PKK terror təşkilatı aprel ayında ləğv oluna bilər.
Bakıvaxtı.az bu barədə “Hürriyet” qəzetinə istinadən xəbər verir.
Nəşr bildirib ki, PKK-nın qurultayının aprelin ortalarında keçiriləcəyi və silahları yerə qoyaraq, özünü buraxmağa qərar verəcəyi gözlənilir.
“PKK-nın silahı yerə qoyması və özünü buraxması ilə bağlı çox kritik bir mərhələyə daxil oluruq”, - Türkiyə nəşri qeyd edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı PKK terror təşkilatının ən qısa zamanda qurultay keçirərək özünü buraxması və silahlarını təhvil verməsi gərəkdiyini bildirib. Bağçalı PKK-nın özünü buraxması üçün 4 may tarixini təklif edib, qurultayın keçirilməsi üçün Muş vilayətinin Malazgirt rayonunu uyğun yer kimi göstərib.
MHP lideri PKK-nın ləğv qərarının uzadılmasının gözlənilməz nəticələrə və təxribatlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, PKK lideri Abdullah Öcalan 27 fevralda təşkilatın silahları yerə qoyaraq qurultay keçirib özünü buraxması barədə çağırış edib. Bundan sonra PKK 1 martdan etibarən qüvvəyə minəcək atəşkəs elan etdiyini açıqlayıb.