• Bakı 17° C

    13.77 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Qarpızda bunları görürsünüzsə, almayın! - XƏBƏRDARLIQ

CƏMİYYƏT

02 Iyun 2026 | 13:09

Qarpızda bunları görürsünüzsə, almayın! - XƏBƏRDARLIQ

Hələ yay mövsümü başlamasa da, market və bazarların piştaxtalarında qarpız və yemiş satışına rast gəlinir. Bu isə hər il olduğu kimi, istehlakçılar arasında haqlı narahatlıqlara yol açır.

Bəs mövsümündən tam bir ay əvvəl satışa çıxarılan qarpız və yemişlərin aqrotexnikasında istifadə olunan nitrat və digər böyümə stimullaşdırıcılarının qalığı qida təhlükəsizliyi baxımından nə dərəcədə risklidir? İstehlakçılar erkən yetişən təbii məhsul ilə kimyəvi gübrələrlə şişirdilmiş məhsulu bir-birindən necə ayırd edə bilərlər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, qeyri-mövsümi meyvə-tərəvəzlərin istehlakı ciddi fəsadlara yol aça bilər.

Onun sözlərinə görə, mövsümündə olmayan meyvələri, tərəvəzləri yetişdirmək üçün bəzən onlarda sürətli böyümə üçün gübrələrdən, kimyəvi maddələrdən istifadə olunur:

"Bu, əgər normadan artıq istifadə olunursa, xüsusilə də nitrat tərkibli gübrələrdən istifadə olunursa, bu zaman həmin məhsulun tərkibində nitratın səviyyəsi həddindən artıq çox olur ki, bu da insan sağlamlığı üçün müxtəlif fəsadlar törədə bilər".

Mütəxəssis bildirib ki, burda daha çox risk qrupunda olan insanlar uşaqlar, yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə və südverən qadınlardır ki, bu kimi kimyəvi maddələr bir çox anlarda onlarda qida zəhərlənməsinə, ürəkbulanmaya, halsızlığa, baş ağrısına, maddələr mübadiləsinin pozulmasına, mədə-bağırsaq problemlərinə gətirib çıxarda bilər.

Məhsəti Hüseynova: Meyvənin içində sarımtıl damarlar görünürsə...

Həmsöhbətimiz qeyd edib ki, ona görə yaxşı olar ki, istixana şəraitində, nəzarətsiz şəkildə və yaxud da bir çox mənşəyi bəlli olmayan bu kimi erkən satışa çıxan meyvə-tərəvəzləri alarkən diqqətli olmaq lazımdır. Həddindən artıq parlaq, qeyri-təbii görünürsə, həmin meyvə-tərəvəzə xas olan qoxusu yoxdursa, əgər tünd qırmızı rəngə malik olmalı olduğu halda, kəsdikdə daha açıq rəngdədirsə, ağdırsa, içində sarımtıl damarlar görünürsə, bunlar onun tərkibindəki nitratın çox olduğunun göstəricisidir.

Məhsəti Hüseynova bildirib ki, mütləq şəkildə satılan yerin də sanitar-gigiyena qaydalarına uyğun olmasına diqqət etmək vacibdir. Çox vaxt marketlərdə və ya bazarlarda bu məhsullar kəsilərək satılır. Əgər istifadə olunan bıçaq və doğrama lövhələri təmiz deyilsə, çarpaz çirklənmə baş verir ki, bu da əlavə sağlamlıq problemlərinə zəmin yaradır.:

"Meyvə və tərəvəzlərin faydalı xüsusiyyətlərindən, tərkibindəki vitamin və minerallardan tam yararlanmaq üçün ən doğru seçim yerli və tam mövsümündə yetişən məhsullara üstünlük verməkdir. Əks halda, hətta immun sisteminiz güclü olsa və orqanizmdə kəskin zəhərlənmə qeydə alınmasa belə, kimyəvi maddələrin bədəndə toplanması zamanla müxtəlif xroniki fəsadlara yol açacaqdır".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

01 Iyun 2026