ABŞ-nin birinci xanımı Melaniya Tramp BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda Vladimir Zelenskinin həyat yoldaşının xahişinə baxmayaraq, onunla ikitərəfli görüş keçirməmək qərarına gəlib.
Bakıvaxtı.az "New York Post" qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Melaniyanın baş məsləhətçisi Mark Bekman açıqlama verib.
Onun sözlərinə görə, Olena Zelenska BMT Baş Assambleyasının 80-ci sessiyası zamanı ABŞ-nin birinci xanımına bir neçə dəfə danışmağı təklif edib:
"Xanım Zelenskaya bir neçə dəfə Melaniyadan görüş istəyib, lakin ikitərəfli görüş olmayacaq. Rəsmi heç nə olmayacaq. Birinci xanımımız çox nəzakətli olduğu üçün salam verəcək. Amma dolğun söhbət olmayacaq, görüş nəzərdə tutulmayıb".
Xatırladaq ki, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci yubiley sessiyasının Ümumi Siyasət Debatı (Yüksək Səviyyə Həftəsi) 150-yə yaxın dövlət və hökumət başçısının, eləcə də xarici işlər nazirlərinin iştirakı ilə başlayıb. ABŞ prezidenti Donald Tramp görüşə xanımı Melaniya ilə gedib.
Gülşən Şərif