Bu ilin yanvar-iyun aylarında Qəbələ rayonundakı hotel və mehmanxana tipli müəssisələrə 42 min 289 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 18 min 623 nəfəri və ya 44 faizi Azərbaycan, 23 min 666 nəfəri və ya 56 faizi xarici ölkə vətəndaşı olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AzərTac-a Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin birinci yarısında Qəbələnin otel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli turistlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 982 nəfər və ya 5,6 faiz artım, əcnəbi turistlərin sayında isə 3003 nəfər və ya 11,3 faiz azalma qeydə alınıb.
İdarədən verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında Qəbələyə gələn əcnəbi turistlər arasında Hindistan vətəndaşları üstünlük təşkil edib. Belə ki, altı ayda bu ölkənin 11 min 405 vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, yanvar-iyun aylarında Qəbələyə Səudiyyə Ərəbistanından 3817, Birləşmiş Ərəb Əmirliklərindən 2366, Pakistandan 1482, İsraildən 695, Küveytdən 603, Rusiya Federasiyasından 539, Qətərdən 507, Omandan 219, Türkiyədən 150, ABŞ-dan 130, Böyük Britaniyadan 122 turist səfər edib. Gələnlərin 1631 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
Altı ayda Qəbələ rayonu ərazisində yerləşən 21 mehmanxana və mehmanxana tipli müəssisədən 16-sı fəaliyyət göstərib. Bir gün qonaqlamaq üçün orta qiymət 120,4 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub.