İsrail hökuməti Qəzza zolağında yaradılması planlaşdırılan beynəlxalq sülhməramlı kontingentdə Türkiyənin iştirakına qarşı çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, rəsmi Təl-Əviv bu məsələdə mövqeyində birmənalıdır:
“Heç bir fikir ayrılığı yoxdur. Türkiyə missiyada iştirak etməyəcək,” – Baş nazirin ofisi bildirib.
Xatırladaq ki, Qəzzada vəziyyətin sabitləşdirilməsi və atəşkəsin uzunmüddətli təminatı məqsədilə beynəlxalq qüvvələrin yerləşdirilməsi ideyası son günlər Qərb dövlətləri və ABŞ tərəfindən müzakirə olunur. Lakin İsrail hökuməti bəzi ölkələrin, xüsusilə Türkiyənin, bu kontingentdə yer almasına qarşı çıxır.
Ankara isə bundan əvvəl bölgəyə “sülh və sabitlik naminə” töhfə verməyə hazır olduğunu bəyan etmişdi.