Son günlər Naxçıvanda baş verən yeyintilərə görə işdən çıxarılmalar ölkə gündəmini zəbt edir.
Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
Eyni zamanda, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxılıb.
Bəs bu həbslərin sonu hara gedir?
İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son günlər Naxçıvanda baş verən hadisələrin əsas səbəbi Naxçıvan Muxtar Respublikasının gələcəyi ilə, yəni idarəetmə forması ilə bağlıdır: “Təbii ki, bu ehtimaldır. Bununla bağlı rəsmi bir mövqe yoxdur. Amma bütün bunlar Naxçıvanın regional idarəetmə strukturlarıdır. Qanunvericiliyə görə, onların ayrıca regional idarəetmə strukturları var. Onların mərkəzi aparata birləşdirilməsi və nəticə etibari ilə də, gələcəkdə Naxçıvan Muxtar Respublikasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı qərarlar alına bilər. Son günlər baş verən hadisələrə məhz bu konteksdə baxılması daha məntiqlidir, məncə”.
Aytac Aslan
















