Vətən müharibəsinin qəhrəman hərbçilərindən biri, 2022-ci ilin sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən şəhid olan gizir Vadim Qocayevin yeni doğulan körpəsi xəstəxanadan evə buraxılıb.
Bakıvaxtı.az xəbər verir ki, körpənin evə yola salınması mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin döyüş yoldaşları və ailə üzvləri iştirak edib.
Qeyd edək ki, Qocayev Vadim Alik oğlu 1997-ci il yanvarın 10-da Qobustan rayonunun Sündü kəndində anadan olub. 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən şəhid olub.
Şəhidin atası Alik Qocayev oğlunun şəhid olması xəbərini eşidəndən sonra ürək tutmasından vəfat edib.
Xatırladaq ki, V.Qocayev Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibədən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “İgidliyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Dövlət başçısının 2022-ci il noyabrın 5-də imzaladığı digər sərəncama əsasən, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş bir qrup hərbi qulluqçu təltif edilib. Həmin sərəncama əsasən, V.Qocayev "Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalına layiq görülüb.
O, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə, hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə təltif edilib.
Bakıvaxtı.az xəstəxanadan son fotoları təqdim edir:




















