• Bakı 25° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Avropa Parlamentinin bəyanatı: Sülh prosesinə kölgə salan mövqe

SİYASƏT

15 Avqust 2025 | 20:35

Avropa Parlamentinin bəyanatı: Sülh prosesinə kölgə salan mövqe

Avropa Parlamenti Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanmış sülh razılaşmasından sonra qəbul etdiyi bəyanatda Bakıya qarşı yenidən qərəzli ittihamlar irəli sürüb.

Sənəddə guya Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması, “erməni əsirləri”nin azad edilməsi və Qarabağdan köçmüş ermənilərin geri qaytarılması tələbləri yer alıb.

Bu bəyanatın məzmunu sülh prosesinin yaratdığı müsbət diplomatik fonla ziddiyyət təşkil edir və mövcud faktlarla uyğun gəlmir. Ermənistan ərazisində Azərbaycan hərbi kontingentinin olmadığı, hərbi əsir statusunda olanların isə əməliyyatlar bitdikdən sonra qaytarıldığı, hazırda mühakimə olunan şəxslərin beynəlxalq hüquqa görə hərbi cinayətkar kateqoriyasına daxil olduğu məlumdur.

Avropa Parlamentinin belə mövqeyi uzun illərdir qurum daxilində aktiv fəaliyyət göstərən erməni lobbisinin təsirinin davam etdiyini göstərir. Münaqişə dövründə separatçı qüvvələrə siyasi legitimlik qazandırmaq üçün qəbul edilən qərəzli sənədlər indi də eyni məqsədlə sülh prosesinin legitimliyini sual altına almaq üçün istifadə olunur. Bu, tərəflər arasında etimadın zədələnməsi və prosesin qarşısının alınması riskini artırır.

Diqqətçəkən məqam odur ki, Avropa Parlamentindəki bu ritorika Rusiya və İranın bölgədəki siyasi mövqeyi ilə üst-üstə düşür. Hər iki dövlət Vaşinqton razılaşmasının uğurla nəticələnməsinin qarşısını almağa çalışır, çünki bu, Cənubi Qafqazda ABŞ və Avropa İttifaqının diplomatik təsirini gücləndirəcək. Avropa Parlamentində bəzi qüvvələrin bu xəttə uyğun çıxış etməsi faktiki olaraq həmin dövlətlərin regional strategiyasına xidmət edir.

Ümumilikdə, belə bir mövqe Avropa Parlamentinin regiondakı vasitəçilik rolunu daha da zəiflədə, həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlıq perspektivlərinə mənfi təsir göstərə bilər.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR