• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Kitab yazan, yerli TV-dən məlumat almayan, “Əqrəb mövsümü”nü bəyənən Elmar Məmmədyarovla MÜSAHİBƏ

MÜSAHİBƏ

24 Iyun 2024 | 10:45

Kitab yazan, yerli TV-dən məlumat almayan, “Əqrəb mövsümü”nü bəyənən Elmar Məmmədyarovla MÜSAHİBƏ

Bakıvaxtı.az-ın “Tarixə düşənlər” rubrikasının ilk qonağı sabiq xarici işlər naziri Elmar Məmmədyarovdur.

Elmar Məmmədyarovla ictimai, siyasi, sosial və mediatik durumdan danışdıq.

Müsahibəni təqdim edirik.

Kitab çıxarmağın vaxtı çatıb...

- Elmar müəllim, necə dincəlirsiniz?

- Azərbaycandayam, bağda dincəlirəm.

- Nazir olanda sizinlə dostluq edən şəxslərlə əlaqələriniz qalırmı, görüşürsünüzmü?

- Təbii məsələdir, görüşürük, telefonla danışırıq, hərdən bir dərdləşirik.

- Fəaliyyətinizə dair kitab yazırdınız, aqibəti necə oldu, işıq üzü gördümü?

- Redaktor onun üzərində işləyir, kitabın formatını müəyyənləşdirdik. Bugünlərdə nəşriyyatla müqavilə bağlanacaq və ondan sonra dərc olunacaq.

- Yerli nəşriyyatda çap olunacaq?

- Bəli, yerli nəşriyyatla danışıqlar gedir. Onların təkliflərinə baxılacaq. Mənə dedilər ki, bu gün-sabah dərc olunacaq. İndi mənə belə deyirlər. Sözə inanmaq lazımdır, əsas odur yalan danışmasınlar.

- Həcmi nə qədərdir?

- Böyük kitab alındı, 16 ildən artıq fəaliyyət göstərmişəm. O qədər çıxışlarım var ki... 3500 səhifəlik idi, sonra özüm onun üzərində işlədim. 2800 səhifədə dayandım. Amma dedim ki, redaktor baxsın, təkrar mətnlər varsa, çıxarsın. Kitab çıxarmağın vaxtı çatıb...

- Hansı nəşriyyat bu işlə məşğuldur?

- 2-3 nəşriyyatla danışıqlar gedir. Hansı sərfəli olsa, orada çap etdirəcəyik.

Şokolad deyiləm ki, hər adamın xoşuna gəlim

- Elmar müəllim, əvvəllər nazir idiniz, bəlkə də sadə vətəndaşlarla görüşə bilmirdiniz, zamanınız olmurdu. İndi necə, sadə, sıravi vətəndaşlarla görüşürsünüzmü, sizi görəndə tanıyıb, salam verirlərmi?

- İndi tez-tez jurnalistlərlə görüşürəm. Ya zəng vururlar, ya da dəvət edirlər. Bulvara gəzintiyə çıxanda, çox adam tanıyır, salam verir, hal-əhval soruşurlar.

Oğlumun toyunda bir xanım yazmışdı ki: “Allah xoşbəxt eləməsin!

- Bir zamanlar sizi sosial şəbəkədə tənqid atəşinə tuturdular. Səbəb nə idi?

- Belə hallar olurdu. Anlayıram, mən şokolad deyiləm ki, hər adamın xoşuna gəlim. Kiminsə məndən xoşu gəlmirsə, dediklərimi dinləməsin, oxumasın. Belə adamlar özlərinə əziyyət verirlər. Kiçik oğlumun toyunda, bir xanım sosial şəbəkədə yazmışdı ki: “Allah xoşbəxt eləməsin!”, məəttəl qaldım. Əlbəttə, bu, düzgün yanaşma deyil. Azərbaycan xalqı mehriban xalqdır. Küçədə kimisə görəndə, çağırırsan ki, ay əmi oğlu, ay xala oğlu, gəl buna bax. Bu yanaşma Avropda yoxdur. Amma bizdə var.

- O şərhi yazan xanımı tapdınızmı?

- Bəli, tapdıq. Soruşublar ki, niyə elə yazmısınız, cavabından məlum olub ki, paxıllıq edib. Amma nəyə paxıllıq edir, anlamıram. Daha mən bu məsələnin üstünə getmədim, bildirdim ki, əl çəkin o xanımdan, bir adam paxıldırsa, nə etmək olar? Bu, onun xarakteridir. Mən onun xasiyyətini dəyişmək istəmirəm və heç o niyyətdə də deyiləm. Belə adamları özü ilə baş-başa buraxmaq lazımdır, çünki paxıllıq elə bir pis hissdir ki, onu içindən yeyəcək.

Cənubi Qafqazda yeni təhlükəsizlik sistemi qurulmalıdır

- Siz nazir olan zamanlar dil məsələsini əllərində əsas tutaraq sizin milli nazir olmadığınızı yazırdılar, hər halda belə bir rəy formalaşdırmağa çalışırdılar...

- Mən rus dilində təhsil almışam, Azərbaycan dilini isə evdə öyrənmişəm. Atamla Azərbaycan dilində danışırdım. Azərbaycanda mənim kimi adamlar çoxdur. Mənimlə bağlı formalaşdırmaq istədikləri o rəy, fikir mənə yapışmır. Mən belə məsələlərə rahat yanaşıram.

- Siyasi məsələlərdən danışaq. Son aylar Fransa-Azərbaycan münasibətlərində bir soyuqlaşma var. Sanki “körpülər yandırılır”... Xan qızı Natəvanın Fransadakı abidəsini uçurdular, Makron hakimiyyəti Azərbaycan əleyhinə ard-arda, qərəzli bəyanatlar verir. Rəsmi Paris nə istəyir?

- Məsələyə dərindən yanaşsaq, belə qənaətə gəlinməlidir ki, dövlətlərarası münasibətlərdə emosional yanaşmalar olmamalıdır. Ovaxtlar mən də müzakirələrdə bəzən hirsləndiyim məqamlar olurdu. Çünki ermənilər üzümə baxa-baxa deyirdilər ki, gücün var, get Qarabağı azad et! Emosional halda işləmək çətindir. Onu da nəzərə almaq lazımdır ki, Fransada Makron bu gün var, sabah yoxdur, amma fransız və Azərbaycan xalqı daim mövcud olacaq. Ona görə də xalqlar və ökələr arasında “körpüləri yandırmağın” tərəfdarı deyiləm. Azərbaycanda Fransa şirkəti olan “Total”işləyir, Azərbaycana milyardlarla sərmayə qoyub.

- Bakı Fransız Liseyinin fəaliyyəti dayandırılıb...

- Hesab edirəm ki, bu, iqtisadi baxımdan atılan addımdır. Çünki bu liseyi SOCAR maliyyələşdirirdi. Yəqin indi sərf etmir. Bu gün bağlandı, ola bilsin, sabah açılsın. Ortada həmin liseydə təhsil alan azərbaycanlı uşaqlar var, onlar fransız dilini öyrənirdilər. Bu, Azərbaycan xalqı üçün yaxşı idi. İnanmıram ki, bu işdə siyasi motiv və ya qərar olsun. Çox güman ki, maliyyə cəhətdən sərf eləmədi.

- Fransa Cənubi Qafqazdan nəyi, kimi qoparmaq istəyir?

- Bu, erməni məsələsi deyil. Burada böyük oyun gedir. Avropa İttifaqı, ümumilikdə Qərbin belə bir niyyəti var ki, Rusiyanı Cənubi Qafqazdan çıxarmasalar belə, nüfuzunu aşağı salsınlar. Burada İran və Türkiyə də var. Fransa da böyük ölkədir. BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Rəsmi Paris istəyir ki, maraqları hər yerdə təmin olunsun, nüfuzu artsın. Ümumiyyətlə Qarabağ müharibəsindən sonra çox maraqlı bir vəziyyət yaranıb. Hesab edirəm ki, Cənubi Qafqazda yeni təhlükəsizlik sistemi qurulmalıdır. Bu, gec-tez baş tutacaq. Fikrimcə, bunun da ən yaxşı platforması “Azərbaycan, Türkiyə, Gürcüstan, İran, Rusiya və Ermənistan arasında əməkdaşlığı nəzərdə tutan “3+3” formatıdır. Düzdür, Gürcüstan hələlik Rusiyaya görə bunu istəmədiyini bildirir. Amma prosesi 3+2+1 formatında da gerçəkləşdirə bilərlər. Belə olan halda rəsmi Tiflis də iştirak edəcək. Bu platforma ilə Cənubi Qfqazda möhkəm təhlükəsizlik sistemi qurulmalıdır. Qarabağ məsələsi mövcud olduğu halda bunu qurmaq çətin idi, indi post müharibə dövrüdür. Bu sistemi qurmaq zərurətə çevrilib. Azərbaycan da bu platformanın leyihəndir, tərfədarıdır. Mən də bunu dəstəkləyirəm.

- Son aylar İran-Azərbaycan münasibətlərində bir yumşalma, loyallaşma müşahidə olunur...

- İran Azərbaycanın qonşusudur. Müstəqil Azərbaycanda yaşayan vətəndaşlarımızdan 3 qat artığı İrandadır. İran bizim üçün yaxın qonşu olmalıdır. İran istəyirdi ki, Çindən Avropaya gedən yol onun ərazisindən keçsin. Bu mənada ölkəmizə cürbəcür siyasi təzyiq göstərirdi. İndi biz də sazişi imzaladıq. Bu gün-sabah yollar açılacaq. Yollar İran ərazisindən də keçəcək. Onların da gəlirləri artacaq. Cənub qonşumuzun Azərbaycanla təzyiq dilində danışmasının ilk səbəbi bu idi. İkincisi də, siyasi və təhlükəsizlik baxımından inkişaf edən Azərbaycan İranda yaşayan azərbaycanlılara ruh yüksəkliyi, azadlıq istəyi, arzusu bəxş edir. Rəsmi Tehran Tehran bundan narahat olmamış deyil. Sağ olsun, cənab Prezident, var olsun, Ordumuz 44 günlük zəfərdən sonra dünyada yaşayan azərbaycanlılar artıq məğlub edilmiş deyil, müzəffər bir xalq kimi başı uca yaşayır. İndi ümüz ağdır, Şuşamız, Xankəndimiz, Qarabağımız azaddır.

Yaşamaq istəsəm, Naxçıvana köçərəm

- Azad olunan torpaqlara səfər etmisinizmi?

- Bəli, Şuşa, Xankəndi və Laçına getmişdik. Adam birmənalı olaraq fəxr edir. Şuşada böyük tikinti işləri gedir. Laçın, Zabux, Sus çox xoşuma gəldi. Xankəndi boşdur. Bunu anlamaq olar. Orada polis, hərbçilər və tikinti ilə məşğul olan şəxslər var. Xankəndini açmaq bir az çətindir. Oradakı evlər qiymətləndirilməlidir. Bu məsələ addım-addım həll olunmalıdır.

- Qarabağa öz təşəbbüsünüzlə getdiniz, yoxsa bunu dövlət xətti ilə həyata keçirdiniz?

- Öz təşəbbüssüm idi. Bu səfəri çoxdan planlaşdırırdım, amma bu dəfə fürsət düşdü, getdik.

- Kimlərlə getdiniz?

- Fərhad Bədəlbəyli, Əbülfəz Qarayev, Əli Şəfiyevlə...

- Şuşada və yaxud da Xankəndidə yaşmaq istərdinizmi?

- Yaşamaq istəsəm, Naxçıvana köçərəm. Mən qarabağlı deyiləm, köküm Naxçıvandadır. Ən yaxşısı elə Bakının kəndləridir.

- Xankəndi dediniz, rus sülməramlıların Qarabağı tərk etməsini xatırladım. Bəziləri iddia edirdilər ki, ruslar Qarabağdan çıxmaycaqlar, amma biz əksini müşahidə etdik...

- Bununla bağlı əlimizə çox böyük bir arqument keçdi. Rusiya Qarabağa sülhmərmalı qoşunları nəyə görə yerləşdirmişdi? Təhlükəsizlik məqsədi ilə... Yəni orada yaşayan erməniləri qorumalı idilər və yaxud da yenidən yarana bilən silahlı toqquşmanın qarşısını alsınlar. Amma indi orada 3-4 nəfər erməni qalıb. Rus sülməramlılar kimin təhlükəsizliyini qoruyacaqlar? 2000 minə yaxın rus əsgəri orada qalıb, kimi qoruyacaqdı? Azərbaycan məsələni elə həll etdi ki, ruslar çıxıb getmək məcburiyyətində qaldılar. Ermənilərdən də kim qayıtmaq istəyirsə, gəlib Azərbaycan vətəndaşlığını, konstitusiyasını qəbul edib, yaşasın. Kim də qayıtmaq istəmir, qayıtmasın. Onlar özləri çıxıb getdilər, biz onalara bir söz belə demədik, halbuki onlar bizi torplaqlarımızdan güllədən keçirərək çıxarmışdılar. Rusiya da baxdı ki, onların Qarabağda qalmasının heç bir mənası, məntiqi yoxdur, qoşununu çəkib apardı.

- Azərbaycan COP29-a ev sahibliyi edəcək. Necə qiymətləndirirsiniz, bu, ölkəmizə nə kimi dvidendlər qazandıracaq?

- Bu, ilk növbədə prestijdir. Doğrudan da böyük bir hadisədir. Dubaya 100 minə yaxın qonaq təşrif buyurmuşdu. İnanmıram ki, Azərbaycana bu qədər adam gəlsin. 30-40 min qonaq gələ bilər. Belə bir tədbiri reallaşdırmaqla, Azərbaycanı dünyada tanıtdırırıq. Baxın, Qoşulmama Hərəkatındakı bütün ölkələr Azərbaycanı tanıyıb, dəstək verdilər. Çünki onlar tədbirlərdə gəlib, Azərbaycanın ictimai, siyasi, tarixi və mədəni həyatı ilə tanış oldular.

Yerli televiziyalardan məlumat almıram, “Əqrəb mövsümü”nü izləyirdim

- Elmar müəllim, gündəlik məlumatları hansı media resursundan alırsınız?

- Əsasən, xəbərləri “Telegram”dan oxuyuram. Bir neçə səhifəyə üzv olmuşam, oradan alıram. Düzünü deyim, yerli televiziyalardan məlumat almıram. Orada olan xəbərlər, verilişlər o qədər də maraqlı deyil. İnanıram ki, bu da düzələcək. İndi yaxşı kinolar, seriallar çəkməyə başlayıblar. “Əqrəb mövsümü” serialını bəyənirdim, izləyirdim. Mənim üçün maraqlı idi.

- Media istiqamətində hansı addımlar atılmalıdır?

- Gəncləri xarici univeristetlərə göndərmək lazımdır, orada təhsil alıb qayıtsınlar. Belə olan halda onlar ölkəmizə qayıdıb ortaya keyfiyyətli iş qoya biləcəklər. Onlar yeni nəfəs olaraq, yeni ekran işləri yarada biləcəklər.

Aydın Baxış


SON XƏBƏRLƏR