Zəfərlə nəticələnən 44 Vətən müharibəsində canından keçərək əbədiyyətə qovuşan şəhidlərimizin adını, xatirəsini yaşatmaq hər bir Azərbaycanlının borcudur. Bəzi yerlərdə şəhidlərin xatirəsini yaşatmaq üçün ailələri evinin qarşısında xatirə lövhəsi düzəldib. Bəs niyə dövlət tərəfindən hər bir şəhidin yaşadığı əraziyə barelyeflər qoyulmur? Bunun üçün müraciətlər edilib?
Məsələ ilə bağlı Bakıvaxtı.aza açıqlama verən “Zəfər” Şəhid Ailələrinə Dəsdək ictimai birliyinin sədri, şəhid Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova dəfələrlə təklif irəli sürdüklərini qeyd edib:
“Biz dəfələrlə rütbəsindən, vəzifəsindən asılı olmayaraq hər bir şəhid haqqında yaşadığı məhəllədə kiçik xatirə lövhəsinin olması üçün ictimai təşkilatlar və dövlət orqanları ilə görüşlərdə təkliflər irəli sürmüşük. Məncə, səliqəsiz formada asılmaqdansa, dövlət tərəfindən standart hazırlanmış ümumi barelyeflər olmalıdır. Həmin yerdən keçən, orda böyüyən yeniyetmə uşaqlar da o lövhələri gördükcə şəhidlərimizi tanıyacaq. Düşünürəm ki, dövlət orqanları, Nazirlər Kabineti artıq öz sözünü deməli, müəyyən standartlara uyğun şəhidlərin adlarının əbədiləşdirilməsi məsələlərinə yenidən baxılmalıdır. Çox köhnə qanunvericiliklə işləyirik. O qanunvericilik çoxdan tarixi-nadirinə qovuşmalı idi. Həm inciklik olmaması, həm də şəhid ailələri arasında fərq qoyulmaması üçün yeni qanunvericilik əsasında yeni anım tədbirləri, lövləhəri nəzərdə tutulmalıdır. Bu dəqiqə ölkədə şəhid ailələrinin ən böyük problemlərindən biri xatirə lövhələri və şəhidlərin adının əbədiləşdirilməsidir. İstər ən yüksək ali dövlət orqanı, istər yerli hökumət orqanları, istərsə də icra hakimiyyətlərinə olsun ən çox müraciət bu haqda gəlir. Yığışıb bu problemi kökündən həll etmək lazımdır.”

O, xatirə lövhələrinin vacibliyini vurğulayıb:
“Milli Məclis, Nazirlər Kabineti və aidiyyati üzrə Prezident Administrasiyasının şöbəsinə müraciət etmişik. Deyilib ki, yaxın vaxtlarda bu məsələ müzakirə olunacaq. Amma artıq qarşıdan şəhidlərimizin ildönümü gəlir, ona görə də tələblərin çoxu xatirə lövhələrinin olması üzərinədir. Elə ailələr var ki, öz büdcəsi ilə böyük, ya da kiçik lövhələr hazırladır. Ancaq xatirə lövhələri dövlət tərəfindən təyin edilmiş standart formada olmalıdır ki, fərq olmasın. Biz ona baxıb qürur duymalıyıq ki, bu məhəllədə yaşayırıq. Şəxsən mənim yaşadığım küçə I Qarabağ müharibəsində şəhid olmuş Ənvər Hüseynovun adınadır. Mən qürur duyuram. Məhəllənin başında xatirə lövhəsi var, elə hər dəfə keçəndə gözümü ona zilləyirəm. Elə yerdədir ki, hara getsən görürsən. Bəlkə də o, titulu olmayan bir şəhiddir, tanımayacaqdım. Amma xatirə lövhəsinə görə nə qədər insan tanımış olur. Balaca bir küçədir, ancaq adı verilib. Yəni biz də şəhidlırimizin adını belə yaşatmalıyıq. Bu problemləri bürokratiya ilə yox, operativ həll etmək lazımdır. O kişilər döyüşə gedəndə gözləməyiblər”.
Aytac Aslan
















