərazilərində Qərb-Rusiya rəqabəti üçün poliqon hazırlanır - MÜSAHİBƏ

Bakıvaxtı.az analitik Aqşin Kərimovla müshibəni təqdim edir.

- Blinkenin Əliyevə zəngi və Əliyevin ona cavabı özündə hansı məsələləri xarakterizə edir?

- ABŞ-Azərbaycan münasibətləri onilliklər ərazində mübahisəli məqamlar üzərində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın regional geosiyasi genişlənmə konsepsiyası ABŞ-nin də marağındadır. Çünki NATO üzvü olan Türkiyə Azərbaycanın strateji müttəfiqi kimi Bakıya misilsiz dəstək göstərir.

Bu, NATO-nun Cənubi Qafqaz üzrə strateji yanaşmasını yerbəyer etməyə bol fürsət verir. Xüsusilə, Türkiyə ilə ABŞ arasında problemlərin həlli istiqamətindəki səylər Ankaranın manevr sahəsini daha da genişləndirir və NATO bundan bəhrələnmək istəyir. Hərçənd ki, Qərbdəki bəzi dairələr Bakı-Ankara müttəfiqliyi ilə NATO-nun əlaqələrinə gələcək maneələr pərçimləməyi müqəddəs missiya hesab edirlər.

Bu maneənin Azərbaycan-NATO əlaqələri, Bakı ilə Vaşinqtonun təhlükəsizlik, energetika sahəsindəki əməkdaşlığının ruhuna qarşı davamlı aqressiyaya çevrilməməsi üçün mübahisəli məqamlara aydınlıq gətirilməlidir.

Mən geniş mənada Antoni Blinkenin İlham Əliyevə zənginin arxasında həmin məqamların qabardılmasının tərəfdarıyam. Azərbaycan tələb edir ki, ABŞ və onun öndərliyi altında olan NATO regionda təsiredici alətlər qazanmaq niyyətindədirsə, o zaman Ermənistana dəstək cəhdlərinə əməllicə əl gəzdirməlidir.

İkinci bir cəhətdən, hesab edirəm ki, Azərbaycanla ABŞ arasındakı mövcud olan siyasi gərginliyə məqsədli şəkildə əlavə informasiya fonu da verilir.

Çünki NATO ilə Azərbaycanın tərəfdaşlıq münasibətləri Rusiyanın regiondakı varlıq dərəcəsi ilə bağlı sualları aktuallaşdırır. Kreml onsuz da regiona müdaxilə etmək üçün bol bəhanələrini dövriyyədə saxlayır.

ATO amili isə prosesi sürətləndirə bilər. Ancaq Bakı həm Rusiya, həm də Qərb qarşısında bildirir ki, regionda şiddət və təcavüzün alovlanmasına rəvac verən addımlar sülh və təhlükəsizlik mühitini korlayır. Bu mənada, Əliyevlə Blinkenin telefon danışığı böyük rakursda ikitərəfli və çoxtərəfli qarşılıqlı fəaliyyət imkanlarına yüksək səviyyədə baxışı və risklərə soyuq başla yanaşmağı özündə ehtiva edir.

- ABŞ və Avropa İttifaqının "Erməni sevdası" nədən qaynaqlanır? Dünyada yardım olunmalı çoxlu sayda ölkə oldugu halda niyə məhz Ermənistana humanitar, iqtisadi və təhlükəsizlik baxımından yardım etmək niyyətindədirlər?

- Rusiya-Ukrayna müharibəsi başlayandan bu yana Qərb sürətlə Moskvanın hakimlik etdiyi regionlara sızmağa çalışır. O, istədiyinə nə qədər və hansı şəkildə müvəffəq olur - bu, ayrı bir məsələdir. Cənubi Qafqaz teatrında Qərb Rusiya ilə cəsarətli və effektiv mübarizə üçün regional alətlərin imkanlarından istifadə edir. Burada Ermənistan sonuncu alətlərdən biridir və artıq həlledici mərhələdə İrəvan kartı masaya qoyulur. Təbii ki, bu, Qərbə uğur gətirməyib, çünki onun İrəvan üzərindən Rusiyaya təzyiq niyyətində Azərbaycana qarşı da maraqların şiddətlənməsi hiss edilməkdədir.

- Proseslərdə Fransanın yeri harada görünür?

- Ehtimalıma əsasən, ABŞ və Avropa İttifaqının indiki mərhələ üçün erməni mərkəzli regional konfiqurasiyaya meyillənmək cəhdi ən çox Fransa ilə Vaşinqtonun arasındakı mümkün sövdələşmələrə işarə edir. Regionda genişmiqyaslı eskalasiya ABŞ-yə sərf etmir, amma Fransa üçün “nizamlanmayan xaos” yaratmaq adi bir təcrübə kimi görünür. Bir az da irəli gedərək iddia etmək olar ki, Fransa arzuladığı teatrı qurmaq üçün Avropa İttifaqındakı nüfuzundan istifadə edir. Bununla ABŞ və Rusiya arasındakı mövqelərini “ikili agent” kimi bərkidərək ambisiyalarını şişirtməyə çalışır.

Fransa indi ABŞ və Avropa İttifaqını sürətlə Ermənistan trayektoriyasına salaraq güdülən maraqlarına yeni fon verməyə çalışır – yəni Qərb də Parisin ambisiyalarını guya dəstəkləyir.

Əslində hər kəs bilir ki, Ermənistana dəstəklər Azərbaycana qarşı geosiyasi balans yarada bilmək iqtidarından uzaqdır. Deməli, Qərbin Ermənistanın “müdafiəsinə” necə töhfə verməsi onun düşündüyünün əksinə olaraq, Azərbaycanın gələcəkdə sülh müqaviləsi üzrə məramlarını əhəmiyyətli genişləndirməsini müəyyənləşdirəcək. Bu müəyyənləşdirmədən sonra Azərbaycanın yarada biləcəyi yeni geosiyasi reallıqlar Qərb tərəfindən də asanlıqla qəbul edilə və yeni əməkdaşlıq formatı yarana bilər.

- Qərb-Ermənistan yaxınlaşması, Qərbin Ermənistanı öz platforması və ya orbitinə çəkməsi onu Rusiya ilə qarşı-qarşıya qoymayacaq ki?

- Qərblə Rusiya bir-birilə açıq hərbi konfrontasiyaya girməkdən çox uzaqdır. Hələ Ermənistana görə Qərb Rusiyaya hərbi mənada müharibə elan edə bilməz, çünki regionda onun hərbi resurs və imkanları yox dərəcəsindədir. Sadəcə olaraq, hər iki tərəf Ermənistanın başı üzərinə toppuz qaldırır və əzilən tərəf İrəvan olur. Bir sözlə, Qərbin İrəvana xeyrindən çox ziyanı var, çünki Moskva Ermənistana güllə atanda Qərb özünü qabağa verməyəcək. Buradan belə bir nəticə doğur ki, Ermənistan ərazilərində Qərb-Rusiya rəqabəti üçün poliqon inşa edilir.

Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın dörd kəndinin geri qaytarılması üçün iradəsini ortaya qoyduğu zamanda Qərbdən verilən siqnallar artıq Paşinyanın da qərarlarını aşır. Bu o deməkdir ki, İrəvan faktiki olaraq müstəqil və qətiyyətli qərar vermək iqtidarında deyil və o, yönləndirilərək güc balansları arasında sıxışan poliqona çevrilir.

Belə davam etsə, Ermənistan Yaxın Şərqin Suriyası, Avropanın isə Ukrayna modelini təkrarlamış olacaq.

Aydın Baxış


SON XƏBƏRLƏR

29 Aprel 2024