• Bakı 13° C

    4.89 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Rusiya-Ukrayna savaşında yeni MƏRHƏLƏ - AÇIQLAMA 

Gündəm

19 Yanvar 2023 | 11:16

Rusiya-Ukrayna savaşında yeni MƏRHƏLƏ - AÇIQLAMA 

“Rusiya-Ukrayna savaşında yeni mərhələnin başlanacağı gözlənilir. Artıq Rusiya prezidenti Putin tərəfindən ikinci dəfə səfərbərlik qərarı verilib”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

O qeyd edib ki, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun 1,5 milyonluq ordu yaradacaqları ilə bağlı açıqlama verib: “Ötən bir il ərzində Rusiya müharibədə hədəflərinə nail olmadığı üçün yeni təqvim ilində fasilədən sonra ciddi şəkildə müharibə başlatmaqla bağlı işarə verməyə çalışır. Vladimir Putin Rusiyanın yüksək səviyyəli hərbi liderləri ilə görüşündə hərbi potensialın yaxşılaşdırılması üçün yeni yol xəritəsi müəyyən edərək atılacaq addımları açıqlayıb.

NATO-nun Ukrayna müharibəsində bütün imkanlarını səfərbər etdiyini xatırladan Putin, müharibədə qalib gəlmək əzmində olduqlarını bir daha vurğulayıb. Xüsusi hazırlığın bir səbəbi də Kremlin müharibə nəticələrindən aslı olaraq ayaqda qalıb-qalmayacağını ehtimal etməsidir. Yəni, müharibədə məğlubiyyət Putin hakimiyyətinin sonunu gətirə biləcəyi üçün Moskva hərbi strategiyasını “irəli” komandası üzərində formalaşdırıb. Hətta Rusiya Ukrayna məsələsini təkcə regional məsələ kimi deyil, beynəlxalq sistemdə varlıq mübarizəsinin bir hissəsi kimi gördüyü üçün müharibənin qısa zamanda dayandırılması ehtimalı çox zəifdir”.

Z.Qarayeva deyib ki, Putin həmçinin Rusiya ordusu hissələrinin “qeyri-adi” modellərdən ibarət müasir raket arsenalı ilə təmin olunmasının yeni mərhələsindən danışıb: “Ordunun qabaqcıl raket imkanları ilə təchiz olunduğunu qeyd edən Putin, yeni nəsil Sarmat raket sistemlərinin yaxın vaxtlarda istifadəyə veriləcəyini açıqlayıb. Prezidentin sözlərinə görə, dünyada bənzəri olmayan “Zirkon” raketləri gələn ay yerləşdiriləcək.

Rusiyanın dağıdıcı nüvə silahı ilə bağlı açıqlamaları bir daha nüvə silahından istifadənin masada olduğu mesajı ilə strateji düşmən adlandırdığı Avropanı təhdid məqsədi daşıyır. Bu bəyanatlar qeyd etdiyim kimi yaxında şiddətli savaşın olması ehtimalı yaratsa da, digər tərəfdən Rusiya Ukraynanı və ona dəstək olan kollektiv Qərbi təhdid edərək masaya oturtmağa da çalışa bilər. Çünki müharibənin konkret nəticələrinin Moskvanın xeyrinə olub-olmayacağı elə Kreml üçün də böyük sual yaradır. Bu durumda məğlubiyyət işğalçı dövlətin siyasi varlığını sual altına qoyacağı üçün müharibənin bir bəhanəylə bitirilməsi istəyi olmamış deyildir. Problemdən çıxış yolu isə hər iki tərəfin masada güzəştli şərtlərlə uzlaşmasıdır. Əks halda xəmir çox su aparacaq”.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

16 Aprel 2024