Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkətlərə açıq çağırışlar səsləndirməkdə təqsirləndirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri - Zaur Əsgərov və Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
İttihama görə, təqsirləndirilən şəxslər "Azərbaycan naminə birliyi" və "AXCP-in dostluq qrupu" adlı "votsap" qruplarında Azərbaycanın konstitusiya quruluşuna və dövlətə əleyhinə qarşı açıq çağırışlar edərək insanları cihada dəvət ediblər. Onlar hakimiyyət nümayəndələrinə qarşı təhqiramiz sözlər işlədiblər.
Təqsirləndirilən şəxslərdən Zaur Əsgərov özünü təqsirli bilməsə də, təhqiramiz sözlərə görə üzr istəyib.
Gündüz Mirzəyev əməlindən peşman olduğunu və özünü tam təqsirli bilib.
O istintaqdakı verdiyi ifadəni təsdiq edib və hakimin ədalətinə inandığını deyib:
"Mənim səslərim 2020-ci ilə aiddir. O vaxt Polad Həşimov ölən zaman bunları demişəm. O vaxt fikirlərim ayrı idi. Həmin vaxt Azərbaycan Xalq Cəhbəsi Partiyasına üzv oldum. O vaxta qədər kəndli balası kimi savadsız çıxışlar edirdim. Etdiyim əməllərdən peşmanam. Partiyadan məni bu söhbətlərə çıxartdılar. 3 uşağım var. Xahiş edirəm məni yüngül cəza verəsiniz. Prezidentə də bağışlanmağım üçün müraciət etmişəm".
Gündüz Mirzəyevin sözlərinə görə, cinayət törətməyə meyilli insan olmayıb:
"Bir söhbət etmişəm. Bu səhvimi də dövlət qarşısında, qanun qarşısında üzr istəməyə hazıram. Mən gərgin vəziyyətdə olub bu ifadələri yazmışam. Buna görə də özünü günahkar sayıram. Heç kimə qarşı əxlaqsız ifadəm olmayıb. Zaur Mirzəyevlə hakimiyyəti zorla ələ keçirmək barədə söhbətim olmayıb. Mən normal şüurlu insanam. Belə hərəkət etməmişəm. Bu işlərlə bağlı Zaurla söhbətimiz olmayıb. Amma biz danışmışıq, ümumi söhbətlər etmişik. SMS-lər yazıb, paylaşmaq kimi bir söhbətimiz olmayıb. Mənim günahım yoxdur, məni buraxın gedim. Azərbaycan konstitusiyasının zorla dəyişmək, hakimiyyəti zorla ələ keçirmək kimi nə niyyətimiz olub, nədəki bu mümkün deyil".
Digər təqsirləndirilən Zaur Əsgərov bildirib ki, Gündüz Mirzəyevlə yaxın münasibəti olmayıb, bir dəfə onunla 10 dəqiqə söhbətləri olub:
"İkimizdə bir qrupda idik Orada yaşayış tərzi ilə bağlı yazışmalar etmişik. Heç bir çağırışlar etməmişik. Mən hakiməyyətə seçki yolu ilə gəlmək barədə çağırışlar etmişəm.
Daha sonra şahid qismində ifadə verən Elşən Kərimov bildirib ki, "hər iki təqsirləndirilən "Azərbaycan naminə" platformasının üzvləri olub, onları həmin platformadan tanıyıb: "AXCP-nin dostluq qrupunun üzvü olsam da orada fəal olmamışam. Çünki vaxtım olmayıb. Biz dövlətimizə, bayrağımıza bağlı adamlar olmuşuq. Heç bir dövlət əleyhinə çıxışlarım olmayıb. Qrupda da Azərbaycan dövlətinin əleyhinə çağırışlar edən olmayıb".
Proses mayın 22-də davam edəcək.
Qeyd edək ki, hər iki şəxs sosial şəbəkələrdə Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkətlərə açıq çağırışlar səsləndirərək, geniş əhali kütlələri bu kimi fəaliyyətlərə təşviq etmələrinə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar.