Bakıvaxtı.az-ın aktual mövzularla bağlı suallarını Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev cavablandırıb. Müsahibəni təqdim edirik:
- Son vaxtlar qadınlara qarşı zorakılıq və qətl hadisələri çoxalıb. Ötən günlərdə əri tərəfindən qətlə yetirilən Sevinc xanımın ölümündə isə dövlət qurumları məsuliyyətsizlikdə günahlandırılır. Onun zorakılığa məruz qaldığı üçün dövlət qurumlarına müraciət etməsinə baxmayaraq, gec baxılıb. Dövlət orqanlarının vətəndaşlara qarşı bu cür laqeydliyinə qarşı münasibətiniz nədir?
- Birinci növbədə, insanlara, xüsusən də qadınlara qarşı zorakılığı qətiyyətlə pisləyirəm. Bir kişinin öz qolunun gücündən, fiziki üstünlüklərindən istifadə edib qadına hərbə-zorba gəlməsi, döyməsi, öldürməsi yolverilməzdir və lənətlənməlidir. Mənə elə gəlir ki, qadın və kişi bərabərliyi yalnız kağız üzərində yox, həm də əməldə olmalıdır. Məncə, Azərbaycanda 99% qadın və kişi ailədə vəzifəsinin nə olduğunu bilir. Bəzən bərabərliyi yanlış başa düşən insanlar da olur. Onlar qadının bərabərlik tələb etməsini kişinin məsuliyyət sahəsinə və vəzifələrinə təcavüz kimi qiymətləndirirlər. Əslində, belə deyil. Azərbaycan qadını öz vəzifələrini və məsuliyyətini gözəl bilir. O baxımdan, hər kəs özünün mənəvi, yazılmayan qanunlarını da çox gözəl bilir. Ona görə, düşünürəm ki, qadınlara qarşı zorakılıq edənlər bağışlanılmamalı, cəzalandırılmalıdır. Hüquq mühafizə orqanları da bununla bağlı verilən siqnala gəldim, barışdırdım, getdim, ər-arvaddılar dil tapıb dolanacaqlar kimi baxmalı deyil. Çünki biz görürük ki, bunun sonu faciə ilə nəticələnir.
- Pandemiya dövründə bir çox icra başçısı həbs edildi. Bu qədər icra başçısının eyni vaxtda həbs edilməsi bizə nə deyir? Harda səhv etmişik?
- Mənə elə gəlir ki, boynumuza almalıyıq ki, Azərbaycanda bəzi proseslər, mübarizə növləri, hətta qanunvericilik belə kampaniya xarakterli olur. Yəni biz bir şeyi etmirik, edəndə də ağını çıxarmış oluruq. 30 il gözlədik, amma 44 günə Qarabağın işğalda olan ərazilərini xilas etdik. Bu, gözəl nümunədir. Bu sarıdan razıyam, belə olsun, elə təki bu cür dözümsüz olaq. Amma elə məsələlər də var ki, o kampaniya xarakterli olmalı deyil, sistemli şəkildə getməlidir və sistem onu tarazlamalı, qanunvericilik balanslaşdırmalıdır. Yəni yavaş-yavaş sistem özü hər şeyi idarə edib yerinə qoymalıdır. Cəmiyyəti bu baxımdan qanunlarla avtomatlaşdırmaq lazımdır. Bizdə isə kampaniya xarakterli oldu. Mən də o vaxt bunun kampaniya xarakterli olmağına inanmadığımı, korrupsiyaya qarşı mübarizə aparılacağını demişdim. Amma, təəssüflər olsun ki, gözləntilərimi tam doğrulmadı. O mübarizə aparıldı və dayandı. Belə çıxır ki, indi korrupsiyoner yoxdur? O vaxt bütün korrupsiyonerlər tutuldumu? Baxın cəmiyyətdə bu suallar var və bunu deməkdən qorxmaq lazım deyil. Bir çox insanlar mənə müraciət edir ki, sanki bu da bir kampaniya xarakterlidir. Amma mən mütləq şəkildə qeyd etməliyəm ki, korrupsiya ilə bağlı mübarizə məsələsində prezidentin dediyi sözlər səmimi idi. Özü də bununla birbaşa məşğul oldu, bu gün də bu məsələləri deyir və s. Mənə elə gəlir ki, ola bilsin, komandanın içərisində müəyyən boşluqlar var və yaxud komandanın xeyli hissəsi bütün bu məsələlərdə hər tərəfə siraət edərək kök atmır. Yəni komandanın xeyli hissəsi də bu işin içindədir. Ona görə də, bunları birdəfəlik kəsib atmaq, kampaniyaya çevirmək də lazım deyil. Əgər biz desək ki, bütün qanun pozanların hamısını həbs edək, onda gərək 100-200 dənə də yeni həbsxanalar tikilsin. Amma bu çıxış yolu deyil axı. Bir çox korrupsiyaya bulaşan və yaxud rüşvətxorluqla məşğul olanlar sadəcə sistemin quluna çevrilir, özündən yuxarının əmrini yerinə yetirir. O baxımdan, elə kimsə nəsə aldı deyə, "həbsxanaya ataq" yanaşması doğru deyil. Dediyim kimi, onda gərək hər kəsi həbs edəsən. Bunun üçün də sistemi avtomatlaşdırmaq lazımdır. Konkret olaraq rüşvət olmaz, xalqa xidmət etmək lazımdır. İnsanları bir qapıdan başqa qapıya göndərmək olmaz. Hər bir məmur özünə pəncərə sistemi kimi baxmalıdır. Sanki mən özüm bir pəncərəyəm. Vətəndaş mənə müraciət edəndə mənə aidiyyatı olmasa da, onu elə yönləndirməliyəm ki, gedib problemini həll edə bilsin. Yoxsa “atvarot pavarot” edib deməyək ki, bu mənə aid deyil, get. Bəs sənə müraciət edən yazıq deyil? Bu şəkildə məmur yanaşması cəmiyyəti parçalamaqdır

- Yəni deyirsiniz, bütün günah sistemdədir və bir çox şeyi qəsdən görməzdən gəlirlər?
- Uzun müddət vəzifədə olanlar bu şəkildə idarə edərək işləyiblər. Məsələn, indi görürsünüz, bir çox sahədə, nazirliklər, komitələr, icra hakimiyyətləri və bələdiyyələrdə iş dayanıb. Yəni sadəcə olaraq hansı sahəyə pul ayrılıbsa, o sahədə müəyyən işlər gedir. Qalan sahələr hamısı durub gözləyir ki, nə iş görək? Buna görə də, işsizliyin sayı günü gündən artır. Açılışlar, tikililər yoxdur. Nəyə görə? Çünki bunlara deyildi ki, rüşvətlə işləməyin. Başqa cür də işləyə bilmirlər, həqiqət budur. Məsələ burasındadır ki, rüşvət və korrupsiya ilə işlədikləri vaxt bir tərəfdən cəmiyyətdə dağıdır, sökür, oğurlayırdı, ancaq bir tərəfdən də həmin korrupsiya cəmiyyətin müxtəlif yerlərində iş yeri yaradırdı. Hər kəs bir-birini dolandırırdı. İndi isə bir-birini dolandırmaq sistemi qırılıb. Əvvəl biri alanda özündən sonrakı 10-15 nəfərə də ötürürdü. Alınan rüşvət bu və ya digər şəkildə kimlərinsə həyatına müsbət təsir göstərə bilirdi. Yəni cəmiyyət belə idarə olunurdu və xoşbəxt idi. Düşünürdü ki, bir işimin başlamağı üçün üç ay gözləmək yerinə rüşvətimi verib işimi üç günə həll edirəm. Yəni nə edəcəksə, gedib işinə başlayırdı, sonra ya park salır, ya da kanal qazırdı. Deyirdi ki, onsuz da, pulumu alacam da. Baxın, bu sistem hər kəsi dolandırırdı. Nə vaxt ki bu sistem qırıldı və dedilər rüşvət olmaz işləyə bilmədilər. Düşünürlər ki, bu pulu hardan alım? Əvvəllər İcra Hakimiyyətləri iş adamlarına məcbur iş gördürüb yarısını ciblərinə qoyurdular. İndi də bilmirlər nə işlə məşğul olsunlar. Bu iş dayandırıldı, ancaq necə işləməli olduqlarının tərifi verimədi. Ona görə də, insanlar narazı qalır.
- Deputat Eldəniz Səlimovun həbs edilməsinə münasibətiniz və mövqeyiniz necədir?
- Mən mövqeyimi Milli Məclisin iclasında bildirmişəm. O cümlədən, bütün deputatlar, parlament bildirdi. Cəmiyyət daha bundan artıq nə mövqe gözləyir ki? Eldəniz Səlimov üç ay müddətində həbs edilib, hal hazırda işi istintaqdadır və istintaq onun günahının olub olmamasını sübut edib, qərar verməlidir. Ola bilər ki, istintaq başqa cür qərar verəcək və Eldəniz gəlib deputatlıq fəaliyyətinə davam edəcək. Çünki onun deputatlığı əlindən alınmayıb, sadəcə toxunulmazlığı götürülüb. Eldəniz Səlimov hələ də Milli Məclisin deputatıdır. Mən Eldəniz Səlimovu əvvəllər tanınamışam, Milli Məclisdə tanış olmuşuq. Mənim və bir çox insanın da tanıdığı qədərilə, çox sakit, səsi çıxmayan bir deputat idi. Belə bir hadisənin baş verməsi mənim üçün çox təəccüblü oldu. Hər halda bütün vəzifəli şəxslər özlərini uyğun aparmalı, fərqləndirməli deyillər. Hər kəs qanun qarşısında bərabərdir, heç kəsə güzəşt olunmamalıdır. Bunun üçün də mən düşünürəm ki, əgər YAP-çı öz deputatına qarşı güzəşt etmirsə, heç kəsə qarşı güzəşt etməyəcək. Bu gün əgər Milli Məclisin deputatına güzəşt olunmursa, başqaları da güzəşt gözləməsin. Bu, bərabər şəkildə hər kəsə qarşı əməl olunmalıdır. Olunmayacaqsa, Eldəniz Səlimovun həbsi ilə bağlı çox böyük şübhələr yaradacaq. Əgər başqalarına tədbiq olunmasa, şübhə yaranacaq ki, deməli, bu, siyasi sifarişdir. İstər sıravi, istərsə də vəzifəli şəxs olsun başqalarına göz yumulsa, şübhə yaradacaq ki, deməli, kimlərinsə gözü qara, kimlərinsə gözü bozdur. Qanun hər kəs üçün qanundur. Mənim pulum var, vəzifəli şəxsəm, bahalı maşın sürürəm, bahalı evdə yaşayıram qanunun mənə aidiyyatı yoxdur kimi yanaşmalar yanlışdır. Və yaxud kimsə mən acından ölürəm qanun mənim nəyimə lazımdır deyə bilməz. Hərçənd ki, heç vaxt belə şey olmur, qanun elə ən çox kasıb-kusuba tədbiq olunur. Bu şeylər cəmiyyətdə sual yaradır. Düşünürəm ki, biz normal cəmiyyət qurmaq, dövlətçiliyi möhkəmləndirmək üçün mütləq şəkildə cəmiyyəti saflaşdırmalıyıq. Bunu mən özümdən kəşf etmirəm. Azərbaycanın prezidenti də bunu hər çıxışında deyir, barmaq da silkələyir, ciddi tənqid də edir. Mən bəzən düşünürəm ki, görəsən, İlham Əliyev daha sərt müxalifətdir, yoxsa mən? yəni prezident də artıq görür ki, bu problem var. Niyə bunu gizlətməliyik ki? Bizim vəzifəmiz cəmiyyəti saflaşdırmaqdır. Saflaşdıraq ki, bu cəmiyyətdə hər kəs yaxşı yaşasın, dövlətindən, millətindən, prezidentindən, parlamentindən, nazirlərindən razı qalsın. Amma razı qalırlarmı?! Qalmırlar! Bizim də dediyimiz buna görədir ki, qalsınlar. Bu mənim məsuliyyətim deyil ki. Mən Milli Cəbhə Partiyasının sədriyəm. Milli Cəbhə Partiyası müxalifət partiyasıdır, bir səsi var və gücüm çatanı edirəm. Amma bu işin daha böyük hissəsi YAP-ın üzərinə düşməlidir, iqtidar partiyasıdır. Onlar bu məsələ ilə bağlı barışmaz olmalı, daha çox dilə gətirməlidirlər. Təriflə nəsə əldə etmək olmur. Nə qədər insan boş-boşuna tərif deyib hər şeyin gözəl olduğunu deyir. Axı hər şeyə gözəl demək olmaz. Axı mən o gözəlliyi görə bilmirəm. Aparaq mənim gözümü müalicə etdirsinlər ki, həmin gözəllikləri mən də görüm. Bəli, mən görürəm, Bakının mərkəzi gözəldir, kəndlərin, rayonların gözəl yerləri var. Amma axı bizim eybəcər yerlərimiz də çoxdur. Bakıya şimalından, cənubundan girin baxın, Bakı eybəcər şəkildə tikilib, bir boş yer qalmayıb. Hamısı infrastrukturu qurulmadan tikilib.
- Boş qalan deputat yerlərinə seçkilər gözlənilir?
- Bu barədə bilmirəm. Yeni Azərbaycan Partiyası bu məsələləri mənimlə müzakirə eləmir. Amma mən boş qalan yerlərə deputat seçkilərinin olmasını istərdim. Misal üçün İmişlidə bir deputat yeri boş qalıb. Ora bir deputat seçilsə, yaxşı olar.
- Həmkarınız Etibar Əliyev jurnalistlər üçün ayrılmış binaların şəhid ailələrinə verilməsi ilə bağlı fikir irəli sürmüşdü və mediyada olan bir çox tanınmış şəxs bu fikri təstiqləmişdi. Bəs sizcə, bu fikir nə dərəcədə düzgündür?
- Bu məsələ ilə bağlı mənim düşüncəm fərqlidir. Mən hesab edirəm ki, 44 günlük müharibə ərzində Azərbaycan jurnalistləri də özlərini əsgər kimi apardılar. Azərbaycan jurnalistlərinin də ikisi Kəlbəcərdə şəhid oldu. Sağ olsun, dövlət onlara şəhidlik statusu verib evlə də təmin etdi. Bu addımı çox bəyəndim. Bilirsiniz ki, həmin yerdə jurnalistlər üçün iki bina tikilib və jurnalistlər yaşayır. Bu gün Azərbaycanda sosial cəhətdən ən çox əziyyət çəkən, məşəqqətlər yaşayan, evsiz-eşiksiz təbəqələrdən biri də jurnalistlərdir. Bu jurnalistlər 24 saat əlində qələm cəmiyyətin güzgüsü rolunu oynayır, problemləri göstərir. Mənə elə gəlir ki, heç şəhid ailələri də jurnalistlərin evlərinin onlara verilməsini istəmir. Çünki mənim bir neçə şəhid ailəsi ilə bu haqda ünsiyyətim olub. Bir şeydə kiminsə gözü qalacaqsa, bunu etmək düzgün deyil. Düşünürəm ki, heç bir şəhid ailəsi də jurnalistlərin 5-10 mənzilinə göz dikmir. Əlavə olaraq, şəhid ailələrinə ev tikmək üçün dövlətin imkanları var. Qarabağda evlər tikildikcə bir çox evlər boşalacaq və şəhid ailələrini o evlərə yerləşdirəcəklər. Təbii ki, ev şəhid ailələrinin haqqıdır, verilməlidir və veriləcək də. Amma jurnalistlərə veriləcək evi onlara verəndə hansı yara sağalacaq? Çünki elə gedib o şəhid ailələrini işıqlandıran, cəmiyyətə tanıdan da jurnalistlərdir. O baxımdan, mən bu təklifə və müraciətə qoşulmadım, qoşulmuram, o fikirləri bölüşmürəm, bölüşə də bilmərəm. Mən bunu doğru qərar saymıram. Düşünürəm ki, o mənzillər elə jurnalistlərə verilməlidir. Şəhid ailələri üçün kifayət qədər mənzillər var. Bununla bağlı prezidentin iradəsi də var, hamısı evlə təmin olunacaq. Mən o fikirləri lazımsız və cəmiyyətin başını qarışdıran, narazılıq yaradan kompaniya kimi dəyərləndirir və qoşulmuram.
- Sizcə, Azərbaycanda hansı dövlət qurumlarının fəaliyyəti qənaətbəxşdir və qənaətbəxş deyil?
- Hər zaman demişəm ki, heç birini ayırmaq istəmirəm. Düşünürəm ki, hər bir dövlət orqanının işinin yaxşı və pis cəhədləri,yarıdan və yarıtmaz hissələri də var. Məsələn, mən Müdafiə Nazirliyinə göndərdiyim məktubların 99%-i həll edilib. Bəri başdan deyim ki, mən heç bir dövlət orqanına haqsız məktub göndərmirəm. Əvvəlcədən özüm də araşdırıram. Əgər mənə gələn məktubların hamısı nazirliklərə göndərsəm, onlar 24 saata oxuyub bitirə bilməzlər. Əziyyətin çox hissəsini üzərimə götürüb haqlı məktubları onlara göndərirəm və 100%-ə qədər müsbət cavablar alıram. Göndərdiyim məktubları araşdırıb düzgün qərarlar qəbul etdiklərinə görə Müdafiə Nazirliyinə təşəkkür edirəm.
- Bəs narazı olduğunuz tərəflər?
- Görünən odur ki, həll olumayan nə qədər məsələlər var. Həmişə dediyim kimi, hər kəsin bir deputatı yoxdur, hamının əli nazirə, deputata çatmır axı. Baxın, məsələ burasındadır. Azərbaycanda birbaşa gedib Zakir Həsənova məktub yazacaq nə qədər insan var ki? Mən deputat olaraq yazıram, həll edirlər. Axı hər kəs bunu etdirə bilməyəcək. Ona görə də bütün dövlət idarələrinnin tərkibində, bəlkə də, bir çox məktubları oxumurlar. Razi Nurullayev deputatdır deyə məktubu oxunur, həll olunur. Mənim dediyim budur ki, axı bura minlərlə insan da məktub göndərir. Mənə məktublar gəlir ki, 7 aydır mənim hüququm pozulur, bir ildir incidilirəm, məni məhv edirlər. Ancaq məktubu mən göndərəndə o məsələ həll olunur.
- Yəni sıravi vətəndaşa yaxşı xidmət göstərilmir?
- Sıravi vətəndaşlar bütün idarələrdə zülüm çəkir. Hətta mənim adını xoş çəkdiyim nazirliklərdə belə bu kimi hallar var. Məsələ budur ki, hər kəs birbaşa birinci şəxsə çata bilmir. Məsələn, siz birbaşa prezidentin qəbuluna düşsəniz, nə xahiş etsəniz hamısı yerinə yetiriləcək. Çünki prezident vətəndaşına imtina edə bilməz. Hətta haqsız xahişiniz olsa da, prezident onu həll etməyə çalışacaq, çünki siz prezidenti hər zaman görüb nəsə xahiş etmirsiniz. Amma hamıda bu imkan yoxdur axı. Nə olsun ki bu vətəndaşın üstü-başı çirklidir, qalstuku yoxdur, ayaqqabısı toz-torpağın içindədir, üzü qırxılmayıb, kostyumu nimdaşdır, bu vətəndaşdır. Onun da normal həyatı olsa, yaxşı geyinib gələr. Ona görə də, vətəndaşların hamısına eyni yanaşmaq lazımdır. Mən bir dəfə də olsa mənə müraciət edən vətəndaşı geri çevirməmişəm. Hətta bildiyimə görə, parlamentdə belə bir məsələ deyilib ki, kimə müraciət olunursa, cavab versin, heç kim kiminsə üstünə atmasın. Hamımız bunu etməliyik. Nazirlərin bir çoxu da elə kasıb ailələrdən çıxıb. İnsana bəzən ağrılı gələn o olur ki, özü avtobuslarda gəzən, kasıbçılıq içində yaşayan, keçmişdə bir qəpik pul tapmayanlar cibinə pul gələndən sonra çıxdığı məkanı bəyənmir. Olmaz axı belə.
- Bildiyiniz kimi, Operativ Qərargah əhalini virusdan qorumaq üçün bəzi məhdudiyyətlər tədbiq edib, ancaq bir çox insan narazıdır. Sizcə Operativ Qərargah tədbiq etdiyi məhdudiyyətlərlə insanları qorumaq üçün kifayət qədər faydalı işlər görür?
- Deyə bilmərik ki, Operativ Qərargah Azərbaycan xalqının düşmənidir. Onların qarşısına bu məsələ ilə bağlı işlər görmələri üçün məqsəd qoyulub. Dünyanın elə ölkələri var ki, heç orda vaksin yoxdur. İnsanlar vaksin vurdurmaq üçün yalvarır. Ancaq Azərbaycan ilk vaksin alan ölkələrdəndir. Yəni bu balaca məsələ deyil. Tənqid etmək asan, iş görmək çətindir. Yəni Operativ Qərargah üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır. Mən çox vaxt onları tənqid etmişəm, amma bu o demək deyil ki, mən onların işini bəyənmirəm. Mən olan çatışmazlığı demişəm və bu gün də deyəcəm. Amma mənim Operativ Qərargahın işinə böyük hörmətim var. Əziyyət çəkirlər, qiymətləndirmək lazımdır. Vaksini vaxtında gətirə, vaksinləşdirilməni təşkil edə biliblər, Azərbaycanda ölən insanların sayı ifrat dərəcəyə çatmadı. İndi də bir çox sahələr açılıb və insanlar dinclik tapa bilir. Bunların hamısı üstünlüklərdir. Sağ ol demək lazımdır. Mənim narazı olduğum yeganə qərarlar toylarda qoyulan məhdudiyyətlər və həftəsonu ictimai nəqliyyatın işləməməsi ilə bağlıdır. Məsələ burasındadır ki, əslində, həftəsonu insanlar sadəcə gəzməyə gedir deyə ictimai nəqliyyatda da o qədər sıxlıq olmur. Çünki, onsuz da, evindən çıxmaq istəyən adam ya taksi ilə, ya da başqa yollarla getməli olur. O, evindən çıxmalıdırsa, çıxacaq, sən onu saxlaya bilməzsən. İnsanlar kasıbdır, taksiyə pul verməli olur, əziyyət çəkir. Bunun xəstəsi, qocası, uşağı var. Pandemiyanın stresi bir tərəfdən, əziyyət çəkmələrinin stresi bir tərəfdən üstlərinə gəlir. Onun üçün bu qərarın dəyişdirilmsini istəyərəm.
- Bəs toylarla bağlı qərarlarda narazılığınız nəyədir?
- Toylara qoyulan məhdudiyyətlərlə bağlı ən çox danışan deputatlardan biri də mənəm. Açıq şəkildə demişdim ki, toylara bu formada icazə verilməsi korrupsiyaya və rüşvətxorluğa yol açacaq. Sən toya gələn insanı saxlaya bilməzsən, ora girəcək. Qapıdan qovacaqsan, pəncərədən girəcək. Geri göndərəcəksən, gəlib toyun yarısından girəcək. Bunun üçün də həmin adam orda duran vəzifəli şəxsə pul verib içəri girmək istəyəcək. Bir çox toy sahibləri gedib deyəcək ki, pulumu verim mənə göz yum. O eləməsə, deyəcəklər ki, səndən pis adam yoxdur, mənim toyumu vaya çevirdin. Artıq burda vəzifəli şəxsi də birmənalı olaraq günahlandırmaq olmur. Bu məsələdə vətəndaşla vəzifəli şəxs üz-üzə qalır. Çünki bu, insanların həyatında ən sevincli günüdür. Gəlib həmin gün bəylə gəlinə vaksin vururlar. Bəlkə onlara vaksin vurdurmaq olmaz?! Bəlkə bu bəylə gəlinə vaksin düşməyəcək həmin gün öləcək?! Sən bu insanların ilk sevincli gününü niyə yasa çevirirsən?! Bu cür qeyri-peşəkar qərarları kim tənzimləyirsə düzgün deyil. Düzdür, buna görə də Operativ Qərargahı hədəfə almaq lazım deyil. Axı bizim daha əvvəl pandemiya təcrübəmiz yox idi. Ancaq bundan sonrakı məsələlərdə təcrübə qazanırıq. Artıq virusla yaşamağı, işləməyi öyrənmişik. Narazılıqlarım bu məsələlərlə bağlıdır. İstərdim ki, Sentyabrın 1-dən teatrların açılmasına da icazə verilsin. Çünki vaksin artıq məcburiyyətə çevrilib. Biz bu virusdan başqa cür yaxamızı qurtara bilmərik. İstəmirəm deyə bilərik, ancaq onda da öz canımız inciyəcək, əzab-əziyyət çəkəcəyik. Özümüzü, ətrafımızı, ailəmizi qorumaq üçün vaskin vurdurmalıyıq.
- Bildiyiniz kimi, süd verən analara və alergiyası olan şəxslərə vaksin vurdurmaq olmaz. Dünyada az sayda olsa, vaksinin əks təsirindən ölən insanlar var. Azərbaycanda da həkimlərin insanları yoxlamadan vaksin vurduqları ilə bağlı şikayətlər var. Ancaq TƏBİB bütün xəstəxanalarda nəzarət olduğunu deyir. Sizcə, TƏBİB harda səhv edir ki, belə məsuliyyətsizliklər ortaya çıxır?
- Bu məsələ çox böyük problemdir. Artıq bununla bağlı addımlar atılmağa başlanılıb. Siyahı düzəldilib, bununla bağlı araşdırmalar aparılır, həmin insanlara xüsusi sertifikat veriləcək. Bu məsələlər haqqında ekspertlər, aidiyyati qurumlar səviyyəsində ciddi müzakirələr olunmalıdır. Mən bu sahəni bilmirəm, ona görə də bununla bağlı ancaq tövsiyyə xarakterli bildiyimi deyə bilərəm. Onu deyə bilərəm ki, dövlətin müxtəlif aidiyyati qurumları birləşib bununla bağlı qərar qəbul etməlidir. Bu qərarın qəbul olunması üçün də vaxt gecikib. Bu, çoxdan olunmalı idi. Vaksin vurulması təhlükəli olan bəzi insanlara vurulub artıq. O adam ona görə vurdurub ki, təki məni tutmasınlar, işdən çıxarmasınlar, xaricə gedə bilim. Axı bunu əvvəlcədən etmək lazım idi. Niyə etmədilər? Niyə insanların həyatı təhlükəyə girməlidir? Nə vaxtsa indi bunlar düşünəcəklər ki, nə deyirsiz, indi edək? Belə yanaşmamı olar?! İnsan taleyi qiymətlidir. Bir insan yaratmaq olarmı? Allah təala bu insanları yaradıb, gərək sən öz həyatını və cavabdehliyini daşıdığın insanların həyatını qoruyasan. Dövlət, cəmiyyət nə üçündür?! Onu tənzimləməli olan orqanlar tənzimləyə bilmirsə, niyə orda oturublar?! Belə hallar cəmiyyətdə ciddi suallar yaradır.
Aytac Aslan
















