• Bakı 24° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ

CƏMİYYƏT

09 Iyul 2025 | 16:20

Qarpızlara bu dərmanlar vurulur, xərçəngə yoluxma riski var - XƏBƏRDARLIQ

Yay mövsümünün ən sevilən meyvələrindən biri olan qarpız, həm sərinləşdirici təsiri, həm də şirin dadı ilə süfrələrin əvəzolunmazıdır. Lakin qarpızla bağlı narahatlıqlar da var. İstehlakçılar arasında belə bir sual getdikcə daha çox səslənir: "Bazarda satılan qarpızlara dərman vurulubmu?" Əgər vurulubsa, bu dərmanlar orqanizm üçün nə qədər təhlükəlidir?

Bakıvaxtı.az Lent.az-a istinadən qarpızla bağlı ən çox narahatlıq duyulan suallarla bağlı araşdırmasını təqdim edir.

Qarpıza vurulan dərmanlar

Bostançılıqla məşğul olan rayonlarda qarpız becərilərkən əsasən üzvi və mineral gübrələrdən, eləcə də pestisidlərdən istifadə edilir. Hər hektar üçün əvvəlcə 10-15 ton çürümüş heyvan peyini, 150-200 kiloqram superfosfat və 150 kiloqram kalium gübrəsi tökülür. Torpağa tərkibindən asılı olaraq azot gübrələri də (məsələn, karbamid) verilir.

Məlumatlara görə, Azərbaycanda azotlu gübrələr daha çox istifadə olunur və azot meyvədə nitrat formasında yığılır. Əlavə azot verilməsi meyvənin sürətli inkişafına səbəb olsa da, normadan artıq azot tətbiq olunanda qarpızdakı nitrat miqdarı təhlükəli həddə çata bilər.

Kimyəvi və ya bioloji maddələr (insektisid, funqisid və s.) qarpız bitkilərini zərərvericilərdən qorumaq üçün işlədilir. Məsələn, bostan mənənəsi (qarğıdalı güvəsi) və yemiş milçəyi kimi həşəratlara qarşı 0.2 faiz xlorofos) məhlulu ilə çiləmə aparılır. Bu çiləmələr çiçək açandan başlayır, hər 7-8 gündən bir təkrar edilir və biçin öncəsi 25-30 gün dayandırılır. Bundan əlavə, bostan mənənəsi üçün digər kimyəvi maddələrdən də istifadə olunur. Qarpız əkilən sahələrdə göbələk xəstəliklərinə qarşı da tədbirlər görülür. Bu məqsədlə, antraknoz və digər xəstəliklər üçün uyğun funqisidlər tətbiq edilir.

Yetişməni sürətləndirən maddələr

Qarpızın böyüməsini sürətləndirmək və məhsuldarlığı artırmaq üçün torpağa çoxlu gübrə verilir. Bu gübrələrin tərkibində olan maddələr giləmeyvənin içinə toplanaraq nitrat adlanan maddəyə çevrilir. Bu nitrat insan orqanizmində nitritə çevrilir və bu da qanda oksigen daşıyan maddəyə təsir edərək oksigen çatışmazlığına səbəb ola bilir. Xüsusilə körpə uşaqlarda, bu vəziyyət “mavi körpə sindromu” adlanır, yəni dəridə mavilik, nəfəsdə çatışmazlıq və halsızlıq kimi hallar müşahidə oluna bilər. Digər tərəfdən, bəzən bu nitritlər orqanizmdə başqa maddələrlə birləşərək zərərli birləşmələrə çevrilə bilər.

Bəzi elmi təcrübələrdə bu maddələrin xərçəng riski yaratdığı göstərilib. Amma aparılan geniş tədqiqatlara görə, tərəvəz və meyvələrin ümumi faydaları bu risklərdən qat-qat üstündür.

Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Qida Təhlükəsizliyi qurumları da meyvə və tərəvəzdən uzaq durmamağı, sadəcə düzgün seçib istifadə etməyi tövsiyə edir.

Bundan başqa, qarpızın yetişdirilməsi zamanı istifadə olunan həşərat öldürücü dərmanlar (pestisidlər) da problem yarada bilər. Bu dərmanlar bitkiləri ziyanvericilərdən qorumaq üçündür, amma çox istifadə olunarsa və ya yetişmə vaxtına yaxın verilərsə, onların qalıqları meyvənin içində qala bilər.

Belə dərmanlardan biri olan xlorofos (çox vaxt istifadə olunur), orqanizmə daxil olduqda sinir sisteminə, ürəyə, hətta uşaqların inkişafına zərər verə bilər. Bundan əlavə, bu dərmanlar arılara və torpaqda yaşayan faydalı canlılara da zərər verir ki, bu da son nəticədə qida zəncirinə təsir edir.

Azərbaycanda aparılan bəzi yoxlamalarda qarpızların tərkibində təhlükəli pestisid miqdarına rast gəlinməyib. Amma normadan artıq dərman verilmiş, ya da yaxşı yuyulmamış məhsullar insan orqanizmi üçün təhlükə yarada bilər.

Sağlam qarpız necə seçilməlidir?

Qarpızın təbii yetişmə vaxtı iyun-avqust aylarıdır. Bu mövsümdən əvvəl satılan qarpızların yetişməsi üçün daha çox gübrə və dərman verilmiş ola bilər. Həmçinin qarpızın üstündəki yaşıl sap (xaçı) quru və büzüşmüşdürsə, bu, onun təbii şəkildə yetişdiyini göstərir. Əgər sap hələ də yaşıl və təravətlidirsə, bu halda o, vaxtından əvvəl dərilmiş və süni şəkildə böyüdülmüş ola bilər.

Qarpız alarkən onun qabağına diqqət etmək lazımdır

Qarpızın qabığı tünd rəngli, ləkəsiz və çatlamamış olmalıdır. Çox parlaq, cilalanmış və süni görünüşlü qarpızlar adətən daha çox dərmanla böyüdülür. Kəsildikdən sonra içində ağ damarlar çoxdursa və bu damarlar şişkin görünürsə, bu da normadan artıq gübrənin əlaməti ola bilər.

Qarpız yol kənarında, birbaşa günəş altında və ya çirkli şəraitdə satılırsa, belə məhsullar həm istilikdən zədələnə, həm də mikroblarla çirklənə bilər. Almazdan əvvəl qabığını mütləq yaxşıca yuyun və təmiz bıçaqla kəsin.

Əgər varsa, nitrat ölçən cihazlardan istifadə edin. Bəzi satıcılar portativ nitratölçən cihazlar (nitransveyer) ilə qarpızın təhlükəsizliyini göstərirlər. Mümkünsə, belə cihazla yoxlama tələb edin.

Kəsilmiş qarpızın düzgün saxlanması və mikroblar

Kəsilmiş qarpızın içi şirin və nəmli olduğu üçün mikrobların çoxalması üçün əlverişli şərait yaradır. Ona görə də qarpız kəsildikdən dərhal sonra soyuducuya qoyulmalı, plastik örtük və ya qapaqlı qabla bağlanmalı, otaq temperaturunda 1-2 saatdan artıq saxlanmamalıdır. Xüsusilə yay aylarında, isti havalarda bu müddət 1 saatı keçməməlidir. Əks halda qarpızda salmonella, listeriya kimi təhlükəli bakteriyalar arta bilər.

Mütəxəssislərin sözlərinə görə, kəsilmiş meyvələr 2 saatdan artıq açıqda saxlanmamalıdır. Soyuducuda isə 1-2 gün ərzində yeyilib bitirilməlidir. Əgər qarpızın bir hissəsi yumşalıb, rəngi dəyişibsə və ya pis qoxu verirsə, həmin hissəni dərhal atmaq lazımdır. Qarpız tez çürüyən giləmeyvədir. Ona görə hissə-hissə doğrayıb saxlamamaq, ehtiyac qədər kəsmək daha məqsədəuyğundur.
 


SON XƏBƏRLƏR