• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 80 illik yubileyi qeyd olunub - FOTOLAR

CƏMİYYƏT

28 Sentyabr 2024 | 15:28

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 80 illik yubileyi qeyd olunub - FOTOLAR

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib

Bakıvaxtı.az xəbər verir ki, 28 sentyabr 2024-cü il tarixində Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun yaranmasının 80 illiyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda ftiziatriya və pulmonologiya sahəsində yerli və xarici ölkələrin, o cümlədən Türkiyə, Rusiya Federasiyası, Gürcüstan və s. aparıcı mütəxəssisləri tənəffüs sistemi xəstəliklərinin müayinə və müalicəsinə aid son elmi nailiyyətlər haqqında məruzələr ediblər.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 1944-cü ildə, o dövrdə əhalinin sağlamlığı üçün ən ciddi təhlükələrdən biri olan vərəmlə mübarizə məqsədi ilə yaradılıb. Həmin vaxtdan bu günə kimi İnstitut tək vərəmin tədqiqi deyil, eyni zamanda digər ağciyər infeksion və qeyri-infeksion xəstəlikləri də (ağciyərlərin bronxobstruktiv xəstəliyi, bronxial astma və s.) daxil olmaqla geniş spektrli tənəffüs xəstəliklərinin diaqnostikası və müalicəsi üçün müxtəlif üsulların işlənib hazırlanmasına qədər uzun bir yol keçib. Bu illər ərzində İnstitut Azərbaycanın aparıcı elmi-tədqiqat və təhsil mərkəzinə çevrilərək dünya elminə mühüm töhfələr verib.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu beynəlxalq layihələrdə fəal iştirak edir, ÜST və digər beynəlxalq qurumlar və təşkilatlarla əməkdaşlıq edir. İnstitut vərəm və digər tənəffüs orqanlarının xəstəliklərinin diaqnostikası üçün molekulyar metodların tətbiqində liderə çevrilib. İnstitutun mühüm nailiyyəti beynəlxalq standartlara uyğun sertifikatlaşdırılaraq, Milli İstinad Laboratoriyasının yaradılması olub.

İnstitutun elmi tədqiqatları cari problemlərin həllinə, o cümlədən vərəmin dərmana davamlı formalarına qarşı mübarizəyə, COVİD-19 və onun vərəmlə yanaşı xəstəlikləri kimi mürəkkəb xəstəliklərin müalicə strategiyalarının işlənib hazırlanmasına yönəlib.

Konfransda respirator xəstəliklərin, o cümlədən multi-rezistent vərəmin, yoluxucu və xroniki ağciyər xəstəliklərinin diaqnostikası və müalicəsinin aktual problemləri müzakirə aparılıb. Müasir molekulyar-genetik diaqnostika üsullarına və onların praktikada tətbiqinə xüsusi diqqət yetirilib.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun 80 illik yubileyinə həsr olunan konfrans bilik və təcrübə mübadiləsi, eləcə də yeni elmi əlaqələrin qurulması üçün unikal bir platformaya çevrilib. Konfransa ölkədə vərəmin müalicəsi ilə məşğul olan tibb müəssisələrinin rəhbər və aparıcı mütəxəssisləri dəvət olunub. Konfrans iştirakçıları arasında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitutlarının rəhbərləri, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universiteti, Ümumdünya Səhiyyə Təşkilatı və Qlobal Fondun aparıcı əməkdaşları, ümumilikdə 100-dən çox alim və həkim iştirak edib.
Konfransın ölkədə respirator təbabətin gələcək inkişafına və əhalinin sağlamlığının yaxşılaşdırılmasına təkan verəcək.


SON XƏBƏRLƏR