• Bakı C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Mətbuat Kəramətlə məni debata çəkir - Qəşəm Nəcəfzadə ilə MÜSAHİBƏ

MÜSAHİBƏ

02 Aprel 2024 | 09:23

Mətbuat Kəramətlə məni debata çəkir - Qəşəm Nəcəfzadə ilə MÜSAHİBƏ

AYB Uşaq şöbəsinin rəhbəri, şair Qəşəm Nəcəfzadənin 65 yaşı tamam oldu.

Bakıvaxtı.az onunla yubiley söhbətini təqdim edir.

Futbolçu olmaq istəyirdim, amma...

- Qəşəm müəllim, 65 yaşınız oldu. Özünüzü bu yaşda necə hiss edirsiniz?

- 65 oldu? Mənə bu qədər ağır gəlməmişdi. Kimsə soruşanda yaşımı demirəm. Mənə pis təsir edir. Fikirləşirəm ki, hələ heç nə eləməmişəm. Ömür keçir, gün keçir...

- Məsələn, nə edə bilməmisiniz?

- Futbolçu olmaq istəmişəm. İndinin özündə də yatmazdan öncə özümü yaxşı hiss etmək üçün təsəvvür edirəm ki, meydandayam. Göylə süzürəm. Hesab edirəm ki, meyadanda xanımım var. Mənim oyunumu izləyir. Onun gözünün qabağında qəhrəmana çevrilirəm.

Xəstəliyin yaranma səbəblərindən biri də odur ki, sən həmişə pis fikirləşirsən

- Ötən yaşınız necə yadda qaldı?

- Siqaret çəkirdim və çox içki içirdim. Fikirləşirdim ki, onsuz da ürəyim də yaxşı deyil. Onsuz da olan olub. Ona görə də özümü qorumaq istəmədim. Sonra getdim müayinə olundum. Ürəyimi anju elətdirdim. Gördüm heç bir problem yoxdur. Hər şey normaldır. Ondan sonra özümü sevməyə başladım. Siqareti də, içkini də tərgitdim. Adam öz orqanizmindən də naümid olanda onu qorumaq istəmir.

- Ötən il sizə ev də hədiyyə olundu və bu, bir sıra müzakirələrə səbəb oldu. Ümumiyyətlə, sizcə, dövlət yazıçıya ev verməlidirmi?

- Ev verilməsinin nəyi pisdir ki? Hədiyyənin pisi var? Sağ olsun dövlətimiz. Axı buna kim pis ola bilər ki? Bu, məni ancaq sevindirə bilər. Allah o tənqid edənlərə də ev qismət eləsin. Hamının evi olmaldır. Mənim bir cümləm var idi: Körpə gülümsəyəndə, ev tikiləndə, torpaq suvarılanda mən sevinirəm. Bundan yaxşı arzu ola bilər.

Xəstəliyin yaranma səbəblərindən biri də odur ki, sən həmişə pis fikirləşirsən. Birinə ev bağışlayırlar, sən pis olursan, səndə xəstəlik yaranır.

Sağlamlıq həm də insanları sevə bilməyəndə, içində sevgi olmayanda pisləşir. Bir dostum var insanlara qarşı çox əsəbidir. Deyirəm sevin də, deyir nəyə sevinim? Deyirəm ağaca bax, günəşə bax, dənizə bax, körpə uşağa bax, sevin.

Azərbaycan dilini bilməyən biri Azərbaycan dilində dərslik yazır

- Uşaq ədəbiyyatımızın hazırkı durumundan razısınız?

- Bizim gözəl uşaq ədəbiyyatımız var. Dərsliklərimizdə nöqsanlar var. O uşaq ədəbiyyatını üzə çıxarmaq lazımdır. Rafiq İsmayılov var, 1-ci sinifdən 9-cu sinifə qədər dərsliklərin müəllifidir. Rusdillidir, Azərbaycan dilini yaxşı bilmir. Azərbaycan dilinndə dərslik yazır. Çox gülməli vəziyyətdir. Bir dəfə televiziyada üz-üzə gəldik. Ona dedim ki, siz həm də məktəblilərə şairləri tanıdırsınız. Dedi biz şair tanıtmırıq. Dedim bu, sənin fikrindir, amma elə deyil. Biz Mirzə Ələkbər Sabiri, Abdulla Şaiqi, Abbas Səhhəti haradan öyrənmişik. Dərsliklərdən tanımışıq da. Vaxtilə dərslik yazanlar onları bizə tanıdıblar. Sən kimi tanıdırsan? Özündən uşaq şairləri adları qoyub dostlarını başına yığıb ana-ata və s. haqda şeir yazmağı tapşırırsan. Deyirəm, niyə saxta müəllif adları qoyub onların şeirlərini dərsliklərə salırsınız? Deyir bu, bizim üçün əhəmiyyət daşımır. Bir kitabı yazmaq üçün 150 kitab oxumalısan.

- Şamaxıda keçirilən “Azərbaycan dili və ədəbiyyatı forumu”undakı çıxışınızda bu haqda bildirsəniz də, sizinlə razılaşmayanlar  olmuşdu...

- Professor Nizami Cəfərov mənə etiraz etdi ki, təhsil nazirini günahlandırma, onluq iş deyil. Dedim, mən təhsil nazirindən söz soruşmuram, yerinə siz cavab verirsiniz. Bu nə dərəcədə doğrudur? Bizim dərdimiz də budur - heç kəs təyinatı üzrə danışmır. Mən dəfələrlə hansı müəlliflərin yazdığı dərsliklərin mənasızlığını demişəm.

Yaxınlarda Elm və Təhsil Nazirliyi də dərsliklərlə bağlı müzakirə keçirib, Ora mən tənqid edən şəxsi çağırıblar, amma məni dəvət etməyiblər...

 - Bildiyim qədərilə, uşaqların şeir əzbərləməsinin əleyhinəsiniz. Sizə görə, bu, pafosdur...

- Pafos qədər dəhşətli bir şey yoxdur. Onu da gətirib uşaq ədəbiyyatına bağlamışam ki, 5-6 yaşında uşaqlara böyük kimi danışmağı öyrətməsinlər. Uşağı böyük kimi danışdırmaq onu öldürməkdir. Uşağın əlindən uşaqlığını alırlar, sonra deyirlər sən beləsən. Uşaqlığını yaşayan uşaq gənclik illərində mükəmməl olur, yaşamayan uşaq isə qocalır.

Gərək uşaqlar özlərinə xəyal qursunlar. Öz qəhrəmanlıqlarını uydursunlar. Biz uşağın üstündə dirənəndə uşaq özünü bizdən gizlədir. Gizlətməyinin də günahı yoxdur. Gizlədə-gizlədə də böyüyür. Sonra eşidirik ki, həmin uşaqlar gedib əsgərlikdə adam öldürüblər. Çünki biz onu özünü gizlətməyə məcbur etmişik. Biz onu müalicə edə bilərdik.

Kəramət mənim kədərim idi. Onu sevincə çevirə bildim...

- Bir qədər Kəramət Böyükçöldən danışaq. Daha çox hansı mövzularda fikirləriniz toqquşur?

- Kəramət mənlə eyni evdə yaşayır. Bir otağı var. Orada yazır, mən də o biri otaqda yazıram. Hərdən yoldaşım gəlib deyir ki, Kəramət filan hərəkət edib, sən onu danla. Mən də ona inboxda yazıram ki, sən filan şeyi səhv etmisən. O da deyir düz eləmişəm. Bir-birimizi qırırıq. Sonra otaqdan çıxıb yoldaşıma deyirəm ki, ona dişimin dibindən çıxanı dedim. Deyir, axı səsiniz gəlmədi. Deyirəm, biz inboxda yazışırıq. Onu orada cəzalandırıram.

Oğlu Barış rəssamdır. Oturub nənəsinin şəklini çəkir. Bu gün Azərbaycan televiziyaları ümumilikdə mətbuatı Kəramətlə məni debata çağırmağa çox meyillidirlər. Burada reytinq məsələsi də var.

Kəramət istedadlı adamdır. O, mənim kədərimdir. Bir dəfə ona sual veriblər ki, sən niyə belə sözünü üzə deyən, qorxmayan yazıçı oldun? Deyib mən atamın çöldə deyə bilmədiyi, evdə dediyi etirazlarından yaranmışam. Mən də ona deyirəm, sizə görə deməmişəm. Sizi böyütmüşəm.

Kəramət yaradıcılığında yeni bir xətt qoydu. Azərbaycan şairinin arzusu nədir? Kitabım çıxsın, AYB-yə üzv olum. Təqaüd alım. Bəlkə orada da işə düzələ bilərəm. Kəramət bütün bu düşüncələrin üstündən xətt çəkdi. Qırmızı çantasını belinə taxdı, içinə kitablarını qoydu. Getdi “Elmlər Akademiyası”nın önündə bir daşın üstündə oturub kitablarını satdı. Kəramət bir daşın üstündə Azərbaycan kitabxanasını yaratdı. Və sübut etdi ki Azərbaycan kitabxanalarında kitab satılır. Kim deyirsə, kitab oxuyan yoxdur, o elə desin ki, mənim kitablarım oxunmur. Kəramət çantasını orda-burda çiynində gəzdirdi. Ona lağ edirdilər. İndi Kəramət böyük bir kitabxana açıb. Orada öz kitabları da, dostlarının kitabları da satılır. Oradan qazandığı pul ilə öz kitablarını, dostlarının kitablarını çap edir. Onun kitabının tirajı 10 minlərlədir. Bu sırada Azərbaycan şairinin kitabı uzağı 500 tirajla çıxır.

Kəramət Mədəniyyət Nazirliyinin "Expo" mərkəzində keçirdiyi kitab sərgisində ən çox kitabları satılan müəllif nominasiyasında birinci yerin qalibi olub...

- Ən çox şəkil çəkdirilən müəllif kimi də deyə bilərik...

- O da düzdü. Onda ironiya güclüdür. Həm də çox təbiidir. Yoldaşımla evliliyimizin 37-ci ildönümü idi. Kim olsa yazar ki, çox sağ ol ata-ana, məni böyütdünüz. O isə bir kəlmə təbrik yazmışdı: “Davam edir 37”. Təbriki budur. Bu təbrikin içində qısqanclıq da, evsizlik də, pulsuzluq da var. Kəramətin həyata baxışı fərqlidir. O, Azərbaycan ədəbiyyatında çantasını balaca daşın üstünə qoymaqla yaratdığı kitabxana ilə Azərbaycan gəncinə yeni açılan yolu göstərdi. İstədi gənclər artıq düşünməsinlər ki, filankəs bir addım qabağa gedəcək, onu da özü ilə aparacaq. Filankəs işindən olacaq, o, onun yerinə keçəcək. Kəramət özü fərqli yolları Azərbaycan gəncliyinə göstərdi. Kəramətin öz kitabını satmağı Azərbaycan kitabxanalarının intiharı demək idi.

Kəramət mənim kədərim idi. Onu sevincə çevirə bildim... Bəziləri onun mənimlə zarafatlaşmağımı qəbul edə bilmir. Deyirlər, ayıbdı, camaat baxır. Bilmirlər ki, mən onu atam kimi görürəm.

Kəramət indi heç vaxt səhv edə bilməz. İndi onun yanına gedirəm, bütün çətinliklərimi həll edir. Demək, o, həm də mənim atamdır. Adamı belə də yaratmaq olar. Ona görə deyə bilirəm ki, Kəraməti mən yox, məni Kəramət yaradıb.

İndi də mübahisələrimiz olur. Əsərləri müzakirə edirik. Dalaşırıq. Sonda görürəm ki, o haqlıdır. Həyatı çox gözəl bilir. Mən romantikəm, onun dünya vecinə deyil. Möhkəmdir.

- İndiki Kəraməti daha çox mühit, yoxsa siz yetişdirmisiniz?

- Onun dediyi kimi, bir az mənim evdəki etirazlarım, bir az kitablarım buna təsir etdi. Kəramət məndən sevgini öyrəndi. Amma o sevgi alnına daş kimi dəyəndə sarsıldı. Ona həmişə deyirəm sənin sevginin yalanı çatmır. Sevgi həm də yalandan ibarətdir. Yalan danışmağı bacarmır, ona görə sevgidə məğlub olur. Dostlarının onun mütaliəsində böyük rolu oldu.

Bu yaşıma kimi yoldaşımı on dəfə sevmişəm

- Xoşbəxt evliliyin sirri nədir?

- Mən bu yaşıma kimi yoldaşımı on dəfə sevmişəm. Bir dəfə sevən adam tükənir. İkinci dəfə sevməyi başqasını sevmək kimi başa düşürlər. Elə deyil. Gərək düşündüklərini öz qadınında tapa biləsən. Tapmasan, o sevgi bitəcək. Onu tapmaq üçün də sevgidə yaradıcı olmalısan.

İlk dəfə yoldaşımı 10-cu sininfdə görmüşəm. Onda bir cizgi xoşuma gəlib və yadda saxlamışam. Kəramət dünyaya gələndən sonra onu qucağında gəzdirəndə ona ikinci dəfə vuruldum.

Sevgi oyundur. Gərək aktyorlar kimi oynamağı bacarasan. Yaxşı mənada. Evlilikdə maraq yaratmaq lazımdır. Qadın nəyisə sirr kimi saxlamağı bacarmalıdır ki, qarşı tərəfə maraqlı olsun. Qadın sevgisində yaradıcı olmalıdır. Yeni detallar tapmalıdır.

Ailədə hər şey rəsmi oldusa, heç. Hərdən mənə deyir ki, səndən böyük şair yoxdur. Bu, mənim üçün böyük dəyərdir. Amma başqa qadın olsa idi, deyərdi rədd ol sən də, sənin şeirlərin də. Boş mənasız işlə məşğul olma. Hərdən hansısa əsərlə bağlı fikir bildirir. Dediyi ədəbi cəhətdən düzgün olmasa da Kəramətlə onu dəyərləndirik. Deyirik, bunu necə də gözəl fikirləşdirn. O da sevinir.

- AYB Uşaq şöbəsinin rəhbərisiniz. Orada işləriniz gərgin olur?

- “Azərbaycan” jurnalının poeziya bölməsinin rəhbəriyəm, eyni zamanda AYB-də İdarə Heyətinin üzvüyəm. Gərginliyim yaxşı şeir tapa bilməməyimlə bağlı olur. Ölkəmizdə bütün şeirlər gəlib bizdən keçir. İnanın öz-özümə deyirəm, Allahın altında yaxşı olsaydı, çap edərdim. Hamısı zəifdir.

Şeir elə basabasda, tıxacda yaranır

- Gənc şairlərdən kimi bəyənirsiniz?

- Məsələn Sevinc Elsevər, Zahir Əzəmət, Sevinc Çılğın, Aqşin Yenisey, Qismət Rüstəmov, Anar Amin. Sevincin həyat yoldaşı Elsəvər də yaxşı yazır.

Bu gün Azərbaycan mətbuatı nə gündədir bilirsiniz. Saytlar yazıları oxutmaq üçün başlığa nələri çıxarır, onu da bilirik. Amma analitik bir yazı olanda başqalarına da kömək edir.

Sevgi haqqında hamının vahid bir informasiyası var. Bu gün 80 yaşlı şair də deyir “Sevgilim, sən məni niyə atdın” . Sevginin bir dönəmi var. Hər yaşın da özünün bir sevgi şeiri olmalıdır. Sən 80 yaşında sevgi şeiri yazırsansa bu yaşa uyğun yaz da. Gənc kimi niyə yazırsan? Məsələn, mənim bir şeirim var sevgidə yeni xətdir:

Heç fikir eləmə, qurbanın olum

Adam sevdiyini ata bilər də.

Adam sevdiyindən çıxıb gedər də.

Təzə iş deyil ki, başıma gələ

Başına dönüm,

adam sevər də, unudular da...

- Bəzən gənc şairlər hazırkı sosial mühitin onların şeir yazmasına mane olduğunu iddia edirlər. Siz bu barədə nə düşünürsünüz?

- Bunu roman yazanlar iddia edə bilər. Şeir isə gəldisə, yazmalısan. Şəraitlə yazı yazmaq iç-içədir. İnsanın əbədi bir kədəri var. Bu kədər işıq pulu, qaz pulu, maaşın azlığından ibarət deyil. Qopub gəldiyimiz Allahdandır.

Bunlar elə bilirlər ki, sosial problem oldu, şair şeir yazmamalıdır. Yaxşı, sosial problemin varsa, şeir yazma, otur satira yaz. Şeir elə basabasda, tıxacda yaranır. Şeir için səsidir. O, nə tıxaca, nə ac qalmağa, nə problemə baxır.

80 yaşıma - atamın yaşına çatıb öləcəm

-Yeni yaşınızdan nələr gözləyirsiniz?

- Bunu deyirdilər inanmırdım. İyirmi yaşımda özümü necə hiss edirdimsə, indi də elə hiss edirəm. Amma adam arada rəqəm məsələsində düşünür. Fikirləşirəm, 65-dən sonra gələcək 70-lər. 80 yaşıma - atamın yaşına çatıb öləcəm. Məni bu incidir. Ölümdən qorxmuram, sevdiklərimi burada qoyub getmək çətin gəlir.

Ötən il beş kitabım çap olundu. Bu il də bir çox kitabımı çapa verəcəm. Əsərlərimin tamaşaya qoyulmağını gözləyirəm. Keçən il bir pyesim tamaşaya qoyuldu. Ölkəmizin inkişafı, Qarabağımızın azad olunması mənə çox böyük ruh yüksəkliyi verdi. Yeni yaşımdan da çox şeylər gözləyirəm...

Günəş Mərd

 


SON XƏBƏRLƏR

21 Dekabr 2024