Xəbər verdiyimiz kimi, İran prezidenti Məsud Pezeşkian sentyabrın 11-də İraqa səfər edəcək.
Bakıvaxtı.az-ın məlumatına görə, bu, onun ölkə başçısı kimi ilk xarici səfəri olacaq. İraq rəsmiləri ilə görüşlərin planlaşdırıldığı qeyd edilir.
İraqda İran prezidenti bir sıra anlaşma memorandumları imzalayacaq. Bundan əvvəl İranın İraqdakı səfiri Məhəmməd Kazım Əl-Sadiq demişdi ki, bu sənədlər mərhum prezident İbrahim Rəisinin səfəri zamanı imzalanmalı idi.
Xatırladaq ki, Pezeşkian iyulun 5-də keçirilən ikinci turda İran prezidenti seçilib. Erkən seçkilər İbrahim Rəisinin mayın 19-da təyyarə qəzasında həlak olmasından sonra baş tutub.
Məsud Pezeşkianın ilk səfər edəcəyi ölkə kimi İraqı seçməsi siyasi dairələrdə müəyyən müzakirələrə yol açıb. Bəzi ekspertlər isə onun türk kökənli şəxs olduğunu iddia edərək türkdilli ölkələrdən birinə səfər edəcəyini düşünürdülər. Maraqlıdır, niyə M.Pezeşkian məhz İraqı seçdi?
Sualımızı cavablandıran Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a bildirib ki, bu, təsadüfi hal deyil. Onun sözlərinə görə, sözügedən məsələyə dair fərqli yanaşmalar mövcuddur, amma nəzərə almaq lazımdır ki, bu gün İraqda təqribən 40 faiz şiə əqidəli insan var:
“İranın ən çox təsir imkanları olduğu ölkələrdən biri də İraqdır. Pezeşkianın səfərində əsas məqsəd ondan ibarətdir ki, bu təsir imkanlarını möhkəmləndirsin. Bu gün İran ərazilərində İraqa məxsus hərbi hissələr, hərbi briqadalar yerləşir və onlar da kifayət qədər nəzarət imkanlarına malikdir. Hətta İraq hökuməti içərisində də İran meyilli, İrana dəstək verən qüvvələr mövcuddur. Bu mənada düşünürəm ki, əvvəldən də planlaşdırımışdı ki, ilk olaraq İraq seçilsin. Məsələn, Pezeşkian ilk olaraq Azərbaycanı seçsəydi, bu, digər ölkələrdə qıcıq yaradacaqdı, digər ölkələri seçsəydi, başqalarında qəzəb doğura bilərdi”.
Müsahibimiz hesab edir ki, İran hökuməti İraqı seçməklə ən doğru addımı atdı. Onun fikrincə, rəsmi Tehran İran daxilindəki “SEPAH” və digər mühafizəkar qanadın qıcığına səbəb olmamaq üçün İraqı seçib:
Samir Hümbətov: Rəsmi Tehran “SEPAH” və digər mühafizəkar qanadın qıcığına səbəb olmamaq üçün İraqı seçib
“Hətta deyərdim ki, bu, bəlkə də Məsud Peşezkianın istəyinə uyğun olaraq, həyata keçirilmir. Səfər məhz dini liderin istəyi və təklifi ilə gerçəkləşən addım kimi qiymətləndirilir”.
S.Hümvbətov qeyd edib ki, burada tərəflər arasında bəzi sənədlər də imzalana bilər. Buna dair əvvəldən də gözləntilər vardı:
“Böyük ehtimal təhlükəsizlik, xarici, siyasət və iqtisadi əlaqələrin dərinləşdirilməsi istiqamətində sənədlər imzalanacaq. Baxmayaraq ki, İraqın özünün potensialı var, amma onun qaz ehtiyatını İran ödəyir. Ona görə də bu məsələlərlə bağlı tərəflər arasında sənəd imzalana bilər”.
Aydın Baxış