• Bakı 21° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Strateji əməkdaşlıq: Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri güclənir

SİYASƏT

17 Iyul 2025 | 12:01

Strateji əməkdaşlıq: Azərbaycan-Türkmənistan iqtisadi əlaqələri güclənir

Azərbaycan ilə Türkmənistan arasında münasibətlər tarixən qarşılıqlı hörmət, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanıb. Bu dostluq münasibətləri son illərdə yeni dinamika qazanaraq, xüsusilə iqtisadi əməkdaşlıq sahəsində konkret nəticələrlə müşayiət olunmaqdadır. İki ölkə arasında ticarət, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq platformalarının genişləndirilməsi, qarşılıqlı siyasi iradənin və strateji baxışın məhsuludur. Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iyulun 17-də baş tutan görüşü bu baxımdan xüsusi önəm daşıyır. Görüş, təkcə ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyətinə qiymət verilməsi deyil, həm də gələcəyə yönəlmiş praktiki addımların müzakirəsi baxımından əhəmiyyətli bir mərhələ kimi qiymətləndirilir.

Milli Məclisin deputatı Naqif Həmzəyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu görüş hər iki ölkə üçün əməkdaşlığın dərinləşdirilməsində yeni imkanlar yaradır:

“İqtisadi tərəfdaşlıq artıq rəqəmlərlə də özünü göstərir. 2024-cü ildə ticarət dövriyyəsi 400 milyon dollara yaxın olub. Lakin 2025-ci ilin ilk altı ayı müəyyən geriləmə ilə yadda qalıb. Bu isə deməyə əsas verir ki, bəzi sektorlarda əlavə təşəbbüslərə ehtiyac var".

Deputatın sözlərinə görə, prioritet istiqamətlər sırasında enerji, nəqliyyat, sənaye və kənd təsərrüfatı sahələri ön plana çıxır. İki ölkə arasında qaz mübadiləsinin genişləndirilməsi, birbaşa nəqliyyat əlaqələrinin yaradılması, eyni zamanda, hüquqi-inzibati bazanın təkmilləşdirilməsi və özəl sektorun aktiv iştirakı diqqət mərkəzindədir.

Naqif Həmzəyev əlavə edib ki, müntəzəm biznes forumları təşkil etməklə iki ölkənin sahibkarları arasında birbaşa əməkdaşlıq mühiti yaradılmalıdır.

Naqif Həmzəyev, Milli Məclisin deputatı

Görüş zamanı Qurbanqulu Berdiməhəmmədovun səsləndirdiyi “bu səfər əməkdaşlığın uzunmüddətli strategiyasının tərkib hissəsidir” fikri isə qarşıdakı dövr üçün planlaşdırılan proseslərin sistemli şəkildə aparılacağını göstərir.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin “gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparacağıq” bəyanatı isə praktiki və davamlı iqtisadi layihələrin masada olduğunu ortaya qoyur:

"Bütün bunlar onu göstərir ki, Azərbaycan və Türkmənistan münasibətləri artıq diplomatik çərçivəni aşaraq, real iqtisadi əməkdaşlıq mərhələsinə qədəm qoyur".

Parlament üzvü onu da əlavə edib ki, Azərbaycan və Türkmənistan arasında iqtisadi əlaqələrin inkişafı son illər ərzində ardıcıl şəkildə güclənir:

"Yüksək səviyyəli dialoq zamanı tərəflər iqtisadi əməkdaşlığın indiki vəziyyətini təhlil edib, gələcək üçün konkret planlar üzərində fikir mübadiləsi aparıblar. Görüşün əsas mesajı aydındır: mövcud potensialdan daha səmərəli istifadə olunmalı, bəzi sahələrdəki durğunluq isə yeni yanaşmalar hesabına aradan qaldırılmalıdır".

Əli Hüseynov


SON XƏBƏRLƏR