Mövcud hava şəraiti ilə bağlı 102 Zəng Mərkəzinə daxil olan 417 çağırış üzrə dağ və meşə, həmçinin respublika əhəmiyyətli avtomobil yollarında vətəndaşlara zəruri köməkliklər göstərilİB.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir:
"Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ötən gündən başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir. Paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub. Polis əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə də təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir".
Məlumata görə, hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Gecə saatlarından təşkil edilən fasiləsiz xidmət zamanı digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, yerlərə qum və duz səpilir.