• Bakı 25° C

    2.76 m/s

  • USD - 1.7

    EUR - 1.9474

    RUB - 2.321

Kerç boğazı yenidən hədəfdə: Ukrayna Rusiyanın logistika damarını kəsir?

DÜNYA

23 Iyun 2026 | 15:52

Kerç boğazı yenidən hədəfdə: Ukrayna Rusiyanın logistika damarını kəsir?

Ukrayna son günlər Krım yarımadası, Kerç boğazı və Rusiyanın yanacaq-logistika infrastrukturuna qarşı zərbələri intensivləşdirib. Məlumatlara görə, əsas hədəflər sırasında Kerç ətrafındakı yanacaq terminalları, liman infrastrukturu, neft obyektləri və Rusiyanın Krıma təchizat marşrutları yer alır.

Bu hücumlar təkcə hərbi əməliyyat kimi deyil, həm də Rusiyanın işğal etdiyi əraziləri saxlamaq imkanlarını zəiflətməyə yönəlmiş strateji təzyiq kimi qiymətləndirilir. Xüsusilə Kerç boğazı və Krım körpüsü xətti Moskva üçün həm hərbi, həm də logistik baxımdan həyati əhəmiyyət daşıyır.

Son zərbələrdən sonra Krımda yanacaq təminatı ilə bağlı problemlərin dərinləşdiyi, bəzi məhdudiyyətlərin tətbiq edildiyi və Rusiyanın daxili bölgələrində də yanacaq qıtlığı riskinin artdığı bildirilir. Bu isə onu göstərir ki, müharibə artıq yalnız ön cəbhədə deyil, arxa cəbhədə - logistika, enerji və təchizat xətlərində də aparılır. Ukrayna bu yolla Rusiyanın hərbi maşınını birbaşa döyüş meydanında deyil, onu ayaqda saxlayan infrastruktur üzərindən zəiflətməyə çalışır.

Mövzunu Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, Ukraynanın bu istiqamətdə fəallaşması təsadüfi deyil, çünki Kerç boğazı Rusiyanın Krımla əsas bağlantı xəttidir. Moskva Krımı həm hərbi baza, həm də cənub cəbhəsinə təchizat məntəqəsi kimi istifadə edir. Ona görə də Kerç ətrafındakı limanlar, yanacaq terminalları və nəqliyyat infrastrukturu Ukrayna üçün strateji hədəfə çevrilib:

“Kiyev anlayır ki, Rusiyanın Krımdakı mövqelərini zəiflətmək üçün yalnız ön xətdə irəliləmək kifayət deyil. Əsas məsələ Rusiyanın bu əraziləri saxlamaq xərclərini artırmaq və təchizat imkanlarını məhdudlaşdırmaqdır. Bu baxımdan son hücumlar Ukraynanın daha sistemli və uzunmüddətli təzyiq strategiyasının tərkib hissəsidir”.

Müsahibimiz qeyd edib ki, Kerç boğazı Rusiya ilə işğal altındakı Krım arasında ən mühüm logistik keçidlərdən biridir. Bu xətt vasitəsilə Krıma hərbi texnika, yanacaq, ərzaq, canlı qüvvə və digər təchizat daşınır. Krım körpüsü isə Moskva üçün təkcə nəqliyyat obyekti deyil, həm də siyasi-simvolik əhəmiyyət daşıyan infrastrukturdur. Dediyinə görə, Rusiya bu körpünü Krımın ilhaqından sonra öz nəzarətinin göstəricisi kimi təqdim edirdi. Ukraynanın bu xətti hədəfə alması həm hərbi, həm də psixoloji təsir yaradır. Politoloq bildirib ki, əgər bu marşrutda davamlı problemlər yaranarsa, Rusiyanın Krımdakı hərbi mövcudluğu daha baha və daha çətin vəziyyətə düşə bilər.

Züriyə Qarayeva:  Rusiya cavab zərbələrini artıra bilər, amma bu...

 “Yanacaq və logistika infrastrukturuna zərbələr müharibənin gedişinə necə təsir göstərə bilər” sualını cavablandıran həmsöhbətimiz deyib ki, müharibədə yanacaq və logistika bəzən silah qədər həlledici rol oynayır. Tankın, artilleriyanın, hava hücumundan müdafiə sistemlərinin və hərbi nəqliyyatın işləməsi üçün davamlı yanacaq təchizatı lazımdır. Ukrayna məhz bu zənciri vurmaqla Rusiyanın hərbi əməliyyat tempini aşağı salmağa çalışır:

“Əgər Krımda və Rusiyanın bəzi bölgələrində yanacaq təminatında fasilələr yaranarsa, bu, həm orduya, həm də mülki idarəetməyə təzyiq göstərə bilər. Eyni zamanda belə hücumlar Rusiyanın arxa cəbhəsinin təhlükəsiz olmadığını nümayiş etdirir. Bu isə Moskvanı əlavə hava hücumundan müdafiə resurslarını cəbhədən uzaq bölgələrə yönəltməyə məcbur edə bilər”.

Züriyə Qarayeva hesab edir ki, bu hücumlar Rusiyanı daha sərt cavab addımlarına sövq edə bilə. Onun fikrincə, Rusiyanın belə zərbələrə cavab olaraq Ukraynanın enerji, sənaye və yaşayış infrastrukturuna hücumları artırması mümkündür. Moskva adətən arxa cəbhəsinə yönələn zərbələri siyasi və hərbi baxımdan ciddi təhlükə kimi təqdim edir. Həmsöhbətimizə görə, lakin burada əsas məsələ ondan ibarətdir ki, Ukrayna artıq müdafiə mövqeyindən çıxaraq Rusiyanın müharibə aparmaq imkanlarını məhdudlaşdırmağa çalışır:

“Bu, müharibənin xarakterində mühüm dəyişiklikdir. Rusiya cavab zərbələrini artıra bilər, amma bu, Ukraynanın logistika və enerji obyektlərini hədəfə alma strategiyasını dayandırmaya da bilər. Əksinə, tərəflər arasında müharibənin daha çox infrastruktur və resurslar üzərində aparılan uzunmüddətli aşındırma savaşına çevrildiyini göstərir”.

Zülfü Məmmədov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR