• Bakı C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9816

    RUB - 2.1521

Naxçıvan Ali Məclisində pozuntular aradan qaldırılmayıb?

SİYASƏT

13 Yanvar 2026 | 10:15

Naxçıvan Ali Məclisində pozuntular aradan qaldırılmayıb?

Naxçıvan Muxtar Respublikasının Ali Məclisində və tabeli qurumlarında 2024-cü ildə dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsi ilə bağlı aparılmış uyğunluq auditi zamanı aşkar edilən bir sıra maliyyə pozuntuları bu günə qədər aradan qaldırılmayıb.

Bakıvaxtı.az bu barədə Hesablama Palatasının hesabatına istinadən xəbər verir.

Auditin nəticələrinə əsasən, Ali Məclisin aparatında vəzifədən azad edilmiş bir əməkdaşa işləmədiyi günlərə görə artıq hesablanmış 2 710,65 manat əməkhaqqının, eləcə də sığortaedənin vəsaiti hesabına ödənilmiş 664,10 manat artıq sığorta haqqının bərpa edilməsi hələ də təmin edilməyib.

Eyni zamanda, qanunvericiliyin tələbləri gözlənilmədən ixtisas sinfi verilmiş avtomobil sürücülərinə hesablanmış 14 068 manat vəsaitin və 3 446,66 manat məbləğində artıq ödənilmiş sığorta haqqının bərpası da icra olunmayıb.

Qeyd olunur ki, bu vəsaitlərin qaytarılması büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda çalışan sürücülərə ixtisas sinfinin verilməsi üzrə prosedurların nəticələrinə uyğun təmin edilməlidir.

Hesabatda, həmçinin podratçı ilə bağlanmış yekun müqavilənin dəyərindən artıq ödənilmiş 2 871 manat vəsaitin bərpa edilmədiyi göstərilir. Bununla yanaşı, maliyyə və aktivlərin dəyərinin mühasibat uçotunda düzgün əks etdirilməməsi nəticəsində yaranmış təhriflərin müvafiq mühasibat yazılışları ilə aradan qaldırılması da bu günə kimi həyata keçirilməyib.

Bundan başqa, audit zamanı Naxçıvanın İnkişaf və Müdafiə Fondunun bank hesabında saxlanılan 31 milyon 501 min 489,24 manat vəsait üzrə ciddi nöqsanlar aşkarlanıb. Belə ki, Fondun gəlir mənbəyinə aid olmayan vəsaitlər hesabına formalaşdırılmış gəlirlərin digər fondlara aid hissəsinin müvafiq qaydada bərpa edilməsi və qalan məbləğin Muxtar Respublikanın büdcəsinə köçürülməsi də 2024-cü ildən indiyə qədər icra edilməyib.

Sadalanan bütün hallar üzrə qərarların icrası hazırda izlənilmə mərhələsində qalır.


SON XƏBƏRLƏR

12 Yanvar 2026