Mədəniyyət Nazirliyi kino sahəsində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində daha bir addım atıb. Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi üzrə elektron xidmət artıq “MyCulture” vahid elektron kabinetində istifadəçilərə təqdim olunur.
Bakıvaxtı.az xəbər verir ki, bu yenilik Nazirliyin 2024–2026-cı illəri əhatə edən “e-Culture” rəqəmsal inkişaf strategiyasının prioritet istiqamətlərindən biri – mədəniyyət sahəsində xidmətlərin elektronlaşdırılması və inteqrasiyasının həyata keçirilməsi çərçivəsində reallaşdırılıb.
Yeni elektron xidmət kino klasterinin rəqəmsal transformasiyasına uyğun olaraq hazırlanıb və müraciət prosesini tam avtomatlaşdıraraq sənəd dövriyyəsini sadələşdirir. Artıq film istehsalçıları, nümayişçilər, yayımçılar və kinoteatr şəbəkələri filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin alınması üçün müraciətləri operativ şəkildə, məkan və zamandan asılı olmayaraq təqdim edə biləcəklər.
Xidmətə “MyCulture” şəxsi kabineti (my.culture.az) və Mədəniyyət Nazirliyinin rəsmi internet resursu (culture.gov.az) vasitəsilə daxil olmaq mümkündür.
Filmlərin dövlət reyestrinə daxil edilməsi və yayım vəsiqəsinin verilməsi prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli qərarı ilə təsdiqlənmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”na uyğun həyata keçirilir. Hazırda reyestrdə 11 000-dən çox ekran əsəri və yayım vəsiqəsi mövcuddur ki, bu da rəqəmsallaşdırmanın vacibliyini daha da artırır.
“Kinematoqrafiya haqqında” qanuna əsasən, Azərbaycanda kütləvi nümayiş üçün nəzərdə tutulmuş bütün filmlər reyestrə daxil edilməli və müvafiq yayım vəsiqəsi almalıdır. Filmlərin reyestrdən kənar yayımı və nümayişi isə İnzibati Xətalar Məcəlləsinin 386-cı maddəsinə uyğun olaraq məsuliyyət yaradır.
Yeni elektron xidmətin tətbiqi həm də xarici kino şirkətlərinin Azərbaycan bazarına daxil olmasını asanlaşdıracaq, beynəlxalq kino əməkdaşlıqlarının genişlənməsinə şərait yaradacaq.
Bakı 



